Tarixçi alim, professor Cəmil Həsənli yaxın vaxtlarda nəşr olunacaq “Azərbaycanda Sovet Liberalizmi: Hakimiyyət, Ziyalılar və Xalq. 1959-1969” adlı kitabından yeni parça yayımlayıb. Feysbuk səhifəsindən paylaşdığı növbəti parçada söhbət 1963-cü ildə Azərbaycanda aclıq təhlükəsinin yaranmasından gedir.
1963-cü il: Respublikada aclıq təhlükəsinin yaranması
Nikita Xruşşovun 10 illik hakimiyyəti Sovet İttifaqın böhrana gətirib çıxarmışdı. Xüsusi ilə kənd təsərrüfatı sahəsində aparılan uğursuz ekspermentlər, volyuntarist qərarlar, rəhbərliyin qarğıdalı epopeyası ölkədə aclıq təhlükəsi doğurmuşdu. Bu təhlükə 1963-cü ildə Azərbaycanın da başının üzərini almışdı. Hələ, 1962-ci ilin sentyabr ayının 17-də əhalinin çörək təminatının vəziyyəti ilə bağlı Sov.İKP MK-nın sorğusuna cavab olaraq Vəli Axundov bildirdi ki, 1962-ci ildə respublikanın un ehtiyatı 360 min ton , cari ilin səkkiz ayında isə 253 min ton olmuş, bunun 174,5 min tonu çörək istehsalına sərf edilmişdir. Axundov 1961-1962-ci illərdə respublikada müşahidə edilən çörək qıtlığını həmin illərdə taxılçılıqda məhsuldarlığın az olması və bununla bağlı əhalinin çörək və una olan ehtiyacının artması ilə izah edirdi. O, yazırdı: “Hazırda əhalinin çörəklə təminatı normallaşıb. Respublikanın şəhər və kənd ticarət şəbəkələrində satışda daimi olaraq çörək vardır.”
Əhalinin çörək təminatında yaranmış böhran dərinləşdiyi üçün 1962-ci ilin oktyabr ayının 4-də Sov.İKP MK və SSRİ Nazirlər Soveti “Dövlət çörək ehtiyatlarından istifadə edilməsində qayda yaratmaq haqqında” qərar qəbul etmişdi. Həmin qərarın yerinə yetirilməsi ilə bağlı təcili olaraq Azərbaycan KP MK və respublika Nazirlər Soveti oktyabr ayının 18-də birgə tədbirlər planı hazırlamışdılar. Orada göstərilirdi ki, partiya və hökumət qərarının yerinə yetirilməsi məqsədilə ticarət şəbəkələrindən alınan çörək və çörək məhsullarının heyvan və quş yemi kimi istifadəsini qadağan etmək üçün tədbirlər görülmüş, ticarət təşkilatlarında, taxıl qəbulu məntəqələrində, nəqliyyat vasitələrində, kolxoz və sovxozlarda taxıl oğurluğu və taxıl itkisinə qarşı mübarizə gücləndirilmişdir. Bu tədbirlər haqqında Sov. İKP MK və SSRİ Nazirlər Sovetinə məlumat verən Vəli Axundov və Ənvər Əlixanov bildirirdilər ki, 1963-cü ildə respublikada 367 min ton un istehsal edilməsi nəzərdə tutulub. Eyni zamanda onlar məlumat verirdilər ki, ticarət şəbəkələrindən heyvanları yemləmək üçün çörək və çörək məmulatları alan, heyvan saxlayan vətəndaşlara diferensial əlavə pul vergisinin tətbiqi, ictimai faydalı əməklə məşğul olmayıb şəxsi varlanmaq məqsədilə heyvan saxlayan vətəndaşlara qarşı inzibatı və cinayət məsuliyyətinin gücləndirilməsi haqqında qanun layihələrinin hazırlanıb Ali Sovetə təqdim edilmişdir.
