Ermənistanda da son bir ildə 59 hərbi qulluqçu ölüb
2017-ci ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda ən azı 59 hərbi qulluqçu vəfat edib. Dünyasını dəyişənlərin 19 nəfəri döyüş, 40 nəfəri isə qeyri-döyüş itkisidir.
“Xəzər” Hərbi Tədqiqatlar İnstitutu kütləvi və elektron informasiya vasitələrinə istinadən məlumat yayıb.
Ümumilikdə 17 hərbi qulluqçu yaralanıb
Məlumatda qeyd edilir ki, Silahlı Qüvvələrin 19 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub. Bundan başqa, 4 hərbçi xəstəlik nəticəsində, 5 nəfərin intihar etdiyi, 5 nəfərin isə bədbəxt hadisədən (qar uçqunu, tank, ağac altında qalma və s.) öldüyü bildirilir. 13 nəfər naməlum hadisə səbəbindən, 8 nəfərsə əsgər yoldaşının açdığı atəş nəticəsində ölüb. 4 nəfər avto-qəzadan, 1 nəfərsə xilasetmə tədbirləri nəticəsində həyatını itirib.
Ölənlərin 16 nəfəri müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu, 31-i əsgər, 3-ü gizir, 9-u isə zabit olub. Dünyadan köçənlərin 52 nəfəri Müdafiə Nazirliyinin, 5-i Dövlət Sərhəd Xidmətinin, 1-i Fövqəladə Hallar Nazirliyinin, 1-i isə Daxili Qoşunların hərbi qulluqçuları olub.
Ötən dövrdə ümumilikdə 17 hərbi qulluqçu yaralanıb (və ya xəsarət alıb). 4 hərbçi erməni gülləsindən yaralanıb, 5 hərbçi isə avto-qəza nəticəsində xəsarət alıb. 4 nəfər xilasetmə əməliyyatları çərçivəsində xəsarət alıb, 1 nəfər intihara cəhd edib. 3 nəfərin xəsarət almasının səbəbələri açıqlanmır.
Həyatını itirən hərbçilərdən azı 4 nəfərinin adı “Cəsus qalmaqalı” ilə bağlıdır, onlar barədə sosial şəbəkələrdə və eyni zamanda online mediada məlumat yayılıb.
Oxunub: 104