Bütün dövlət qurumları çəltik ətrafında birləşəcək
Azərbaycan çox güclü ölkədir və belə getsə onun güclü çəltiyi olacaq. Bizim iqtisadi inkişafımız ayrıca bir fenomendi və bu fenomeni dünya iqtisadçıları qavaraya bilmir. 150 milyard neft pulunun başına daş saldıqdan sonra, qənaət rejiminə keçmək, islahat aparmaq, qeyri- neft sektorunu inkişaf etdirmək qərarına gəldilər. Əvvəlcə pambıq səfərbərliyi etdilər və bir müddətdən sonra məlum oldu ki, “ağ qızıl” üzümüzü ağarda bilməyəcək. Sonra fındıq, pomidor, tut tingi meydana gəldi və bununla böyük müşavirələr keçirildi, sərəncamlar verildi, qurumlar yaradıldı və.s Amma qısa müddətdən sonra məlum oldu ki, pomidorla da böhrandan çıxmaq mümkün olmayacaq. Ona görə də yol xəritəsi hazırladılar və bu xəritəylə çəltiyin izinə düşdülər. Son dayancaq çəltik stansiyasıdı. Uzun hesablamalardan sonra “çəltik bol olarsa basılmaz vətən” qənaətinə gəliblər. Belə ki, ölkə başçısının ötən gün təsdiqlədiyi “Çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı hazırlanıb.
Nəzərdə tutulan işlərin görülməsi Kənd Təsərrüfatı, İqtisadiyyat, Ədliyyə, Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinə, Azərbaycan Milli Elmlər Akademiyasına, yerli icra hakimiyyəti orqanlarına, Maliyyə Bazarlarına Nəzarət Palatasına, Əmlak Məsələləri Dövlət Komitəsinə, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə həvalə olunub.
Yəqin ki, bugünə qədər heç bir sahənin inkişafıyla bağlı bu boyda səfərbərlik olunmayıb. İqtisadiyyatımızın əsasını təşkil edən, ölkəyə milyardlar axınını təmin edən neftlə bağlı belə bir həyəcanlı qərar olmamışdı. Bəli, ölkənin əsas gəlirli sahəsi olan nefti 1 şəxsə tapşırdıqları halda, çəltiyi bütün dövlət qurumlarına tapşırıblar. Yəqin ki, Təhsil naziri təyin olunan kimi onu da çəltiyə trenafer edəcəklər.
Maraqlıdır, niyə bu qədər dövlət qurumu çəltiyə çeşik çəkməlidir? Ədliyyə nazirliyi çəltiyin məhkəmə proseslərinin şəffaflığına nəzərət edəcək? Yoxa, Xarici İşlər nazirliyi Qarabağ danışıqlarında çəltiklə düşməni gipnoz edəcək?
Axı, çəltiyi bu qədər möhtəşəm edən nədir ki, məmə yeyəndən pəpə deyənə qədər hamını bu plana soxublar. Bəlkə çəltikdən atom bombası düzəldəcəyik?
İstənilən halda bu sərəncamdan sonra “bir çəltiyin manifesti” ni yazmaq lazımdır. Düşməni cavab atəşiylə yox, çəltik atəşiylə susduracağıq.
Korrupsiya, monopoliya, hüquqsuzluq, saxtakarlıq, repressiya yetişdirmişiksə, çəltik də yetişdirərik.
İlham
.
Oxunub: 222