Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə qəza zamanı dünyasını dəyişən Könül Əkbərovanın anası, hüquqi varisi kimi tanınmış Bəsti Qədimova da iştirak edib.
O deyib ki, mərhum qızı ailəli olub, sonra boşanıb. Onun 4 övladı var. Onlardan biri hazırda hərbi xidmətdədir.
Mərhumun anası qəzanı törədən şəxsdən şikayətçi olmadığını deyib: “Etiraz edərdim, amma onun 17 yaşı var. Həyatının qaralmasını istəmirəm”.
Məhkəmə istintaqı başlayıb və dövlət ittihamçısı ittiham aktını elan edib.
R.Rəhimov elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.
Təqsirləndirilən şəxs söyləyib ki, hadisə günü “Enerji” kluba ad gününə gedib: “Maşın saatda 50-60 kilometrlə hərəkət etdirdi. Hadisə yerindən qaçmamışam. Hava yağışlı idi. Birdən maşına nəsə dəydi. Maşına dəyənin insan olduğunu bilmədim. Saxlayıb düşdüm. Gördüm ki, qadın yıxılıb, nəbzini yoxladım. O, artıq dünyasını dəyişmişdi, mən şokda idim. Yolun kənarında oturub ağlayırdım. Təcili yardıma zəng elədim. 15-20 dəqiqəyə gəldi. Sonra polislər də gəldi. Polislər yenidən baxıb dedilər ki, artıq dünyasını dəyişib. Müəyyən səbəblərə görə polis əməkdaşları mənə bildirdi ki, “get, atana denən sürücünü göndərsin”. Mən polislərə “qəzanı mən törətmişəm” dedim”.
Suallara cavab verən R.Rəhimov sürücülük vəsiqəsinin olmadığını vurğulayıb: “Amma atamdan gizlincə maşını götürmüşəm. Sürücümüzə ad gününə getdiyimi və atama bu barədə heç nə deməməyi söylədim. Ad gününə dostlarım maşınla gəlirdi deyə mən də maşınla getmək istədim. Bir uşaqlıq idi, etdim, başıma da bu hadisə gəldi. Heç istəməzdim belə olsun. Mən dünyasını dəyişən qadını tanımıram. Hadisədən peşmanam. Polislərə sənədlərimin yolda olduğunu dedim. Polislər atamı tanıdıqlarını bildirdilər. Qolumdan tutub aşağı gətirdilər. Dedilər ki, “narahat olma, min taksiyə get, biz hər şeyi qaydasına qoyacağıq”. Mən də sürücümüzə zəng elədim”.
Daha sonra R.Rəhimovun istintaqa verdiyi ilk ifadəsi elan edilib. Həmin ifadədə məlum olub ki, R.Rəhimov qəzanı sürücüləri Əmrulla Şahbazovun törətdiyini söyləyib. Bildirib ki, “Enerji” klubda olarkən sürücüyə zəng edib, onu aparmasını istəyib. Sürücü yolda ona zəng edərək qəza törətdiyini vurğulayıb.
R.Rəhimov sonrakı ifadəsində qəzanı özünün törətdiyini etiraf edib. Məlum olub ki, R.Rəhimov sonrakı dindirilmələrdə məhkəmədə eyni məzumunlu ifadə verib.
Prosesdə zərərçəkmiş Bəsti Qədimova da sərbəst ifadə verib. O qeyd edib ki, zəng edib qızının qəzaya düşdüyünü deyiblər: “Hadisə zamanı xaricdə idim. Özüm xəstəyə baxıram. Gələndə qızımı morqda gördüm. Mənim qəzanı törədən şəxs yaşda nəvəm var. Ona baxanda nəvəmi xatırlayıram. Qızım artıq geri qayıtmayacaq. İstəmərəm ki, onun həyatı qaralsın. İndi şikayətim yoxdur”.
Zərərçəkmişin sözlərinə görə, mərhumun 3 və 40 mərasiminin xərclərini təqsirləndirilən şəxsin ailəsi ödəyib.
Qeyd edək ki, Bakı şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsi ötən il noyabrın 8-də Səbail rayonunda baş vermiş qəza ilə bağlı yaydığı məlumata əsasən, Səbail rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.
Belə ki, noyabrın 8-də paytaxtın Səbail rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurması, sonuncunun aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi və sürücünün hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisə vaxtı qeyd edilən avtomobilin sürücülük hüququ olmayan, yetkinlik yaşına çatmayan – 2000-ci il təvəllüdlü Rəhim Rəhimov tərəfindən idarə edilməsi müəyyən edildiyindən cinayət işi Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrinə tövsif edilib, R.Rəhimov noyabrın 29-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib. O, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, qəzanı törədən 17 yaşlı R.Rəhimov iş adamı, “Xırdalan Xəz” ASC-nin rəhbəri Akif Rəhimovun oğludur. A.Rəhimov isə “Yeganə” şadlıq sarayının rəhbəri Məmməd Rəhimovun qardaşıdır.
Qəzada ölən K.Ələkbərova isə şəhid Elton Ələkbərovun qızıdır. (report)
Oxunub: 436