Yanvarın sonunda Bakıda Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov ilə NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrini baş komandanı Kertis Skaparottinin görüşü planlaşdırılıb.
Bu barədə BuzzFeed nəşri Amerika və Avropadakı mənbələrə istinadən məlumat yayıb.
NATO nümayəndəsi Azərbaycanda keçiriləcək görüşlə bağlı məlumatı nə təsdiq, nə də təkzib edib. O bildirib ki, “tədricən istənlən qarşılıqlı fəaliyyət barədə açıqlama veriləcək”.
Mənbə qeyd edib ki, K.Skaparotti və V.Gerasimov telefonla danışıblar və “hərbi kommunikasiyanın dəstəklənməsi ilə bağlı qarşılıqlı maraq” nümayiş etdiriblər.
Krım Rusiyaya birləşdirildikdən sonra Rusiya və NATO arasında hərbi əlaqələr dondurulmuşdu. Belə ki, K.Skaparottidən öncə NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Filip Bridlavın zamanında belə görüş olmayıb. O 2013-cü ilin mayından 2016-cı ilin mayınadək bu postda olub.
“Mənə danışmaq qadağan edilmişdi”, – F.Bridlav BuzzFeed-ə bildirib.
Hələlik Rusiya tərəfdən rəsmi şərhlər yoxdur.
Rusiya və NATO arasında hərbi əlaqələrin bərpası 2017-ci ilin martında baş tutub. O zaman V.Gerasimov NATO Hərbi Komitəsinin rəisi Pyotr Pavel ilə telefonla danışıb. Sentyabrın 7-də isə Bakıda onların görüşü olub. O zaman bu görüş qapalı keçirilib.
Oxunub: 150