1963-cü ilin yayında, məhz taxıl biçini vaxtı respublika aclıq təhlükəsi ilə üz-üzə dayanmışdı. Məhz, həmin il Xruşşov avantüralarına əlavə olunmuş ölkəni bürüyən quraqlıq ilk dəfə Sovet İttifaqını xaricdən taxıl almağa məcbur etdi. 1963-cü ilin avqust ayının əvvəllərində kənd təsərrüfatına məsul olan Sov. İKP MK katibi Vasiliy Polyakov Pyotr Yelistratova zəng edib Azərbaycan SSR-in kolxoz və sovxozlarının dövlətə taxıl satışının qeyri-qənaətbəxş olduğunu respublika rəhbərliyinin nəzərinə çatdırmışdı. Bu xəbərdarlıqdan sonra taxıl tədarükünü qaydaya salmaq üçün Azərbaycan KP MK Rəyasət Heyəti büro üzvlərinin yerlərə ezam edilməsi haqqında qərar qəbul etdi. MK katibi Yelistratova tapşırldı ki, taxıl tədarükündə yaranmış böhranlı vəziyyətlə bağlı Sov. İKP MK-nın narazılığını partiya komitələri katiblərinə və istehsalat idarələrinin rəislərinə çatdırsın.
Əhalinin çörək təminatında yaranmış böhranlı vəziyyəti nəzərə alaraq Azərbaycan KP MK əvvəlcə 1963-cü ilin sentyabr ayının 4-də, iki həftə sonra isə sentyabrın 17-də taxıl tədarükü ilə bağlı məsələni müzakirəyə çıxardı. 17 sentyabr qərarında göstərilirdi ki, respublikada taxıl yığımı planı cəmi 70,4 faiz yerinə yetirilib, 9,2 milyon pud əvəzinə dövlətə 6,5 milyon pud taxıl təhvil verilib. Kənd təsərrüfatı məhsullarının tədarükü və istehsalı nazirlinin rəhbərləri kimi Əsgər Orucov və Şamil Rəsizadəyə, Çörək məhsulları baş idarəsinin rəisi X. Bareyevə tapşırıldı ki, təcili olaraq taxıl tədarükü ilə bağlı məsələni qaydaya salıb dövlət planının yerinə yetirilməsin təmin etsinlər.
1963-cü ilin payızında Sovet İttifaqı əhalisinin çörək məhsulları ilə təminatı kəskin xarakter aldığından Sov. İKP MK və SSRİ Nazirlər Soveti avqust ayının 29-da “Dövlət çörək ehtiyatlarına qənaət edilməsi tədbirləri haqqında” qərar qəbul etdi. Bu qərara uyğun olaraq sentyabr ayının 12-də müvafiq dövlət orqanlarına çörək istehsalı üçün qarğıdalı və arpa unundan istifadə etməyə icazə verdi. Buğda unundan bişən çörəyin çəkisini artırmaq üçün çörək kombinatlarına icazə verildi ki, çörəyin nəmliyini 2 faiz, duzluluğunu isə 1 faiz artırsınlar. Buğda unundan hazırlanan çörəyə 20 faiz arpa unu, 10 faiz çovdar unu əlavə edilməsinə icazə verildi. Mərkəzi və respublika orqanlarına tapşırıldı ki, çörək itkisinə yol verməmək üçün təcili olaraq çörək kombinatlarını alüminium qəliblərə təchiz etsinlər. Bu qərardan irəli gələn öhdəlikləri yerinə yetirmək üçün Azərbaycan KP MK sentyabr ayının 30-da yalnız müalicə və uşaq müəssisələrinin əla növ undan bişirilən çörəklə təmin edilməsi, bu növdən olan qalan unun makaron istehsalına yönəldilməsi barədə Çörək məhsulları baş idarəsinə tapşırdı. 1963-cü ilin sentyabr ayının 1-də əhaliyə pərakəndə un satışı dayandırıldı və SSRİ-nin iri şəhərlərində istehsal edilən çörəyin 2/3-ni artıq noxud və qarğıdalı unu təşkil edirdi.
