İsveçrəli tanınmış alim, unikal üsullarla müalicə aparan həkim Ralf Oettmeir dekabr ayında Bakıda müayinə, müalicə və seminarlar keçirib.
Məşhur mütəxəssislə müsahibəni təqdim edir:
– Həkim, seminarlarınızdan məlum oldu ki, siz öz təcrübənizdə çox böyük uğurla hətta xərçəng xəstələrini də müalicə etmisiz. Xəstəliklərin səbəbini araşdırıb üzə çıxarmaq üzrə sanki bir həkim detektivsiz. İnsan niyə xəstələnir, niyə sağalmır və həkimlər niyə bəzən çarəsiz qalır?
– Mənim təcrübəmə görə, çox zaman müalicənin düzgün olmamasında xəstə günahkar olur. Çünki o lap başdan, ilk gəlişində həkimə və özünə qarşı dürüst olmayıb. Məhz nədən sonra, nə zaman xəstələndiyini dəqiq demir. Əksər hallarda insan özü yaxşı bilir ki, həyatının hansı dönəmində, hansı səbəb və hadisədən sonra xəstələndi: ağır qəzamı oldu, travmamı yaşadı, əzizinimi itirdi və s. Məsələn, bu gün qəbul etdiyim bir xəstənin 20 ildir beli ağrıyır, MRT olundu, belində yırtıq var. 20 ildir müalicələr effekt vermir. Pasiyentdən soruşdum: 20 il əvvəl nə baş vermişdi ki, belin ağrıdı? Düşündü, məlum oldu ki, 20 il əvvəl qardaşını itirib. Və o hadisədən keçirdiyi dərin emosional sarsıntıdan beldə ağrılar başlayıb. Bu pasiyentin ruhu xəstələnib. Buna biz “Psixoemosional zəhərlənmə” deyirik. Bu mövzu çox genişdir, kateroqriyaları çoxdur, müalicədə uyğunlaşdırılmalıdır.
Bu anlayış qədim dövrlərdən var: istər Çin, istər ərəb, istər Avropa təbabətində. Əgər ruhun xəstəliyini sağaltsaz, digər fiziki xəstəliklərin səbəbini bilib, müalicə edəcəksiz.
– Tutaq ki, kimsə ağır itki yaşadı, qorxdu, stress keçirdi, onun daxili orqan və toxumalara təsiri necə baş verir?
– İnsan bədənində əzələ, vətər, orqan, toxumaların quruluşuna diqqət yetirəndə, orda müəyyən qatlarda antenə bənzər kiçik strukturlar görürük. Bu antenlər bədənin hər yerində, hətta beynimizdə də var. Onlar emosional informasiyanı qəbul edib ötürür. Bu antenlərin işinə ətrafdan təsir edən faktorlar çoxdur: ailə, iş, ətraf mühit, stress, qorxu. Həmçinin elektromaqnit təsirlər: telefon, kompüter, elektrik və s. Bu quruluşda olan ikinci struktur bizim DNH-mızdır. Ona da emosiyalar təsir edir.
Çox vaxt bu mikroantenlərin əyilməsi, qırılması baş verir – onda informasiya mübadiləsi pozulur. Bununla da bütün vegetativ sinir sistemi və bir çox orqanların fəaliyyəti sıradan çıxır. Antenləri nə əyir, nə pozur: çoxsaylı xarici və daxili konfliktlər, insanın öz-özü ilə konflikti. Şüuraltı konfliktlər, hansı ki, illərlə insanı tərk etmir. Həkim bu antenlərin sıradan çıxdığını necə tuta bilər? Pasiyentə 20 il, 7 il öncə nə baş vermişdi ki, belə xəstələndin sualını verəndə, pasiyent qızarırsa, həyəcanlanırsa, ağlayırsa, biz artıq bilirik ki, pasiyentin şüuraltında hansısa konflikt saxlanılır. Bunu tapsaq, əmin ola bilərik ki, düzgün nöqtədəyik. Tarixən müdrik həkimlər olub ki, xəstənin ruhunu üzə çıxarıb, ruhun xəstəliyini tapıb və ondan sonra xəstəni sağalda bilib. Müasir həkimlər də buna cəhd etməli və hər bir pasiyentində tətbiq etməlidir.
