Facebook, Twitter, Instagram-ın ruhi sağlamlığa təsirləri… Sosial medianın əqli sağlamlığa təsirləri ilə bağlı elmi araşdırmalar nə deyir?
Dünyada üç milyard insan, yəni yerin ümumi əhalisinin 40 faizi sosial media istifadəçisidir. Araşdırmalar, gündə orta hesabla iki saatımızı sosial mediada keçirdiyimizi göstərir. Bu, hər dəqiqədə yarım milyon tweet və Snapchat şəkili paylaşmaq mənasına gəlir.
Sosial medianın həyatımızda mühüm bir yeri var. Lakin sosial media naminə zamanımızla yanaşı, ruhi sağlamlığımızı da fəda edirikmi?
Sosial media yeni bir dalğa olduğu üçün bu mövzudakı araşdırmaların sayı da məhduddur. Fəqət mövzu üzrə mövcud araşdırmaların gəldiyi nəticələri bir yerə toplaya bildik.
Stress
İnsanlar gündəlik stress və sıxıntlarından uzaqlaşmaq üçün sosial mediadan istifadə edirlər. Ancaq aparılan araşdırmalar sosial medianın stresi azaltmaq əvəzinə, daha da artırdığını göstərir.
1800 nəfər üzərində aparılan bir tədqiqat, qadınların kişilərdən daha çox stressə düşdüyünü müəyyənləşdirib. İnsanların stresini paylaşdığı Twitter isə sosial media içərisində ən böyük stres mənbəyidir. Ən qəribəsi isə budur ki, qadınlar Twitter-dən istifadə etdikcə daha az stres keçirirlər.
Kişilərin sosial media ilə münasibəti daha az olduğuna görə onlar eyni təsirə məruz qalmırlar. Araşdırmaçılara əsasən, ümumiyyətlə sosial mediadan istifadə stresi bir miqdar azaldır.
Əhval
2014-cü ildə avstriyalı alimlər, 20 dəqiqəlik Facebook istifadəsindən sonra, əhvalın pisləşdiyini müəyyənləşdiriblər. İnsanlar bunun səbəbini Facebook-u vaxt itkisi kimi dəyərləndirməyə bağlayırlar.
Başqa bir tədqiqat isə yaxşı və ya pis əhvalın şəxslər arasında sosial media vasitəsilə yayıla biləcəyini göstərir. Pis hava şəraiti neqativ paylaşmaları bir faizə qədər artırır. Müsbət paylaşmaların yayılma təsiri daha çox olur. Amma bunun mənəvi rahatlıq təsiri olub-olmadığı hələ ki aydın deyil.
Narahatlıq
Tədqiqatçılar sosial medianın hərəkətə gətirdiyi narahatlıq, qərarsızlıq, yuxu və diqqət kimi əlamətləri nəzərdən keçiriblər. Yeddi və daha artıq sayda sosial media platformasından istifadə edənlərin, heç və ya iki cür platformadan istifadə edənlərlə müqayisədə üç dəfə daha çox ümumi narahatlıq simptomlarına malik olduqları görülüb.
Ancaq sosial medianın narahatlığa hansı şəkildə səbəb olduğu bilinmir. Bu mövzuda daha çox araşdırmaya ehtiyac olduğu vurğulanır.
Depressiya
Bəzi araşdırmalar depressiya ilə sosial media istifadəsi arasında əlaqəni göstərsə də, sosial medianın yaxşı nəticə verəcək şəkildə istifadəsinin də mümkün olduğunu nümayiş etdirən tədqiqatlar da var.
700 tələbə üzərində aparılan iki araşdırmada aşağı əhval, dəyərsizlik hissi, ümidsizlik kimi depressiya əlamətlərinin sosial mediadakı qarşılıqlı təsirin keyfiyyəti ilə əlaqədar olduğu müəyyənləşib. Neqativ təsirdə olanlar daha çox depressiya əlamətləri göstəriblər.
