və ya doğrudanmı, orfoqrafiya “islahatı” dilimizi edam kötüyünə aparır?
Təbiətdə köklü-köməcli nəhəng ağaclar da olur, kökü üzdə qalmış cılız kol-kos da. Bir az bərk külək qalxan kimi həmin kol-kosu dibindən qoparıb ora-bura çırpa-çırpa sovurub aparır, köklü ağaca isə heç fırtınanın da gücü çatmır.
Neçə vaxtdır ki, Azərbaycan dilinin orfoqrafiya qaydalarının yeni layihəsi ilə bağlı cəmiyyətdə yaşanan həyəcanlar, mediadakı müzakirələr nədənsə, gözümün qabağına bu ağac-kol mənzərəsini gətirir. Və adam düşünür ki, görəsən növbəti qayda dəyişikliyində dilimizə hansı ölçü ilə yanaşırlar? Neçə əsrlik yazı ənənəsi olan bu dilə hər küləkdən qoparağı götürülən kol-kos kimi baxır, yoxsa onu köklü-şaxəli ağac kimi qəbul edirlər? Əlbəttə, adam arzulayardı ki, ikinci məqam olsun, amma yox, deyəsən, bu dəfə külək başqa səmtdən və başqa cür əsir. Bir əsrdə əlifbası üç dəfə dəyişdirilmiş ana dilimiz, indi də süni müdaxilələrlə üz-üzədir, onun kilidli qapılarından keçib atlarını içərilərdə səyirdirlər. Çox aşkarca duyulur ki, “islahat” adı ilə xeyli sayda sözün qəddini əyir, dilimizin canına, onun qan damarlarına, leksik-qrammatik quruluşuna təhlükəli viruslar yeritməyə, salamat sahələrinə minalar basdırmağa çalışırlar.
* * *
Əsas narahatlıq bəzi sözlərin ənənəvi yazılışını dəyişmək təklifi ilə bağlıdır. Dünyanın harasında olursa-olsun, dildə artıq formalaşmış, yazıda oturuşmuş, şüurlara hopmuş, beyinlərdə daşlaşmış sözü dəyişmək yanlış addımdır, çünki həmin söz bir işarə kimi ifadə etdiyi predmet və mahiyyətin sabit daşıyıcısıdır. Həmin sözün şəklinin dəyişməsi yazıda və qavrayışda dolaşıqlıq yaradır, hətta nəsillər arasında bağları belə qıra bilir.
Müzakirələrdən təbii bir sual meydana çıxır: axı nə olub, nə baş verib ki, dil qaydalarında birdən-birə bu qədər dəyişiklik aparılır? Ana dilində bu miqyasda dəyişiklikləri zəruri edən nədir, hansı səbəblərdir? Cavab çox sadədir: dil praktikamızda ciddi söz və qayda dəyişməsinə səbəb olacaq heç nə baş verməyib, buna zərurət yoxdur. Sadəcə, kimlərsə “islahat” adı altında belə qondarma dəyişikliklərin olmasını istəyir. Yəni bu prosesdə bir az avtoritarizm, yanlış yönəltmələr, ana dilini və elmi düşüncəni zorlayan bir inzibatiçılıq duyulur. Görünür, sevgili məmləkətimizin axsayan elminin öz Baron Münhauzenləri var və onlar məsələni yalnız “alğı-satğı” ilə məhdudlaşdırmaq fikrində deyillər.
Bu adamlar “əsgər” sözünün “əskər”(maddə-22) kimi, Vereşagin”in yenidən “Vereşşagin”(m.-15) kimi yazılmasını, “cəmiyyət” tipli sözlərdə qoşa “y”-nın birinin ixtisar edilməsini (m.-37), “Quran” sözünün hecadan-hecaya “Qu-ran” şəklində keçirilməsini (m.-69) istəyirlər. Hətta, dilin qrammatika və morfonologiyasına da müdaxilə edərək, “almalı idi” əvəzinə ədəbi dili ləhcələşməyə aparan “almalıydı”, “gəlməli imiş”in yerinə “gəlməliymiş” (m.-44) yazılmasını məqbul sayırlar.