– Deməli, siz də bu antenlərin düzəldiməsi ilə, yəni ruhun müalicəsi ilə pasiyenti sağaltmağa başlayırsız…
– Bəli, ilk növbədə xəstədə zəhərlənmənin dərəcəsini, miqdarını ölçmək lazımdır. Anten strukturları metallarla yüklənəndə də formasını dəyişir, bioloji baxımdan yumşaq olsa da bərkiyir, metal antenə çevrilir. Belə pasiyentlərdə eletromaqnit dalğalarına qarşı həssaslıq başlayır. Çünki o dalğaları metallaşmış antenlər özünə çəkir. Pasiyent də, həkim də səbəbi bilmir. Anten strukturu, sinir hüceyrələri və limfa sistemdə blok, tıxaclanma varsa, toxumalarda hüceyrə mübadiləsi zəifləyir. Ona görə də ilk növbədə detoksikasiya aparılmalıdır. Həmçinin vegetativ sinir sisteminin analizi, 24 saatlıq ürək ritmi izlənməlidir.
İnsana ailə, təhsil, iş, genetika, əxlaq, kosmos, yaşadığı ev, yer, travma, emosiyalar, önyarqılar, cəmiyyət təsir edir.
Əsas konfliktlərin orqanlarda ağır xəstəliklər və xərçəng yaratmasına misallar:
Yoğun bağırsaqda – həzm olunmamış qəzəb – kiminsə haqsız olaraq günahlandırılması
Yumurtalıq və prostatda – ağır itki konflikti – ailə üzvləri, sevgili, dost, ev heyvanı
Qaraciyər – qəzəb, mövcudluq qorxusu, açıq konflikt – əldən verilmiş fürsətlər, işi itirməklə bağlı qəzəb, qorxu, gizli kin
Böyrəklər – hər şeyi itirmək qorxusu, başqasına quyu qazmaq, özünü yanmış kimi hiss etmək, qısqanclıq – borclar, kreditləri ödəyə bilməmək, müflisləşmə
Ağciyərlər – ölüm qorxusu, kimsə məni boğur fikri, başqalarının düşüncələrini, hadisələrini çox düşünüb qorxmaq.
Mən xəstələrə dərmandan əlavə, ev tapşırıqları verirəm. Bu, müsbət fikirli cümlələrin – affirmasiyaların tez-tez təkrarlanmasıdır. Məsələn, mədə xəstələrində nifrət, dərd, zəif iradə, daxili boşluq, vəsvəsə, özünü çox şeylərdən məhrum etmə hissləri çox olur. Onlara evdə mədənin üzərinə əlini qoyaraq bu sözləri uzun müddət təkrar etməyi tapşırırıq: “Mən razıyam”, “Mən sakitəm”, “Mən həyata “Hə” deyirəm”. Bu sözləri o vaxta qədər deməlidir ki, əlin altında həmin nahiyədə istilik hiss olunsun. İstilik oldusa, deməli, bu fikirlər mədəyə və antenlərə çatdı. Onların cavabı belə olacaq: Anladıq, sən sakitsən, sən razısan. Problem yoxdur.
Bədənlə ruh arasında daim informasiya mübadiləsi gedir. Dünyada hər şey İNFORMASİYA üzərində qurulub. Bu söz bütün dillərdə eynidir. İnformasiya vasitəsilə forma yaranır, nəsə reallaşır. İnformasiya mübadiləsi düzgün olmazsa, orqanizmdə pozuntular qaçılmazdır, xəstəliklər, şişlər yaranacaq.
– Xərçəng xəstələrini də bu üsulla sağaldırsız?
– Mənim bir məşhur pasiyentim var idi, pankreatis – mədəaltı vəz xərçəngindən əziyyət çəkirdi. O istəmirdi kimyəvi terapiya alsın, bioloji təbabəti seçdi. Mən ona mikroskop altında öz qanını göstərdim. Qanın qaranlıq sahəli analizində görünür ki, hüceyrələr necə hərəkət edir, xəstə hüceyrələrə qarşı digər hüceyrələr necə hücuma keçir, onu məhv etməyə çalışır. Tanrı bizim orqanizmimizi elə möhtəşəm yaradıb ki, bizim xəbərimiz olmadan, biz istəməsək belə, hüceyrələrimiz xilasımız üçün çalışır. Bu insana böyük inam və güc verir. Ona görə həkimlərə deyirəm ki, xəstələrə qanı mikroskop altında göstərsinlər. Bu pasiyentimdə elə böyük inam, güc yaratdı ki, müalicəsi uğurla keçdi. Sonradan o bütün bunlara bir kitab həsr etdi. İnsan elə düşünür ki, xərşəngdirsə artıq ölməlidir. Əslində, xərçəng də bütün digər xəstəliklər kimidir, onu sağaltmaq olur. Bizim immun hüceyrələrimiz bizi sağaldacaq gücə malikdir, onlar mübarizdir. Allaha inam, güvən, özünə güvən – onları bu mübarizədə daha da güclü edir. İnsan Yaradanın ən möhtəşəm əsəridir.
