AXCP sədrinin həbsdə olan müavini Gözəl Bayramlı onun işi üzrə məhkəmənin keçirildiyi iclas zalına tanımadığı adamların gətirilib oturacaqların doldurulmasına, nəticədə prosesi izləməyə gəlmiş ictimai-siyasi fəalların bir çoxunun kənarda qalmasına etiraz edib. G.Bayramlı dekabrın 26-da Qazax Rayon Məhkəməsində onun işinə baxan hakim Ağarza Səmədova bununla bağlı iradını bildirib.
«Onsuz da istədiklərini eləyiblər, daha yad adamları zala doldurmağın adı nədir? Nə məqsədiniz var?», – G.Bayramlı belə deyib.
Hakim söz verib ki, növbəti məhkəmə iclasında bu məsələ nəzərə alınacaq.
Ardınca Tovuz Gömrük İdarəsinin təhqiqatçısı Həsən Mahmudov şahid qismində dindirilib. Deyib ki, hadisə günü qaçaqmalçılığa görə bir xanımın saxlanması haqda xəbər gəlib. O da hadisə yerinə gedib, həmin xanımın çantasındakı əşyaların sənədləşdirilməsində iştirak edib. Şahid vəkilin suallarına cavab olaraq deyib ki, pulun G.Bayramlının çantasından çıxdığını eşidib, amma öz gözü ilə pul görməyib.
G.Bayramlı isə deyib ki, ümumiyyətlə, bu adamı orada görməyib:
«Siz dövlət məmurusunuz, niyə yalan danışırsınız? Mən bu adamların heç birini orada görməmişəm…».
Tovuz Gömrük İdarəsinin əməkdaşı olan daha bir şahid – Fəxri Əlizadə məhkəməyə gəlməyib, teleqram göndərib ki, xəstədir. Prokuror onun istintaqa ifadəsini elan etməklə kifayətlənməyi və məhkəmə istintaqını yekunlaşdırmağı təklif edib. Amma G.Bayramlı da, vəkili Elçin Sadıqov da şahidin məhkəməyə çağrılıb dindirilməsində israr ediblər. Məhkəmə həmin şahidin məcburi gətirilməsi haqda qərar çıxarıb.
G.Bayramlının məhkəməsi yanvarın 4-də davam edəcək.
Oxunub: 640