Təbii ki, dilin yazı qaydalarında hər zaman dəyişikliklərə ehtiyac olur, çünki dil statik və donuq nəsnə deyil, canlı orqanizmdir, cəmiyyət tərəqqi etdikcə onda da təbii inkişaf və zənginləşmə gedir. Xalqımızın tarixi-genetik dəyərlərini, onun ruhunu, həyat duyumunu, yaşantılarını, təfəkkür və düşüncə tərzini əks etdirən Azərbaycan dilində də zaman-zaman belə dəyişmələr, qayda cilalanmaları olub. Məhz bu cilalanmaların sayəsində, məsələn, ötən əsrin əvvəlləri ilə müqayisədə dilimizin qaydaları indi daha sabit, qrammatikası daha mükəmməl, dil qatlarında gedən proseslər daha aydın və durudur. Sovet dövründə formalaşmış böyük mədəniyyət kontekstində ədəbi dilimizin də bir çox konseptual məsələləri, o cümlədən yazı və tələffüz qaydaları ilə bağlı əsas problemlər həll olunmuşdur. Bu işdə V.Xuluflu, B.Çobanzadə, Ə.Dəmirçizadə, H.Mirzəzadə, A.Abdullayev, M.Hüseynzadə, Ə.Orucov, M.Şirəliyev, Ə.Əfəndizadə, A.Axundov və başqa görkəmli dil biliciləri önəmli rol oynamışlar.
* * *
Bu gün də ana dilimizdə, xüsusən leksik layda dinamik proseslər gedir. Dilçilik elminin bu proseslərə reaksiyası adekvat olmasa da, qapıları dəyişikliklər üçün həmişə açıqdır. Amma iki cür dəyişiklik var: biri zamanla təbii olaraq baş verən, dil praktikasından doğan və dilə müəyyən məntiqi məna qazandıran dəyişikliklərdir ki, bunu normal qarşılamaq lazımdır. İkincisi isə məqsədi açıq bilinməyən qeyri-təbii, qondarma dəyişikliklərdir ki, bunlar hər zaman dilin nizamını pozur. Zərurət olmadan, dilin morfonoloji və orfoqrafik qaydalarına vaxtaşırı düzəlişlər dilçilik elminə, dilin ümumi ab-havasına, onun konstitusiyası sayılan orfoqrafiya lüğətinin fəlsəfəsinə sayğısızlığın nəticəsi kimi meydana çıxır. Orfoqrafiya komissiyasının təklif etdiyi dil qaydaları layihəsindəki bəzi maddələrdə, məhz bu hava duyulur.
Ədalət naminə deyək ki, 69 maddədən ibarət layihə heç də bəzən təqdim olunduğu qədər qorxulu deyildir, çünki qaydaların 80-85 faizi əvvəllər (1960, 1975) mövcud olmuş ciddi elmi bazaya əsaslanır. İndi bunların bəzilərinin ağlabatan nüanslarla cilalanması çox təqdirəlayiqdir. Problem və ciddi mübahisə doğuran 22 və 37-ci maddələrin, həmçinin 69-cu maddənin vaxtilə apostroflu sözlərin hecadan-hecaya keçirilməsinə aid olan hissəsidir. Fikrimizcə, bu maddələrin qəbul edilməsi ana dilimizdə gələcəkdəki fəlakətli qayda dolaşıqlıqlarına rəvac verəcəkdir.
Məsələn, 37-ci maddədə göstərilir ki, tərkibində — iyyat,- iyyət və -iyyə şəkilçisi olan sözlər bir [y] ilə tələffüz olunduğu üçün fonetik prinsipə əsaslanaraq, onların bir y ilə yazılması məqsədəuyğun sayılır. Adamdan soruşarlar ki, niyə? Nə olsun ki, “mədəniyyət”sözü bir ”y” ilə tələffüz olunur. Ona qalsa, dilimizdə minlərlə söz var ki, yazılışından fərqli tələffüz olunur. Bu o deməkdirmi ki, biz fonetik prinsipə əsaslanıb deyilişdəki kimi “hopbanmax” (hoppanmaq), “kəşviyat” (kəşfiyyat) və ya “ixdira” (ixtira), yaxud “baxça” (bağça) yazmalıyıq? Bu, nə məntiqdir belə?
Dilimizdə eynicinsli qoşa samitlər olan bəzi sözlərin də tələffüzü zamanı samitlərdən biri düşür. Məsələn, biz “qramatika”, “kamunikasiya” “diskusiya”, “kamisya” deyir, amma qrammatika, kommunikasiya, diskussiya və komissiya yazırıq və heç kim də bundan rəncidə olmur. İndi biz durub deyək ki, gəlin, bu sözləri bir “m”, yaxud bir “s” ilə yazaq?
