“Azərbaycan əhalisinin 80 faizi İnternet istifadəçisidir”
“Azərbaycanda insan hüquqlarının pozulmasına dair tənqidlər Qərb dairələrinin işidir”
Azərbaycanda bütün fundamental azadlıqlar təmin edilib, insan hüquqlarının pozulmasına dair tənqidlər isə Qərbdəki müəyyən dairələrdən gəlir. Bu barədə prezident İlham Əliyev yanvarın 23-də Davos İqtisadi Forumu çərçivəsində debatlardakı çıxışında bildirib.
“Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən mətbuat azadlığı təmin edilir. Mətbuat tamamilə azaddır. Azərbaycan əhalisinin 80 faizi İnternet istifadəçisidir. İnternetin azad, senzuranın olmadığı və əhalinin mütləq əksəriyyətinin İnternet istifadəçisi olduğu halda mətbuat azadlığının məhdudlaşdırılması haqqında danışmaq əsassızdır”, – o bildirib(“Turan”).
Mətbuat azadlığı ilə bağlı deyilənlər reallığa nə qədər yaxındır? Artıq bir neçə ildir müstəqil mətbuat tamamilə sıradan çıxarılıb. Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunu yaratmaqla problemi biryolluq həll ediblər. Bu fond yaranandan sonra tək-tək qalan qəzetlər də sıradan çıxarıldı. Gündəlik qəzetlərin tirajı bir neçə dəfə aşağı düşdü. Tənqidçi jurnalistlər bir-birinin ardınca qondarma ittihamlarla türməyə salındı. Bu gün də həmin proses davam edir, türmələrdə hələ də jurnalistlər var. Bu baxımdan Davoc forumunda moderatorun sualı məntiqli idi. Mətbuat azadlığı varsa, senzura yoxdursa, bütün fundamental azadlıqlar təmin olunursa “…niyə Azərbaycan mətbuat azadlığına görə dünyada 162-ci yerdədir?”. İlham Əliyev bu suala cavabı elə ölkədəki yapçılar kimi verib. Qərəzli yanaşma, ermənipərəstlər, inkişafımızı gözü götürməyənlər və s.
“Bunun siyasi səbəbləri var. Bunun reallıqla heç bir bağlılığı yoxdur. Bu təsnifat olduqca qərəzli yanaşma üzərində qurulub. Bu, Qərbdəki müəyyən siyasi mərkəzlərin fəaliyyətinin nəticəsidir… Mən bu haqda daha konkret danışmaq istəmirəm, bunun haradan gəldiyi məlumdur. Ancaq niyə belədir? Səbəbi sadədir: Azərbaycan müstəqil siyasət yürüdən dövlətdir. Bu siyasət milli maraqlarımıza söykənir. Biz ölkəmiz üçün çətinlik doğura biləcək heç bir riskli macəraya qoşulmuruq.
Azərbaycanı müəyyən ölkələr əleyhinə kampaniyalara sürükləmək cəhdləri olub. Biz hər zaman bitərəf qalmışıq. Biz heç kəsə qarşı oyun aparmırıq və heç bir riskli və milli maraqlarımıza uyğun olmayan kampaniyanın tərkib hissəsi deyilik. Yəni, hücumların səbəblərindən biri bəzilərinin Azərbaycanı kiçik dövlət üçün artıq dərəcədə müstəqil hesab etməsidir.
Bəzi QHT-lərin belə reytinqləri ölkəmizi gözdən salmaq, nüfuzumuza xələl gətirmək və Azərbaycanı qeyri-demokratik dövlət kimi təqdim etmək məqsədi daşıyır. Bu isə qətiyyən belə deyil”.
İnternet azadlığından, kəndlərin belə genişzolaqlı internetlə təmin edilməsindən danışılır, ancaq Facebook statusuna görə polis bölmələrinə çağırılan, sutkalıq həbslərlə cəzalandırılan yüzlərdən, bəzi hallarda məhkum olunanlardan, sərbəst toplaşmaq azadlığından yararlanıb mitinqə qoşulduğuna görə məhşər ayağına çəkilənlərdən söz açılmır. Demək, fundamental azadlıqlar belə təmin edilir…
Azadliq.info
Oxunub: 860