Buna oxşar bir tədqiqat 2016-cı ildə 1700 nəfər üzərində aparılıb və müəyyənləşib ki, çox sayda sosial media platformasından istifadə edənlər arasında depressiya və narahatlıq riski üçqat artır.
Bunun səbəbləri arasında sosial media vasitəsilə göstərilən zorakı davranış, başqalarının həyatı haqqında pis fikirlər, sosial mediada keçirilən vaxtın hədər getdiyi hissi kimi təsirlər var.
Amma tədqiqatçılar, depressiyanın erkən diaqnozu zamanı sosial mediadan necə istifadə olunması haqqında da işlər aparırlar. 476 nəfərin Twitter paylaşmaları təhlil edilib və onun əsasında hazırlanan kateqoriyalara görə, depressiya əlamətləri ortaya çıxmamışdan qabaq belə, halların 70%-də depressiyaya düşüləcəyi əvvəlcədən doğru bir şəkildə müəyyənləşdirilə bilib.
Keçən il 166 nəfərin Instagram şəkilləri nəzərdən keçirilərək bənzər bir sistem qurulub və eyni şəkildə uğurlu nəticələr əldə olunub.
Yuxu
İnsanların genetikası təkamül əsasında elə formalaşıb ki, gecələrin qaranlıq olmasına öyrəşmişik. Halbuki, artıq gecə və ya gündüz fərqi qoymadan, süni işıqdan istifadə edirik.
Araşdırmalar bunun orqanizmdəki yuxunu tənzimləyən melatonin hormonunun qarşısını aldığını, ələlxüsus smartfon və laptopların yaydığı mavi işığın daha çox zərər verdiyini göstərir.
Yəni yatmamışdan əvvəl yataqda Facebook və ya Twitter-ə daxil olmaq yuxu nizamını poza bilər.
Keçən il 18-30 yaş arası 1700 nəfər üzərində aparılan bir araşdırmada, yuxu pozuntusu ilə ekrandan yayılan mavi işıq arasında əlaqə olduğu, sosial media səhifələrində sərf edilən vaxtla yanaşı, bu səhifələrə tez-tez baxılmasının daha mənfi təsir göstərdiyi ortaya çıxıb.
Asılılıq
Bəzi araşdırmaçılar tweet atmağın qarşısını almağın siqaret və spirtli içkidən daha çətin olduğunu desələr də, mövcud ruhi sağlamlıq pozuntuları arasında sosial media asılılığına yer verilmir.
Lakin sosial media bu mövzuda aparılan tədqiqatlardan daha sürətlə inkişaf edir. Tədqiqatçılar ehtimal olunan asılılıq problemləri diaqnozunu qoymaqdan ötrü öz şəxsi ölçü metodlarını tətbiq edirlər.
Sosial media asılılığı deyilən bir şey varsa, bu, internet asılılığı kateqoriyasına daxil olacaq. Həmin asılılıq isə rəsmi şəkildə qəbul edilmiş bir problemdir.
2011-ci ildə Nottingham Trent Universiteti daha əvvəl aparılan 43 araşdırmanı təhlil edərək sosial media asılılığının bir ruhi sağlamlıq problemi olduğu və müalicə tələb edə biləcəyi nəticəsinə gəlib.
Sosial mediadan həddən artıq istifadə, münasibətlərdə problemlər, təhsildə uğursuzluq, internetdən kənar insanlarla əlaqədə olmamaq kimi problemlərə yol açır.
Özünəhörmət
Qadın və moda jurnallarındakı arıq və bəzəkli modellərin bir çox cavan qızların özünəhörmətini sarsıtdığı artıq uzun müddətdir ki, çoxlarına bəllidir. İndi isə onun yerini sosial media alıb.
1500 nəfərlə aparılan bir tədqiqatda, iştirakçıların yarıdan çoxu sosial media səhifələrinin onlara pis təsir etdiyini söyləyib. 18-34 yaş qrupundakıların yarısı, özlərini cəlbedici saymadığını deyib.
2016-cı ildə aparılan bir araşdırma, başqalarının selfilərinə baxmağın insanın özünə güvənini azaltıdığını ortaya qoyub. Belə ki, insan başqalarının ən xoşbəxt olduğu anları göstərən paylaşmaları ilə özünün o ankı vəziyyətini müqayisə edir.
