Birləşmiş Ştatlar İranda etiraz edənlərə dəstək səsini bir qədər də ucaldıb, hərçənd Qərb agentlikləri belə görünür ki, Tehran küçələrindəki ağır polis patrulu ilə bağlı nümayişlərdə durğunluğun yarandığını xəbər verir.
ABŞ Dövlət Departamentinin yanvarın 4-də verilmiş bəyanatında deyilir ki, Vaşinqton son günlərdə İranda “etirazçıların ölüm və həbslərini ən qətiyyətli şəkildə pisləyir” və nümayişçilərə qarşı zorakılıqlara görə məsul olan hökumət və təhlükəsizlik rəsmilərinin cəzalandırılacağını bildirir.
Bəyanatda deyilir: “Biz İran xalqının qanuni istəklərini dəstəkləyir və hökuməti ideya və informasiyaların azad mübadiləsinə imkan yaratmağa çağırırıq. Biz etirazçılara qarşı zorakılıq törədənləri, senzura quranları və İran xalqından oğurluq edənləri məsuliyyətə cəlb edəcək qüdrətə malikik. Rejimin qurbanlarına isə deyirik: Sizlər unudulmayacaqsınız”.
Sosial mediada az da olsa yayılan videolarda İranın müxtəlif yerlərində etirazların davam etdiyi iddia olunur, lakin bu xəbərləri başqa mənbələrlə təsdiqləmək mümkün deyil.
Bu arada ABŞ-ın BMT-dəki missiyası yanvarın 5-də Qrinviç vaxtı ilə saat 20.00-də (Bakı vaxtı ilə gecəyarısı) Təhlükəsizlik Şurasının İrandakı vəziyyətlə bağlı təcili iclasını çağırıb.
***
Hökumət sosial media saytlarını bloklamaqla etirazlar barədə informasiyanın yayılmasını əngəlləyir. Bu səbəbdən yanvarın 4-də nümayişlərə əvvəlki altı gündən daha az adamın qatılıb-qatılmadığını müəyyənləşdirmək çətindir.
Tehrandan, Kazerun, Malayer, Novşəhr və digər şəhərlərdən yayılan videolarda ölkə rəhbərliyinə qarşı yürüşlərin davam etdiyi görünür. Ancaq AzadlıqRadiosu (RFE/RL) bu videoların tarixini və həqiqiliyini müəyyənləşdirə bilməyib.
İranlı Nobel Sülh mükafatı laureatı Shirin Ebadi həmvətənlərini ümummilli etirazları davam etdirməyə çağırıb. Onun müsahibəsi yanvarın 4-də Səudiyyədə çıxan “Asharq Al-Awsat” qəzetində dərc olunub.
“Əgər hökumət 38 ildir sizə qulaq asmırsa, sizin də rolunuz hökumətin sizə dediyini gözardı etməkdir”, – Londonda yaşayan insan haqları müdafiəçisi deyib. Abadi Nobel mükafatını 2003-cü ildə alıb.
***
Tehranın ABŞ-dakı səfiri Birləşmiş Ştatları İranın daxili işlərinə qarışmaqda suçlayıb. Qeyd edək ki, bundan öncə ABŞ prezidenti Donald Trump “uyğun zamanda” antihökumət etirazlarını dəstəkləməkdən danışmışdı.
İran-ın BMT-dəki səfiri Gholamali Khoshroo yanvarın 3-də axşam BMT-nin Təhlükəsizlik Şurasına məktubunda yazıb ki, ABŞ hökuməti “sporadik etirazlara dəstək göstərmək bəhanəsiylə İranın daxili işlərinə qəribə şəkildə müdaxilə cəhdlərini artırıb”.
Khoshroo deyib ki, Birləşmiş Ştatlar bununla beynəlxalq hüququ və BMT xartiyasının prinsiplərimi pozub və digər ölkələri Vaşinqtonun bəyanatlarını pisləməyə çağırıb.
*** Buna da bax: ABŞ İrana qarşı yeni sanksiyalara baxıldığını deyir
“İRANLILARI POZUCU HƏRƏKƏTLƏRƏ TƏHRİK EDİBLƏR”
“Birləşmiş Ştatların prezidenti və vitse-prezidenti saysız absurd tvitlərlə iranlıları pozucu hərəkətlərə təhrik edib”, – Khoshroo təhlükəsizlik şurasına və BMT-nin baş katibi Antonio Guterres-ə məktubunda yazıb.
“ABŞ Dövlət Departamenti çox uzağa gedərək etiraf edib ki, ABŞ hökuməti etirazçıları hökumətlərini dəyişməyə həvəsləndirmək istəyir, ABŞ Facebook və Twitter vasitəsiylə İranın daxili işlərinə müdaxiləylə məşğuldur”, – səfir vurğulayıb.
Bu məktubdan öncə Trump iranlıların hökumətlərini “geri alınmasında” onlara yardım vəd edib, Ağ evsə nümayişçilərə qarşı hücumlarda əli olanlara sanksiyalar qoymağı nəzərdən keçirib.
Dekabrın 28-dən İranın bir neçə şəhərində antihökumət etirazçıları küçələrə çıxıb. Onlar ilkin olaraq yumurta və toyuq ətinin bahalanmasına etiraz etsələr də, tezliklə hökumətə qarşı şüarlar səsləndirilməyə başlayıb.
İndiyədək etirazlarda azı 22 nəfərin öldürüldüyü, yüzlərlə adamın saxlandığı xəbər verilir.
Yanvarın 3-də isə on minlərlə hökumət tərəfdarı küçələrə çıxaraq ali dini liderə dəstək şüarları qaldırıblar.
Oxunub: 458