Fimar
Haralara gəlib çıxdıq, nələr görürük…
Jurnalistikada olmaq hələ aşağıdan yuxarı onun üst qatlarına baxıb nələrisə görmək, alt qatlarından xəbərdar olmaq deyilmiş. Jurnalistikaya arzudan, fəhləlikdən, ya məmurluqdan gəlmək də şərt deyilmiş. Bakı dövlət universitetinin diplomuyla kurs sertifikatının da fərqi yoxmuş. Yəni, sənət, peşə, savad, təcrübə şərt deyilmiş, hardasa. Şərt ləyaqətmiş, əxlaqmış, mənəviyatmış, insanlıqmış, bu kimi gözlə görünməyən, ilk baxışda hiss olunmayan dəyərlərmiş. Olsa. Olanda. Yazmağı yaza-yaza öyrənmək olurmuş, bir az gec, bir az tez, bir az pis, bir az yaxşı. Ləyaqət, hə bir az çətin məsələdir.
İllərdir jurnalistikadayam. Dəqiq deyim, 1976-dan. Çölündə, atlında, üstündə yox, içində. Sədaqətliyəm, elə olub jurnalistikadan qazancım olmayıb, pulsuz işləmişəm. Elə olub qələmimi əlimdən alıblar, barmaqlarımı işə salmışam. Atmamışam onu. Mən sevdiklərimə sadiqəm. Dövlət mediasında, kəskin müxalif media qurumunda, neytral mediada-hamısında çalışmışam . Onların heç birində prinsiplərim dəyişməyib. Bu gün ayrı-ayrı tərəflərə bağlı olan hər bir media orqanının necə idarə olunduğu, hansı əsaslarla fəaliyyət göstərdiyi barədə istənilən obyektiv şərh və təhlili verə bilərəm. A-dan-Z-yəcən. Mexanizmi təsvir etməklə, cikini-bikini açıb tökməklə, ilmələri, düyünləri çözə-çözə. Nə zamansa, bəlkə…
Heç demə, jurnalist təcrübəmdə bir yarımçıqlıq varmış, “şükür”, tamamladım. Həyatımda ilk dəfə reket jurnalist düşərgəsilə(əmək və istirahət düşərgəsi) tanış oldum, bunu görməmişdim, gördüm, bilmədiklərimi öyrəndim. Gördüm aralarında bacarıqlıları, fərasətliləri, iş bilənləri çoxdur. Ama hamısı, hamısı deyirəm ha, yaxın, bəlkə də eyni əxlaqlı (əxlaqsız) insanlardı, bir mərkəzdən idarə olunur və sıx toxunmuş şəbəkə şəklində fəaliyyət göstərirlər. Kompüterin arxasından durmadan, telefon əlindən düşmədən necə “araşdırmalar”, “monitorinqlər” aparılır, “oxucu rəyləri” gəlir, “şikayət məktubları” sıralanır, “hadisə yerindən reportajlar” verilir. “Foto”lar, “video”lar əlavə olunur. “Çıqanskaya poçta” xəbər daşıyır. Birdən başlayıb 20-30-a qədər yayılır. Sonra hədə, şantaj gəlir, bir-birinə dəstək mərhələsi başlayır, it-itin ayağını basmır. Cavabdeh tərəf bir balaca yumşaq tərpənirsə, kampaniya genişlənir, karusel yaranır: “orda paketdə “yal” paylayırlar, sən də get, tələb elə. Hədələ, qorxut.” Utanmaq, çəkinmək, həddini bilmək…deyə bir şey yox qavramlarında. Yazmağı bacarıb bandabaşı, qanuni oğru, lotu olmaq- reketçiliyin təməl prinsipləridir bunlar.
Hansı nüfuzlu rəsmi və ictimai qurum rəhbəri reket jurnalistikanını qarşısını almaq olmur deyirsə, bilin yalan danışır. Və bilin ki, reketlərin parçalanıb bölünmə yoluyla çoxalmasında hamıdan çox onlar maraqlı tərəfdir. Tərəfdirmi, bəlkə də yox, arxadılar. Reket media “azad söz” pərdəsi arxasında asanlıqla gizlənə bilir-pərdəni onlar üçün qapalı saxlayanlar var. Reketlərin qurduğu torun üzərində rahat həyat qazanmaq, şöhrətlənmək, vəzifəyə qalxmaq, ictimai fiqura çevrilmək, dövlət idarəetməsinə belə yetmək olar. Deputat olmağı yazmıram belə.
Qanunlarla idarə olunan dövlətlərdə reketçilik olmur, olsa da yayılmır. Çünki o reketin yazdığı yalan-yanlış informasiya hədəfdə olanı qorxutmur, əmindir, haqqını qoruya biləcək. Bizdə isə durum fərqlidir. Hamı kimin reket olduğunu bilir, susur. Elə ki kimsə qarmağa düşür, qohum-əqrəbası, dost-tanışı, şərikləri “azad sözə basqı” adı ilə kampaniya başlayır. Biz susuruq. Bəzilərimiz kampaniyanı dəstəkləyir. Bu bir çamurdur, batdıqca batırıq, qaranlıq quyudur-günəş işığı düşmür. Burda yanaşma, mövqe belədir: öz adamlarına meydan verib bizimkiləri tuturlar. Ay sizinkilərin də, onlarınkılar da başı batsın elə, jurnalistikanın evini yıxdıqlarına görə.
Jurnalistikamızın faciəsi tək reketçilik deyil. O qədərdi ki…
Istedadlı biri oxunaqlı bir yazıya, əsasən də müsahibəyə açıq-saçıq, seks çalarlı başlıq qoyur, deyir; nə edim, oxucu bunu istəyir. Bacarıqlı birisi məişət sohbətlərini xəbərə çevirib, gündəm yaradır, deyir “sayt saxlamaq” çox çətindir. Reklam verən yoxdu, qoymurlar. Digəri yalanı elə yazır, sənin inanman cəhənnəm, sonda özü də inanır. Birisi aylarla çəkdiyi əməyin bəhrəsinini addımlığındaykən bir ayrısı ona badalaq vurur, deyir mən naşir deyiləm, biznesmenəm. Yəni, kapitalizm deyir ki, cibinizi doldurmaq üçün yaxşı dəyərlərin hamısını atın, satın, itirin, batırın, insanların beynini çürüdün, həyatına qarışın, yalanı-yalana calayıb şüurları qaraldın? Yəni həyat ağırdır deyə qadınlar fahişə, kişilər oğraş olmalıdır? Deyək ki dövlət yiyəlik etmir, başımın böyüyü yoxdur, kimsə sahib çıxmır, mən mütləq ayağımın birini qatlayıb altıma gizlədib sürünməklə, ya qolumu biləkdən əyib taytıya-taytıya gəzməklə, yaxama lövhə yapışdırıb özümü lallığa, karlığa vurmaqla dilənməliyəm? Reketlər də jurnalistikanın saxta şikəst balaları, dilənçiləridir-belələrinin doğulmasının qarşısını almaq gərəkdir, nəinki yaşatmaq. Bəsdirin siz Allah, adamın adamlığı olar!
Qabaqdan seçki gəlir, yazdım ki, reketlərdən qorunmaq barədə də düşünəsiz. Həssas dönəmdir, reketlərin paket dövrü başlayıb.
Oxunub: 810