İsveçdə Facebook istifadəçiləri arasına aparılan başqa bir araşdırma da, Facebook-da çox vaxt keçirən qadınların özlərini daha az xoşbəxt və daha az özünəgüvənli hiss etdiyini ortaya çıxarıb. İştirakçılar, başqalarının karyerası və xoşbəxt münasibətləri ilə öz vəziyyətləri arasında müqayisəni dilə gətiriblər.
Amma daha dar miqyaslı bir tədqiqat göstərib ki, insanların öz Facebook profillərinə baxmaları özünəhörməti birqat artırır. Çünki profillərimizdə özümüzü xarici dünyaya hansı şəkildə təqdim edəcəyimizə özümüz qərar veririk.
Sağlamlıq
2013-cü ildə 79 nəfər ilə aparılan bir araşdırmada, Facebook-a uzun vaxt sərf edənlərin sonradan özlərini pis etdikləri görülüb.
Amma bir sıra araşdırmalar sosial medianın bəziləri üçün sağlamlıq artırıcı funksiya daşıdığını göstərir. Emosional tarazsızlıq problemi olan insanlar paylaşmaları ilə duyğularını ifadə edərək yardım alma imkanlarını artıra bilərlər.
Sosial medianın sağlamlıq üzərindəki təsirləri mənfi olmaqla yanaşı, sosial baxımdan izolyasiyada olan insanların sağlamlığına da pis təsir etdiyi zənn edilir.
Münasibətlər
İnsanların üzbəüz görüşlərində sosial media diqqət dağıdan bir amil ola bilər.
Romantik münasibətlər də sosial mediadan təsirlənir. Tədqiqatlar, cütlüklərin qarşı cinsdən birini Facebook-a dost kimi əlavə etməsinə görə qısqanclıq problemi yaşadığını göstərir. Xüsusilə də qadınlar Facebook-da daha çox vaxt keçirdiklərinə görə bu hissləri daha çox yaşayırlar.
Həsəd
600 yetkin yaşlı insan üzərində aparılan bir araşdırmada, təxminən 200 nəfərin sosial medianın onlarda başda hirs olmaq üzrə mənfi duyğular yaratdığını və bunun həsəd hissindən qaynaqlandığını deyib.
Amma həsədin dağıdıcı bir duyğu olmadığı və insanları daha çox cəhd göstərməyə həvəsləndirdiyinə inananlar da az deyil.
Yalnızlıq
19-32 yaş qrupuna aid 7 min nəfər üzərində aparılan bir tədqiqatda, sosial mediada çox vaxt keçirənlərin sosial izolyasiya yaşamaq ehtimalının ikiqat artıq olduğu ortaya çıxıb.
Sosial mediada keçirilən vaxt, üzbəüz münasibətin yerini ala bilir və insanların özlərini təcrid olunmuş kimi hiss etməsinə səbəb ola bilir.
Dostlarının daha ideal və xoşbəxt həyat sürdüyü hissinə qapılan bir kəs, onlara həsəd aparacaq və içindəki sosial təcridi olduğundan daha artıq miqdarda görəcək.
Nəticə
Bir çox sahə üzrə qəti nəticələrə gəlmək üçün hələ ki, kifayət qədər məlumat mövcud deyil. Amma əldə olan məlumatlar, şəxsi xüsusiyyətlərinə və əvvəlki həyat şərtlərinə uyğun olaraq sosial medianın insanlara fərqli şəkildə təsir göstərdiyini ortaya qoyur.
Eynən yemək, qumar və müasir dövrün digər cəlbedici yanları kimi bəzi insanlara sosial mediadan həddən artıq istifadə etməmələrini məsləhət bilmək lazımdır. Lakin sosial medianın bütövlükdə pis bir şey olduğunu demək də yanlış olar. Çünki onun həyatımıza gətirdiyi müsbət tərəflər də çoxdur.
Oxunub: 124