60-cı illərin əvvəllərində respublika orqanlarına yazılan şikayətlərin böyük bir hissəsi çörək qıtlığı və taxıl çatışmazlığı ilə bağlı idi. Qəribə də olsa bu şikayətlərin xeyli hissəsi ölkəni çörəklə təmin etməli olan kənd rayonlarından gəlirdi. Məsələn, Qasım İsmayılov rayonu Xoylu kəndindən N. Verdiyev yazırdı ki, onun ailəsi 9 nəfərdən ibarətdir, özü və həyat yoldaşı işləyir və kolxozdan il ərzində ikisi birlikdə əmək haqqı kimi 198 kq buğda alıblar. O, Nazirlər Sovetinə yazırdı ki, çörək qıtlığından əziyyət çəkirlər və hökumətdən kömək istəyirdi. Həmin rayonun Qazançı kəndindən aqranom İ. Quliyev hmayəsində 5 nəfər ailə üzvünün olduğunu yazır, çörək tapa bilməməsindən şikayət edirdi. Gədəbəy rayonunun Kiçik Qaramuradlı kəndindən müəllim İ. İsmayılov tək işlədiyini, 8 nəfər ailə üzvünün olduğunu yazır, nə bazarda, nə dükanda taxıl və un tapa bilmədiyin bildirirdi. Lənkəran rayonunun Pensər kəndindən Q. Veysəlova 8 uşaq anası olduğunu, yalnız həyat yoldaşının işlədiyin yazır, 10 ay ərzində kolxozun onlara cəmi 421 kq çəltik verdiyini, aclıq çəkdiklərin bildirirdi. Respublikanın əsas taxılçılıq rayonu olan Astraxanbazarın Edişa kəndindən Vətən müharibəsi əlili A. Quliyev 6 baş ailəsinin olduğunu, 30 manat 25 qəpik pensiya aldığını, ailəsinin aclıq çəkdiyini yazır və yardım istəyirdi. Qazax rayonunun Kəmərli 11 illik məktəbinin müəllimlərinin Nazirlər Sovetinə göndərdikləri kollektiv məktub daha maraqlıdır. Onlar yazırlar ki, “çörəklə təmin olunmadıqları üçün onlar çörəyi Ermənistan SSR-in Noenberyan rayonundan alırlar. Hazırda onlar da çörək satmaqdan imtina edirlər.” Ona görə xahiş edirdilər Azərbaycan hökuməti onlara müvafiq orqanlar vasitəsi ilə onlara çörək və ya taxıl satışını təşkil etsin. Yardımlı rayonunun Anzov və Alar kəndindən çoxuşaqlı ailələr yazırdılar ki, çörək yoxdur, bazarda taxl baha qiymətədir, aclığa qarşı onlara yardım göstərilməsin xahiş edirdilər. Zəngilan rayonunun XXII partiya qurultayı adına kolxozun kolxozçuları kollektiv şəkildə bildirirdilər ki, bu il onlara taxıl bölünməyib, aclıq çəkirlər, heç yerdə taxıl satılmır və hökumətdən müvafiq kömək istəyirlər. Çörək qıtlığı ilə bağlı eyni məzmunlu məktubla Bakı şəhərindən gəlirdi. Şəhər Xanlar küçəsində yaşayan Xaritonov “Pravda” qəzetinə yazırdı ki, “uşaqları yedirtməyə heç nə yoxdur. Dükanda mannı yarması və un yoxdur. Çörəyi çiy bişirirlər. Özü təqaüdçüdür, bəzən dükanlara gedir, lakin dükanlarda heç nə yoxdur.” O, yazırdı ki, indi bişirilən çörəklə uşaqları yedirtmək olmaz. O, xahiş edirdi ki, uşaqları çörəklə təmin etmək üçün xüsusi fond yaradılsın. Ağa Nemətulla küçəsi 20 “B”, mənzil 6-da yaşayan Q. Qorşkov şikayətlənirdi ki, onların həyətlərində 158 nömrəli çörək mağazası yerləşir və orada həmişə növbə olur, dükanın midiri Tağıyev və satıcı Petrosyan 15 qəpiyə olan çörəyi 20 qəpiyə satırlar. Qorşkov müvafiq qərarlar görülməsin xahiş edirdi. Respublikanın rayonlarından və şəhərlərindən aclıqla bağlı belə ərizə və şikayətlərin sayı getdikcə artırdı. 1963-cü ilin noyabr ayının 19-da Azərbaycan KP MK Rəyasət Heyəti çörək böhranı ilə bağlı respublikanın müxtəlif yerlərindən gəlmiş bu ərizə və şikayətlərin araşdırılmasını Əmirov, Sadıxov, Nəsrullayev, Qafarov və Abdinbəyova tapşırdı.