İnsanı bit noutbuk kimi təsəvvür edin. Biz təkcə sərt diskdən ibarət deyilik. Bizim də proqramımız, yaddaşımız, enerji tələbatımız var. Kompüter enerji olmadan işləyirmi, yox. Sərt diski, yəni orqan və bədəni düzəltməklə insan sağalmaz. Proqram təminatı – psixologiya vacibdir. Enerji – yaşam enerjisi vacibdir. Buna müxtəlif sivilizasiyalarda müxtəlif adlar deyirlər: Çində İn Yan, Hind fəlsəfəsində Çakralar, Avropada yaşam enerjisi. Sizdə Azərbaycanda belə bir söz varmı? Əgər enerji yaxşı, müsbət olarsa, orqanizm yaxşı işləyəcək. Enerjini bir sözlə dəyişmək olar, cəmi bir sözlə. Ona görə əsl həkim pasiyenti xoş qarşılayıb, sözlə enerjisini dəyişməyi bacarmalıdır. Düzgün müalicədə əsas şərt psixoloji və energetik təsirdir. İnsanı inandırmalısan. Xəstə həkimə inandısa, müalicə uğurlu olacaq.
– Seminarda dediz ki, insan normal olaraq 122 il yaşaya, qocalmaya bilər. Bəs niyə müasir insanlar heç 70-ə çatmır? Səhvimiz nədədir?
– Hər şey hüceyrə membranının sağlamlığından, hüceyrələr arası mübadilədən qaynaqlanır. Hər hüceyrə 66% sudur, hüceyrələr arası maddə də sudan ibarətdir.
Bioloji sübut olunub ki, birhüceyrəlilər sonsuza kimi yaşayır, ölümsüzdür.. Bir alim keçən əsrdə maraqlı təcrübə aparıb: birhüceyrəli infuzor tərliyi kiçik akvariumda təmiz saman suyunda saxlayır, hər gün bu suyu yeniləyir. Tərlik bu suda 3029-cü nəslə kimi bölündü, çoxaldı, amma ölmədi. 5 il ərzində aparılan bu təcrübədən sonra o alim başqa akvarium ayırıb, orda suyu 1 həftədən bir dəyişdi. Infuzor tərliyin öz ifrazı ora qarışdı. Getdikcə orda daha çox ölü hüceyrə yarandı və intoksikasiya baş verdi. Insan da hüceyrədən ibarətdir. Bu tədqiqatla sübut olundu ki, əgər bizim də hüceyrələrimiz hər gün təzə və təmiz su ilə normasında təmin olunsaydı, onlar qocalmazdı, ölümsüz olardı. İnsanı məhv edən öz intoksikasiyadır, öz içimizdə yaratdığımız zəhərlərdir. Əgər insanlıq nə vaxtsa tamam məhv olsa, bilin ki, öz zəhərimizlə baş verəcək. İnsan normal halda 122 il yaşaya bilər. Hüceyrələrin sağlam və uzunömürlü olması üçün təmiz su lazımdır. Həyat sudur. Hüceyrələrin ətrafında da təmiz su olmalıdır. Su bədənimizin bütün toxumaları daim regenerasiya edir. Qırmızı qan hüceyrəsi 3 aya dəyişir. Bizim bütün sümüklərimiz 7-8 il ərzində 1 dəfə yenilənir. Yalnız beyin, ürək əzələsi ömür boyu yenilənmir.
– Qəbul etdiyimiz qidalar da bizdə xəstəliklər yaradır. Bəs qidadan zəhərləndiyimizi necə bilək?
