Ölkədə baş verənlərdən xəbər tutmaq hər kəsin borcudur. Ancaq bəzən çeşidli qayğılar ucbatından bəziləri çatdırıb hər şeyi izləyə bilmir. O səbəbdən bu kiçik sitatları sizə çatdırmağı borc bildik. Xəbəri olmayanlar da bilsin ki, inkişafın fontan vurduğu ölkədə yaşayır. İl ildən “uğurlu” gəlir. Rəqəmlər hər il müsbətə doğru bir-birini əvəzləyir. 2017-ci il də özündən qabaqkı illərdən fərqlənib. İnanmayanlar da oxuya bilər. Beləliklə,
– 2017-ci ildə də Azərbaycan xalqı sabitlik və təhlükəsizlik şəraitində yaşayıb.
– 2017-ci ildə 483 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 60 min nəfərə isə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ödənilib. Bu məqsədlərə 371 milyon manat sərf edilib.
– 2017-ci ildə Kəlbəcər və Zəngilan rayonları ərazisində yerləşən filiz yataqlarının kosmik monitorinqi həyata keçirilib və hasilat sahələrində baş vermiş genişlənmələr aşkar edilib.
– 2017-ci ildə valyuta ehtiyatlarımız 4,5 milyard dollar artıb.
– 2017-ci ildə Azərbaycana 2016-cı ilə nisbətən 500 minə yaxın çox turist gəlib.
– 2017-ci ildə 221 min yeni iş yeri açılıb ki, onların 177 mini daimi iş yeridir.
– 2017-ci ilin yekunlarına görə, ölkəmizin 93 faizi qazlaşdırılıb.
– 2017-ci ildə 1300 kilometr avtomobil yolu salınıb.
– 2017-ci ildə 2300 köçkün ailəsi yeni evlərə, mənzillərə köçürülüb.
– 2017-ci ilin dövlət büdcəsinin gəlirləri və xərcləri təsdiq olunmuş proqnoza qarşı 98 faiz səviyyəsində icra olunub və müvafiq olaraq 16 milyard 447 milyon manat və 17 milyard 588 milyon manat təşkil edib.
– 2017-ci ilin icmal və dövlət büdcələrindən qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün üst-üstə 326,0 milyon manat, o cümlədən dövlət büdcəsindən 221,0 milyon manat, Dövlət Neft Fondunun büdcəsindən 105,0 milyon manat vəsait ayrılıb.
– 2017-ci ilin dövlət büdcəsinin vəsaiti hesabına investisiya xərclərinə 2 milyard 690 milyon manat vəsait yönəldilməklə, nəzərdə tutulan bütün layihələrin maliyyələşdirilməsi təmin edilib.
– 2017-ci ildə Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi üçün 67,0 milyon manat vəsait sərf edilib.
– 2017-ci ilin dövlət və icmal büdcələrindən üst-üstə 581,0 milyon manat vəsait kənd təsərrüfatına dövlət dəstəyinin daha da artırılması, pambıqçılığın, taxılçılığın, baramaçılığın, tütünçülüyün və heyvandarlığın kompleks inkişafının genişləndirilməsi, ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi üçün ayrılıb.
– Pambıqçılığa dəstək məqsədilə xüsusi təyinatlı kənd təsərrüfatı texnikalarının alınmasına son iki ildə dövlət büdcəsindən 295,0 milyon manat vəsait ayrılıb, pambıq istehsalına görə 30,0 milyon manatadək subsidiya verilib.
– 2017-ci ildə 207 min ton pambıq yığılıb…
P.S. Sitatlar Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındandır. Dəqiq məlumatlardır…
Rövşən Hacıbəyli
Oxunub: 1224