Türkiyə Statistika Təşkilatının yeni yaydığı hesabata görə, hazırda təkcə Antalya bölgəsində 3217 Azərbaycan vətəndaşı yaşayır. Təşkilatın bu bölgəni xüsusi qeyd etməsi, yəqin ki, orada rəsmi qeydiyyata alınan həmvətənlərimizin say çoxluğuna görədir. Əslində isə, qardaş ölkədə yaşayan soydaşlarımızın sayının bir neçə milyon olduğu kimsəyə sirr deyil. Keçən il Azərbaycan hökuməti tərəfindən açıqlanan xaricdə yaşayan azərbaycanlıların siyahısında Türkiyədə bu say 3300600 nəfər olaraq qeyd edilmişdi. Amma bura Cənubi Azərbaycandan olan soydaşlarımız da daxildir. İstənilən halda, hal-hazırda qardaş ölkədə Azərbaycan vətəndaşı olaraq yaşayıb işləyən insanların sayı milyonu çoxdan ötüb, şübhəsiz. Azərbaycandan gedən həmvətənlərimizin 2 milyon nəfərinin Rusiyada, 500 min nəfərinin Gürcüstanda, 280 min nəfərinin Ukraynada və bir milyon nəfərdən artığının da başqa ölkələrdə yaşadığını nəzərə alsaq, bu, ölkə əhalisinin üçdə ikisindən xeyli çoxu edir.
Türkiyə Statistika Təşkilatının açıqlaması maraqlı bir məqamı da yadıma saldı. Keçən ilin yanvarında Azərbaycan hökuməti xaricdə yaşayan aztəminatlı azərbaycanlı ailələrinə sosial yardım ayrılması haqqında qərar vermişdi. Bu qərarın hansı zərurətdən doğduğu hələ də müəmma olaraq qalır. Amma kimsəyə sirr deyil ki, sosial yardım adı altında xaricə çıxarılan o pulların kimə, nə məqsədlə ötürüləcəyi mütləq mənada şübhə doğurur. Statistika Komitəsi ötən ilin avqust ayında rəsmi olaraq açıqlayıb ki, iyulun 1-nə qədər ölkədə 120,3 min aztəminatlı ailənin 498,4 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alıb. Yardım alanların sayı ilin əvvəlində həmin rəqəmdən 10,7 faiz artıq olub. Həmin 10%-in yardımının kəsilməsi də onların vəziyyətinin yaxşılaşması ilə deyil, hökumətin “kasıblaması” ilə bağlıdır. İndiki halda da ölkə əhalisinin, hardasa üçdə birinin o sosial yardıma ehtiyacı olduğu kimsəyə sirr deyil. İş burasındadır ki, ölkədə yaşayış şəraitindən bezən minlərlə insan baş götürüb gedir. “Humanist” hökumət isə xaricdə yaşayan həmvətənlərimizin dərdini çəkir.
Azərbaycan Dövlət Statistika Komitəsi keçən il 1990-cı ildən bu günə kimi ölkəyə daimi yaşamaq üçün gələnlərin və gedənlərin hesabatını yaymışdı. O rəqəmlərə görə 1990-cı ildə ölkəyə daimi yaşamaq üçün gələnlər 84,3 min nəfər, həmin il ölkədən gedənlərin sayı isə 137,9 min nəfər olub. Rəsmi rəqəmlərə görə, daimi yaşamaq üçün gedənlərin sayı ildən-ilə azalaraq 2016-cı 1,7 min nəfərə çatıb. Ümumiyyətlə isə, 1990-cı ildən 2017-ci ilə qədər daimi yaşamaq üçün ölkədən gedənlərin sayı 453,8 min nəfər olub. Şübhəsiz, bu rəsmi qeydiyyata düşənlərin sayı ola bilər və hazırda xaricə böyük köç axını yaşayan ölkənin əsl reallığını əks etdirmir. Bunu Türkiyə tərəfinin Antalyada yaşayan Azərbaycan vətəndaşlarının rəsmi sayı ilə açıqladığı rəqəm də ortaya qoyur. İstanbulda çoxdan bu sayın milyona yaxın olduğu deyilir. O zaman belə bir sual yaranır? Azərbaycan hökuməti öz vətəndaşlarının qayğısına belə qalırsa, bu qədər insan ölkədən niyə qaçır? Və ölkə insanını doğma ocağından didərgin salıb, arxasınca sosial yardım göndərmək hansı hiylədən xəbər verir görəsən? O “sosial yardım” adı altında ayrılan vəsait kimlərə və nə məqsədlə gedəcək? Müəmmalı məsələ deyilmi?
Səadət
Oxunub: 294