Bazar günü Bayıl yamacında yerləşən 40-ə yaxın fərdi evdən bəzisinin sakinləri öz ev əşyalarını yük maşınlarına yığırdı. Ağ lent ilə əhatəyə alınan sürüşmə zonası yol polisi və DİN post-patrul xidməti tərəfindən mühafizə olunur. Sakinlərdən başqa evlərə heç kim buraxılmır. Fevralın 10-da baş vermiş torpaq sürüşməsi zamanı dağılan 4 ev uzaqdan görünür.
DİN-in məlumatına görə, zərərçəkən yoxdur. Çünki sakinlər zonadan 15 gün öncə çıxarılıb və qonşuluqdakı məktəb binası da daxil olmaqla, başqa yerlərdə yaşayırlar. Qəza baş verən gün Səbayel Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov əraziyə gələrək sakinlərə bildirib ki, dövlət onlara başqa ev tutmaq üçün birillik icarə haqqı verəcək. Ola bilsin ki, sakinlərə kompensasiya verilməsi və oradan birdəfəlik köçürülməsi barədə qərar qəbul edilsin.
Şəhidlər Xiyabanının ərazisi və ümumilikdə Dağüstü Park təhlükəli deyil, bu, yanvarın sonlarında mütəxəssislər tərəfindən divarlarda möhkəmləndirilən gips mayaklardan görünür.
Zərərçəkən vətəndaşlar dövlətdən ödəniş və ya itirdikləri əmlaka – evlərə və əşyalara görə tam kompensasiya verilməsini tələb edirlər. Dövlət ölkə vətəndaşlarının vergilərindən formalaşan dövlət büdcəsindən vəsait ayırmaqla zərərçəkənlərə ödəniş etməyə borcludurmu? Axı bu adamlar sürüşmə zonasında ev tikərkən maraqlanmalı və bilməliydilər ki, Bayılda sonuncu dəfə sürüşmə 2011-ci ilun avqustunda baş verib. İlk dəfə isə bu ərazidə torpaq sürüşməsi 1870-ci ildə baş verib. 2017-ci ilədək Bayılda 10 dəfə sürüşmə baş verib.
Ancaq vətəndaşlar ev tikmək üçün seçdikləri yerin təhlükəsizlik səviyyəsi ilə maraqlanmırlar, dövlət isə qanunu pozanlara qarşı cəza tədbirləri həyata keçirmir, çünki bu, polis və məmurların korrupsiya əməlləri ilə neytrallaşdırılır.
Keçmiş kənd sakinləri Səbayel Rayon İcra Hakimiyyətinin məmurlarının və polisin gözləri önündə ev tikiblər. Polis və məmurların ev sahiblərinin yanına gələrək qanunsuz tikintiyə görə susmalarının müqabilində onlardan pul alması şübhə doğurmur. Hətta rüşvəti cibinə qoyaraq “yeni bakılı”ya firavan həyat da arzulayıblar.
Azərbaycanda bu prosedur hamıya yaxşı məlumdur, belə ki, bütün ölkə boyunca, xüsusilə də Bakıda və Abşeron yarımadasında tətbiq edilir. Hasar çəkərkən belə yerli hakimiyyət və polisdən ibarət “nümayəndə heyəti” hadisə yerinə gəlir, tikintini aparan şəxsdən rüşvət alaraq sakitcə oradan uzaqlaşır.
2015-ci ilin aprelindən ev tikmək istəyən vətəndaş rayon İcra Hakimiyyətini öz niyyəti barədə xəbərdar edir və ərizə ilə birlikdə evin layihəsini təqdim edir. İcra Hakimiyyəti 15 gündən gec olmayaraq bunu yazılı şəkildə ya təqdir etməli, ya da səbəblərini izah etməklə tikintinin qanunsuz olduğunu vətəndaşa bildirməlidir. Belə olan halda vətəndaş öz fikrindən daşınmalı ya da yuxarı instansiyalara, məhkəməyə şikayət etməlidir. Bu qayda 3 mərtəbədən (12 metr) yuxarı olmayan fərdi evlərə şamil edilir, Şəhərsalma və Tikinti Məcəlləsində belə yazılır.
Beləliklə, əgər hakimiyyət sürüşmə zonasında fərdi evin tikintisinə icazə veribsə dövlətin günahı danılmazdır. Əgər hakimiyyət bunu qadağan edib, ancaq vətəndaşlar qadağanı pozaraq hakimiyyət nümayəndələrinə rüşvət verərək razılığa gəlibsə, deməli, dövlət də, tikintini aparan vətəndaşlar da günahkardır.
Dövlətin günahı həm də ondadır ki, 2011-ci ildə qəbul edilmiş “İcbari sığorta haqqında qanun (xüsusi bölməsi (II) və ikinci fəsli (“Daşınmaz əmlakın icbari sığortası) icra edilmir. Əgər vətəndaşlar öz əmlaklarına sığorta polisi alsaydılar, sürüşmə qurbanlarına yardımın maliyyə yükü sığorta şirkətlərinin üzərinə düşərdi. Ancaq dövlət “İcbari sığorta haqqında” qanuna əəml olunmasını tələb etmir, eləcə də Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına əməl olunmur. Bu qanunlar işlək olmadığından vətəndaşların hüquqlarının müdafiəsinə xidmət etmir, əksinə, onlara problemler yaradır.
Beləliklə, işləməyən qanunların qəbulu və onların icrasının tələb olunmaması eyni zamanda vətəndaşların həmin qanunlardan yan keçmək üçün dövlət qulluqçuları ilə korrupsiya sövdələşməsinə girməsinə yol açır. Dövlət vətəndaşların, həmçinin onların evlərinin və digər əmlaklarının təhlükəsizliyinə problem yaradıb. Odur ki, təhlükəli ərazilərdən çıxarılan vətəndaşların itirdikləri əmlaka görə dövlətdən kompensasiya tələb etməsi əsaslıdır.
Oxunub: 268