Türkiyə prezidenti Recep Tayyip Erdogan ölkəsinin Avropayla münasibətlərini qaydasına salmaq istəyir. Ötən il ikitərəfli münasibətlərdən ötrü keşməkeşli olub, Erdogan avropalı liderləri nasist davranışında suçlayıb.
Bu gün – yanvarın 5-də Erdogan Parisdə fransalı həmkarı Emmanuel Macron-la danışıqlar aparacaq. Xarici işlər naziri Mevlut Cavusoglu isə şənbə günü Almaniyada həmkarı Sigmar Gabriel-lə görüşəcək.
“The Associated Press” agentliyi yada salır ki, bircə həftə öncə Erdogan Türkiyənin bir neçə Avropa ölkələriylə münasibətləri düzəldə biləcəyinə ümidini bildirib. Erdogan-ın sözlərinə görə, ölkəsi “düşmənlərinin sayını azaltmalı, dostlarını çoxaltmalıdır”.
“ƏMƏKDAŞLIĞA MƏHKUMDURLAR”
Türkiyənin AB üzvlüyü danışıqlarının dayanması üzündən Ankaranın Avropa ölkələriylə münasibətləri onsuz da aşağı səviyyədə idi. Ötən il bir sıra ölkələr Türkiyə nazirlərinə siyasi yürüşlər keçirməyə, Erdogan-ın səlahiyyətlətini genişləndirmiş referendumla bağlı tərəfdar toplamağa icazə vermədi. Bundan sonra Erdogan müttəfiqlərini təhqir etdi, Avropa rəsmilərini irqçilikdə, terrorçulara sığınacaq verməkdə, nasistlər kimi davranmaqda suçladı.
Avropa ölkələri isə Türkiyədə insan haqları və demokratik qurumların durumunun pisləşməsindən narahatdır. Bu tendensiya 2016-cı ilin uğursuz çevriliş cəhdindən sonra güclənib. 50 mindən çox adam həbs olunub, 110 min nəfər dövlət qulluğundan kənarlaşdırılıb.
Türkiyə də öz növbəsində AB ölkələrini ittiham edir ki, ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gulen hərəkatıyla mübarizəsini dəstəkləmir. Gulen çevriliş cəhdində rolu olmadığını deyir.
“Türkiyə və Avropa ölkələri hətta bir-birinə nifrət etsələr belə, bir çox məsələlərdə əməkdaşlığa məhkum olduqlarını anlayırlar”, – Türkiyədən xarici siyasət üzrə təhlilçi Semih Idiz deyir. Amma o, əlaqələrin bərpasının elə də asan iş olmadığını sözlərinə əlavə edir.
Türkiyə bir neçə Almaniya və türk-alman vətəndaşlığı olan şəxsləri həbs edib. Bu səbəbdən Berlin Erdogan-ın Avropayla münasibətləri yaxşılaşdırmaqla bağlı dediklərinə ehtiyatla yanaşıb, həbsdə olan alman vətəndaşlarının məsələsini vurğulayıb.
ERDOGAN NİKBİNDİR
Ancaq Erdogan daha nikbin görünür. Ötən ay Türkiyənən “Hurriyet” qəzetinə müsahibəsində Almaniya, Niderland və Belçika liderlərini “köhnə dostlar” adlandırıb. “Onlar Qüds məsələsində bizi tək qoymadılar”, – o deyib. Qeyd edək ki, ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarını Türkiyə, bir çox ölkələr pisləyib.
Parisdə Erdogan Macron-la Türkiyə-AB münasibətlərini, eləcə də Fələstin məsələsini, Suriya və İraq münaqişələrini müzakirə edəcək. Açıqlamanı Erdogan-ın sözçüsü Ibrahim Kalin verib.
Cavusoglu isə Almaniyanın mərkəzindəki Qoslar şəhərində Gabriel-lə görüşməlidir. Görüşün ayrıntıları açıqlanmasa da, Cavusoglu bu görüşün münasibətlərin bərpası cəhdi çərçivəsində keçirildiyini deyib. Nazirlər ötən ilin sonuna Cavusoglu-nun doğma şəhəri Antalyada görüşmüşdülər.
Agentlik qeyd edir ki, Türkiyə Avropayla münasibətləri yaxşılaşdırmağa çalışdığı bir dönəmdə Vaşinqtonla bir çox məsələlərdə ziddiyyətlər yaşayır.
“Avropayla münasibətlər pisləşəndə Türkiyə Birləşmiş Ştatlara tərəf əyilir. Bu dəfəsə ABŞ-la əlaqələr aşağı səviyyədədir, onda da Avropaya tərəf gedir”, – Idiz belə deyir.
Oxunub: 218