– İstənilən xəstə müayinə zamanı qida həssaslığına, xüsusən qlütenə qarşı yoxlanmalıdır. Bir pasiyentim var idi, uzun müddət bağırsaq problemi, halsızlıq, zəiflikdən müalicə alırdı. Məlum oldu ki, o yumurta, süd məhsulları yeyir və belə insana bu ərzaqlar qəti olmaz. Bu iki ərzaq qida rasionundan çıxarılandan sonra xəstə sağaldı.
Niyə məhz bir iki ərzaq? Çünki bunlar bağırsaqların qoruyucu florasını azaltmışdı, çürüdücü bakteriyaları çoxaldırdı. Belə pasiyentlərə həkimlər səhvən qələvi tərkibli tozlar, maddələr verirlər. Olmaz, çünki qələvi onkologiyanı artıra bilər. Bütün pasiyentlərə turşulaşma diaqnozu da qoymaq düzgün deyil. əksinə turşu azlığı ola bilər. Qanda ammonyakın dəyəri ölçülməlidir. İzafi zülal ölçülməlidir. Qidalanmanı dəyişməklə, bir iki ərzağı çıxarmaqla xəstəliyi sağaltmaq mümkündür.
Bunun üçün klinikalarda qaranlıq sahəli mikroskopik analizlərə diqqət ayrılmalıdır, bir sözlə həkimin mikroskopu olmalıdır.
Pasiyentin psixoemosional və toksiki zəhərlənmə dərəcəsi təyin olunmalıdır, testlər aparılmalıdır. Pasiyent metallarla zəhərlənə bilər. Stomatoloqlar özləri də bilmədən insanları toksinləşdirir. Dişdə metal olması o deməkdir ki, o insan artıq metallarla yüklənib. Biz ilk öncə pasiyentdən ağız boşluğu və dişlərin rentgenini tələb edirik. İstəməsə də bu, vacibdir. Çünki o rentgenə baxmaqla, çox xəstəliklərin səbəbini görə bilirik. Misal çəkim: pasiyentin həzm pozğunluğu, halsızlıq şikayəti var idi. Onun dişlərinin 80%-nin siniri çıxarılmışdı, ölü dişlər idi. Əgər pasiyentin diş, damaq iltihabı müalicə olunmazsa, digər müalicələr faydasızdır. Təəssüf ki, Azərbaycanda da dişlərin müalicəsi ürəkaçan deyil. Artıq sübut olunub ki, xərçəng də diş kökündən qaynaqlana bilir. Məsələn bir qadının sol döşündə xərçəng yaranmışdı, onun 26-27-ci dişində problemlər var idi. Bunlar uydurma deyil, elmi-tibbi sübut olunmuş faktlardır.
Azərbaycanda qəbul etdiyim pasiyentlərin çoxunda toksiki zəhərlənmələr var. Metallar çoxdur. Bir pasiyentimdə əzələ ağrısı, yorğunluq var idi. Onda civə dəyəri normadan artıq çıxdı. Pasiyent çox dəniz məhsulları yeyirdi. Amma o ana bətnində olarkən anasının dişlərində olan metal və toksiki maddələr keçmişdi. Uşaq ana bətnində toksinlərə məruz qalanda artıq doğulanda buna qarşı müdafiəsi olmur. Həmin uşaq zəif olur, tez- tez xəstələnir. Ona görə cavan ailələrə məsləhət görürəm ki, uşaq dünyaya gətirməzdən, hətta evlənmədən öncə detoksikasiya olsunlar. Həm ər, həm arvad – sağlam uşaq istəyirsə, bunu nəzərə almalıdırlar. Hələ uşaq sahibi olmayanlar üçün bu əla məsləhətdir, hələ ki, çıxış yolu var.
İnsan 122 il yaşaya bilər, istəsə sağlam olar, gec qocalar, ya heç qocalmaz. Bunun üçünsə, Tanrının qanunlarını, bioloji qanunları bilməli, daim inamlı, güvənli, özümüzdən və həyatımızdan razı olmalıyıq. Əgər psixoloji, emosional, metal və qidalardan intoksikasiyanız varsa, yubanmadan bioloji tənzimləyici metod və dərmanlarla detoksikasiya olunun. Detoksikasiya sizi çox xəstəliklərdən qoruyacaq.
(banker.az)
Oxunub: 222