Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin barəsindəki verilən apellyasiya şikayətinin indiyədək məhkəməyə göndərilməyib. Şikayətin məhkəməyə göndərilməməsinin bugünə qədərki izahı bundan ibarət idi ki, Akif Çovdarov məhkəmə iclas protokolları ilə tanış olub öz qeydlərini vermək istəyir.
Amma Akif Çovdarov ətrafında başqa xəbərlər də dolaşmaqdadır. Bəzi mənbələrin məlumatına görə hökumət mətbuatının Çovdarovun ağır xəstə olmasıyla bağlı yaydığı xəbərlər təsadüfi deyil. Yəni, Akif Çovdarovun səhhətiylə bağlı xəbərlərin qabardılmasının yeni bir planın tərkib hissəsi olduğu bildirilir. Hətta belə fikirlər gəzir ki, keçmiş general xəstəlik səbəbiylə azad edilə də bilər.
Yeri gəlmişkən, apellyasiya şikayəti noyabrın 11-də verilib. Şikayətin verilməsindən 3 aya yaxın vaxt keçir.
Xatırladaq ki, oktyabrın 30-da Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Akif Çovdarov və digərlərinə hökm elan olunub. Məhkəmənin hökmü ilə Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Oxunub: 784