1963-cü ilin payızında çörək təminatı ilə bağlı məsələ təhlükəli həddə çatdığı üçün Azərbaycan KP MK və Nazirlər Soveti yanında partiya və dövlət nəzarətinə tapşırıq verildi ki, dövlət çörək ehtiyatlarına qənaət etmək barədə respublika partiya təşkilatı və hökumətinin qərarlarının yerinə yetirilməsinin vəziyyətini araşdırsın. Yoxlamanın nəticəsi barədə partiya və dövlət nəzarəti komitəsinin sədri Əli Kərimov Azərbaycan KP MK-ya geniş hesabat göndərdi. Yerlərdən gələn məlumatlara əsasən bu məqsədlə idarə və müəssisələrə ümumilikdə 7800-dən çox nəzarət orqanları fəallarını əhatə edən 308 komissiya göndərildi, respublikada 1828 nəzarət postu quruldu. Kampaniya xarakteri alan yoxlamalar zamanı kənd rayonlarında yenicə yığılmış taxıl məhsullarının açıq havada saxlanması, yerli əhalinin qarğıdalıya ögey münasibəti, bəzi idarə və müəssisələrdə israfçılığa yol verilməsi kimi hallar müşahidə olunur və respublikanı bürümüş aclığın səbəbi belə ötəri hallarla izah edilirdi. Məsələn yoxlamalar zamanı müəyyən edilmişdi ki, Yevlax rayonunda 6 min ton qarğıdalı, 200 ton buğda, 60 ton arpa, Çörək məhsulları baş idarəsində 60 ton qarğıdalı, İmişli və Sabirabad rayonlarında 208 ton arpa vaxtında anbarlara vurulmadığı üçün yağış altında qalmışdır.
Partiya və dövlət nəzarəti orqanlarının yoxlaması zamanı məlum oldu ki, Bakı şəhərinin bir sıra çörək kombinatlarında pərakəndə satış şəbəkələrində göndərilin çörəyin keyfiyyəti aşağı, çəkisi isə azdır. Ticarət təşkilatlarına ehtiyac olandan az çörək göndərilməsi çörək dükanlarının qarşısında uzun növbələrin yaranmasına gətirib çıxarmışdı. Bu özünü 1963-cü ilin noyabr ayında daha kəskin şəkildə göstərmişdi. Məsələn, noyabrın əvvəllərin ilə müqayisədə həmin ayın ortalarında ticarəti şəbəkələrinə 100 ton az çörək göndərilmişdi. Naxçıvanda yoxlamalar zamanı aydın olmuşdu ki, vilayət istehlak cəmiyyətinin sədri Mahmudov 15 kisə unu Ermənistan SSR-də yaşayan qohumların göndərib, 14 kisə unu isə istehlak cəmiyyətinin isşçiləri arasında bölüşdürüb. Buna görə o, işdən çıxarıldı və kommunist partiyası üzvülüyündən xaric edildi, prokurorluq orqanları tərəfindən həbs olundu. Nəzarət komitəsinin müxtəlif orqanlarda apardığı yoxlamalar nəticəsində respublikanın bir sıra rayonlarında taxıl oğurluğu və çörək təsərrüfatı sahəsində yol verdikləri nöqsanlara görə 21 vəzifəli şəxs, 38 işçi istintaq orqanlarına verildi, 39 işçi inzibati qaydada cəzalandırıldı. Bakı şəhəri ətrafında mal-qara, davar və donuz saxlayan vətəndaşların çörəkdən yem kimi istifadə etmələrinin qarşısını almaq üçün 1959-cu ilin avqust ayının 19-da Azərbaycan SSR Ali Sovetinin “Bakı şəhəri və onun ətrafında yaşayan vətəndaşların şəxsi mülkiyyətində heyvan saxlamalarının qadağan edilməsi haqqında” qanuna istinad edərək İctimai Asayişin Qorunması Nazirliyi 1963-cü ilin sentyabr-oktyabr