Əgər söhbət “iyyət” kimi şəkilçilərin tələffüzə uyğunlaşdırılaraq yazılışından, yəni morofonoloji dəyişikliklərdən gedirsə, gəlin onda “elmi prinsipə” sadiq qalıb belə bir qayda da qəbul edək: “-lar cəm şəkilçisi qoşulduğu sözün son samitindən asılı olaraq –rar (açarrar), -nar (qadınnar), -dar (buluddar) kimi yazılsın” və ya “ilə qoşması və bağlayıcısı –nan2 kimi yazılsın: atamnan, nənəynən” və s. Deməli, bir “y” təklifinin gələcəkdə dilin xeyrinə olmayan əcaib təşəbbüslərə yol açıb zəncirvari reaksiya, yaxud “domino effekti” yaradacağı şübhəsizdir.
Tələffüz məsələsində bir məqamı nəzərə almaq lazımdır: sözlərin yazılışı ilə deyilişi arasında fərqin olması təbiidir və bu, ilk növbədə dilin səs quruluşunun qənaətə meyilli olması ilə bağlıdır. Məhz buna görədir ki, dilçilik elmi şifahi nitqdə düzgün tələffüz (orfoepiya) qaydalarında “qənaət”i əsas prinsiplərdən sayır. Yazıdakı “gəlmisiniz”i bir heca qısaldıb tələffüzdə “gəlmisiz” deməyimiz bu prinsipdən qaynaqlanır. Bu, məsələnin bir tərəfidir, ikinci tərəfdən də anlamalıyıq ki, qanunların geriyə gücü olmadığı kimi, yeni “icad” olunmuş qaydaları da dildə artıq vətəndaşlıq hüququ qazanmış sözlərə tətbiq etmək olmaz. Yəni dilin öz daxili ahəngi, səs axını, intonasiyası ilə formalaşmış sözləri dəyişməyin zərərdən başqa heç bir faydası yoxdur.
Buna görə də Orfoqrafiya qaydalarında yamaq kimi görünən, heç bir məntiqə və elmi prinsipə əsaslanmayan 22 və 37-ci maddələrin layihədən çıxarılması (təbii, kimlərinsə kommersiya niyyəti yoxdursa) dövləti də əlavə xərclərdən xilas edəcək. Digər tərəfdən məncə, buradakı elmi-məntiqi boşluğu ortaq türk dili, ümumi türk və islam inteqrasiyası, azərbaycançılıq və s. kimi mətləbə dəxli olmayan həssas şüarlarla pərdələmək olmaz. Ən yaxşı azərbaycançılıq dilə və yazı qaydalarına ənənənədən gələn ehtiramı saxlamaqdır.
* * *
AMEA-da və Milli Məclisdə sanballı vəzifələr tutan, akademiyanın humanitar yönümlü institutlarına, o cümlədən Dilçilik institutuna ciddi inzibati təsiri olan akademik İsa Həbibbəyli hələ iki-üç il əvvəl saytların birinə verdiyi müsahibədə deyirdi ki, yanaşı iki ”y” samiti ilə yazılan və -iyyət şəkilçisi ilə düzələn sözlərdə “tələffüzün çıxardığı hökmü nəzərə alaraq tək y-ya keçmək zəruridir”. Mən onda Dilçilik institutunda, dil qaydalarına əməl olunmasının monitorinqini aparan şöbədə çalışırdım və yadıma gəlir ki, bəzi alimlər bu bəyanatı zarafat kimi qiymətləndirib təəccüblənmişdilər. Amma indi hörmətli akademikin istəkləri deyəsən, reallaşır və o vaxt bu məsələyə təəccüblənənlər indi bir “y”-ya keçmək ideyasının qızğın təbliğatçılarına çevriliblər.
Təsadüfdənmi, ya bədbəxtlikdənmi, bir “y” təklifi Orfoqrafiya Komissiyasının təqdim etdiyi layihədə 37-ci nömrə ilə qeyd olunub. Azərbaycanlı şüurunda 37 rəqəminin hansı assosiasiya doğurduğunu nəzərə alsaq, ana dilimiz üçün bunu pis əlamət saymaq olar…
Oxunub: 642