Bu da fevralın bir günü. Aylar dəyişir, illər dəyişir. Dəyişməyən Azərbaycanın siyasi boyu, yarıtmaz hakimiyyətin gətirdiyi mühit. Təbii ki, söhbət Respublikamızın yaxşılığa doğru dəyişməməsindən gedir. İllərdir Ölkəmiz mənfiylə müsbətin sərhəddində qərar tutmuş 0 (sıfır) nöqtəsindən mənfiyə doğru sürət götürmüşdür. Yəni Azərbaycan dövlət olaraq daxili və xarici siyasətində müvazinətini itirib. Xalqımızın qarşısında duran ən ümdə vəzifə Ölkəni mənfiliklərdən 0 (sıfır) nöqtəsinə gətirmək, dövlət bilgiləriylə “silahlanmış” iqtidar formalaşdırmaqdır. Doğurdan da Vətən bütün sahələrdə özünün qaranlıq dünyasında batmaqdadır. Azərbaycanın bu komanda ilə işıqlı sabahına ümid yox ! Heç olmasa, yatmış saat gün ərzində vaxtı iki dəfə düz göstərir. Bu yatağan hakimiyyət isə gün nədir, heç il ərzində danışdığının birini də düz demir, düz söyləmir. Maraqlıdır, İdarəçilikdə bir məmur eyni vaxtda bir neçə işi (vəzifəni) necə apara bilir, öhdəsindən necə gələ bilir ? Körpə uşaqlar oyuncaqlarının sayını artırmağa həvəsli olduqları kimi məmurlar da vəzifələrinin sayını artırmağa çox həvəslidirlər. Hakimiyyət hələ də başa düşmür ki, vəzifə oyuncaq deyil. Nə onu satmaq olmaz,nə artırmaq olmaz, nə də kiməsə pul verib onu almaq olmaz.Mütərəqqi cəmiyyətlərdə vəzifə, kürsü həmin cəmiyyətlərin şərəfi, dəyəri deməkdir. Vəzifəni alqı-satqı predmetinə çevirənlər DÖVLƏTİN, DÖVLƏTÇİLİYİN nə olduğunu başa düşürlərmi ? Vəzifə mədə-bağırsağa xidmət deyil axı. Hamının başa düşəcəyi tərzdə ifadə etsək, vəzifə insanların məsuliyyətini könüllü şəkildə öz üzərinə götürməkdir, ən azından vətəndaşların mədəni, hüquqi baxımdan rahatlığına təminat verməkdir. Dövlətin, dövlətçiliyin məsuliyyətini dərk etməyən iqtidar üçün kürsü malikanə, mülk deməkdir. Qəlbini, ruhunu unutmaq deməkdir. İnkişaf etmiş ölkələrdə vəzifəyə təyin olunana ürək-dirək verməyə tələsəndə, bizim cəmiyyətdə isə muştuluğa qaçırlar. Elə bil ki, məmur yeni bir Avstraliya qitəsini kəşf etmiş səyyahdı. O idarəçilik dəyərli idarəçilikdir ki, Xalqına hörmət və ehtiram olaraq özünü Xalqının yaşadığı boydan yuxarı qərar vermir. Özünü sadə insanlardan-müəllimdən, həkimdən, əkinçidən, fəhlədən ayırmır. Sadə insanlara yuxarıdan aşağı baxmır. Bilirik ki, Ölkədə intiharlar baş alıb gedir. Mənə görə intiharlar cəmiyyətlərin “döl pozuntusudur”. Ona görə ki, iqtidar Konstitusiyası, hüquqları işləyən sabahların sağlam “doğuluşunu” təşkil edə bilmir. Sıfır nöqtəsindən müsbətə tərəf elmi kəşflər, ixtiralar, təhsil, sənət… mənfi tərəf isə cinayətlərə, intiharlara aparır. Bir neçə gün ərzində 10-dan yuxarı insanın özünə qəsdi özünə qəsd edənlərin heç də bir qisim adamların dedikləri kimi ağıllarının” yoxluğundan” irəli gəlmir. Ümidsizliklərindən irəli gəlir. İntihar edənlərin özündən öncə ətrafı ölür,yaşadıqları şəhəri, kəndi ölür. Güvənə bilmədikləri azadlıqları ölür. Bu insanların gözlərində hamı “öləndən” sonra özləri də ölməyə qərar verirlər. İntihar edən insanlar Azərbaycan xalqından üz döndərdikləri kimi, bu hakimiyyət də siyasi baxımdan intihar edərək Azərbaycan xalqından üz döndərib. Sadələrin fiziki intiharı, idarəçiliyin siyasi intiharı. Gəl, indi yaşa da, Azərbaycanım ! Ölkədə ən azından əmin-amanlığı təmin edə bilməyən iqtidar insanlar üçün varlığı olmayan iqtidardır. Yarıtmazlığı ucbatından Siyasi arenanı Azərbaycan Respublikası üçün daraldan hakimiyyətin idarəçilikdən getməsi vacibdir.
Oxunub: 30