aylarına yoxlamalar keçirib 524 baş qoyun, 16 baş inək, 7 baş donuz aşkar etdi. Həmin mal-davar dəyər-dəyməzinə sovxozlara təhvil verildi. Yoxlamalar zamanı bir sıra pərakəndə satış məntəqələrində çörəyin və digər kənd təsərrüfatı məhsullarının müəyyən edilmiş dövlət qiymətindən baha satılması müşahidə edilmişdi. Bakı şəhərində çörəyin yem kimi istifadə edilməsi şəhərin ətrafında otlaq sahələri olmayan Abşeron yarımadasında xeyli sayda heyvandarlıq sovxozları yaradılması ilə bağlı idi.
Vəziyyət böhranlı xarakter aldığı üçün 1963-cü ilin dekabr ayının 6-da respublika Nazirlər Soveti “Əhalinin çörək və çörək-bulka məmulatları ilə təminatında çatışmazlıqlar və onların aradan qaldırılması haqqında” qərar qəbul etdi. Orada göstərilirdi ki, Xalq Təsərrüfatı Şurasının yeyinti sənayesi idarəsinin, Azərçörəktrestin, Bakıçörəkticarət və Azərbaycan SSR Kənd Təsərrüfatı Məhsullarının İstehsalı və Tədarükü Nazirliyinin rəhbərlərinin laqeyd münasibəti nəticəsində respublikada, xüsusi ilə onun paytaxtı Bakı şəhərində əhalinin çörək və çörək məhsulları ilə təminatında ciddi çatışmazlıqlar yaranmışdır. Azərbaycan SSR Kənd Təsərrüfatı Məhsullarının İstehsalı və Tədarükü Nazirliyi dekabr ayının 17-də Nazirlər Sovetinin qərarını müzakirə edib nazirliyin Çörək Məhsulları Baş İdarəsinin rəisi X. Bareyev və onun müavini M. Əfəndiyevin çörək ehtiyatlarından qənaətlə istifadə etməmələrin işə qeyri-dövləti münasibət kimi qiymətləndirdi. Nazirlik Baş idarənin rəhbərlərinin günahını Azərbaycan KP MK və respublika Nazirlər Sovetinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq çörək bişirmə müəssisələrini qarğıdalı unu ilə təmin etməməkdə görürdü. Nazirliyin müzakirələrində qeyd edilirdi ki, 1963-cü ilin oktyabr-noyabr aylarında Çörək Məhsulları Baş İdarəsi 1500 ton qarğıdalı ununun 500 tonunu çörək bişirmə müəssisələrinə buraxmamışdır. Baş idarənin rəhbərliyi eyni zamanda buğda və qarğıdalının etibarlı şəkildə saxlaya bilməməkdə günahlandırılırdılar. Müzakirələrdə qeyd edilirdi ki, Yevlax rayonunda 6000 ton qarğıdalı açıq havada saxlandığından onun 700 tonu yeyinti sənayesi üçün yararsız vəziyyətə düşüb. Akstafa rayonunda 200 ton qarğıdalının yararsız vəziyyətə düşdüyü, Qax rayonunda 242 ton qarğıdalını uzunburun böcəklərin zəhərlədiyi və sair məsələlər nazirliyin rəhbərliyi tərəfindən sərt tənqid edildi. Əhalinin çörək təminatında yaranmış böhrana görə Çörək Məhsulları Baş İdarəsinin rəisi X. Bareyevin işdan azad edilməsi məsələsi qoyuldu və onun müavini M. Əfəndiyev isə töhmət verildi. Lakin respublika rəhbərliyinin qarğıdalı hesabına aclıqdan çıxmaq cəhdləri özünü doğrultmadı. Bütün SSRİ-də olduğu kimi Azərbaycanda da qarğıdalıdan yeyinti sənayesində və çörək sənayesində istifadəsinin texnologiyası hazır deyildi. Bütün ölkədə hələ ki, qarğıdalıdan heyvan yemi kimi istifadə edilirdi.
