Keçmiş səhiyyə naziri Əli İnsanovun 11 illik cəzasının başa çatmasına haqqında açılan yeni cinayət işi və nəticədə daha 7 il azadlıqdan məhrum edilməsi ilə bağlı şikayətə yanvarın 16-da Ali Məhkəmədə baxılacaq. Əli İnsanovun məhkəməsi hakim Fərhad Kərimovun sədrliyi ilə keçiriləcək.
Əli İnsanovun vəkili Toğrul Babayev bu haqda məlumat verərək bildirib ki, keçmiş nazirin kassasiya şikayətinə onun özünün iştirakı olmadan baxılacaq. Çünki Əli İnsanov özü məhkəmədə iştirak eləmək istəmir.
Qeyd edək ki, daha 7 il azadlıqdan məhrum edilməsi haqda Qaradağ Rayon Məhkəməsinin hökmündən verilən apellyasiya şikayətinə baxılarkən də Əli İnsanov məhkəmədə iştirak etməmişdi. Keçmiş nazir Bakı Apellyasiya Məhkəməsinə ərizə göndərib, məhkəmədə iştirakdan imtina etdiyini yazmışdı.
Əli İnsanovun bu kassasiya şikayətinə bundan öncə noyabrın 14-də baxılmışdı. Daha doğrusu, məhkəmə başlasa da, prokurorun istəyi ilə təxirə salınmışdı. Prokuror demişdi ki. Iş materialları ilə tanış ola bilməyib.
Ardınca Ə.İnsanov bildirmişdi ki, Ali Məhkəmə məqsədli şəkildə onun şikayətinə baxılmasını yubadır. Məqsəd isə bu işin Avropa Məhkəməsinə getməsinin qarşısını almaqdır.
Əli İnsanov 2005-ci il oktyabrın 19-dan həbsdədir. O, vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və s. ittihamlarla 11 il azadlıqdan məhrum edilib. Bu cəzanın bitməsinə 56 gün qalmış onun haqqında yeni cinayət işi başlanıb. İddia olunur ki, Əli İnsanovun əşyalarının arasından psixotrop tərkibli dərmanlar tapılıb, sabiq nazir Penitensiar Xidmətin mayor rütbəli əməkdaşını döyüb, əlindəki protokolu alıb cırıb, ona kəllə-beyin travması yetirib və s. Əli İnsanov ittihamda yazılanların yalan olduğunu, həbsdən buraxılmaması üçün belə saxta ittihamlarla cinayət işi quraşdırıldığını deyir. Onun fikrincə, bütün bunlar birbaşa dövlət başçısı İlham Əliyevin göstərişi ilə həyata keçirilir.
Azadliq.info
Oxunub: 414