Respublikada aclıq təhlükəsinin yaranması və çörək böhranın dərinləşməsi əhali arasında narazılıq meyllərini gücləndirmişdi. Bakı, Gəncə, Sumqayıt və digər şəhərlərdə çörək dükanlarının qarşısında yaranan uzun-uzadı növbələr sosial partlayışın bir addımlığına gəlib çıxmışdı. Rəhbər partiya və sovet işçiləri əhalinin qəzəbindən çəkinərək çörək növbələrində görünməkdən ehtiyat edirdilər. Böyük şəhərlərdə çörək növbələri bir sıra hallarda kütləvi iğtişaşlarla müşayiət olunmağa başlamışdı. Yadfikirliliyə qarşı müba¬rizənin gücləndirilməsi məqsədilə 1961-ci ildə Bakıda əlavə nəzarət məntəqə¬lərinin yaradılması müvəqqəti xarakter daşıdı. 1961-ci ildə keçirilən pul islahatı manatın nominal dəyərini azaltmışdı və infilyasiyanı gücləndirmişdi. 1962-ci ildə kənd təsərrüfatı sahəsində Xruşşov ekspermentləri dalana dirəndi. Ərzaq məhsullarının qıtlığı o qədər kəskin xarakter aldı ki, 1962-ci ilin may ayının 17-də Sov. İKP MK Rəyasət Heyəti ət, süd, yağ, yumurta və qəndin qiymətini 25-30 faiz qaldırmağa razılıq verdi. 1962-ci ilin iyun ayının 1-də ət və ət məhsullarının qiymətinin birdən-birə 30 faiz qaldırılması və fəhlələrin əlavə yüksək haqla ödənilən əmək haqqı normativlərinin artırılması real gəlirlərin 30 faiz aşağı düşməsi ilə nəticələndi və böyük şəhərlərdə sovet cəmiyyətini partlayış həddinə gətirdi. Böyük hərbi hissənin və tank qoşunlarının yeridilməsi hesabına yatırılan 1-3 iyun Novoçerkask hadisələri zamanı 24 nəfər öldürüldü, 80 nəfərdən çox adam yaralandı. Novoçerkaskda əməliyyat zamanı 14 nəfər həbs edildi və onlardan 7 nəfərinə güllələnmə çəzası verildi. Əslində Sovet cinayət məcəlləsinin kütləvi ixtisaslara aid 79-cu maddəsi güllələnmə cəzasını nəzərdə tutmadığı üçün qanun pozuntusuna əl atıb ittihamı banditizm maddəsinə dəyişdilər və ixtisasların fəal iştirakçılarına güllələnmə cəzası verdilər. 1962-ci ilin yayında Novoçerkask etirazları Sovetlərin böhranının açıq təzahürü idi. Bu hadisədən sonra hər yerdə Sovet qanunçuluğu möhkəmləndirilsə də, sosialist şəhəri hesab edilən Sumqayıtda qəflətən baş vermiş iğtişaş ölkədə sükutu pozdu.
Oxunub: 388