Vətən başın sağ olsun! Məşdi Vaqif haqqın dərgahına qovuşdu. Müstəqilliyə münasibətinə, vətənsevərliyinə, haqqa tapınmasına, azadlıq ideallarına hədsiz sədaqətinə görə təkrarsız adam idi. Ötən əsrin 90-cı illərindən tanıyırdam onu. Həyatı mübarizənin içində keçmişdi. Obraz idi. Sadə bir Azərbaycanlı ailəsindən çıxan, müstəqilliyi həyat amalı kimi qəbul edən, onun uğrunda bütün məhrumiyyətlərə hazır olan bir obraz. Heydər Əliyevin əleyhinə kəskin çıxışlarına görə ötən əsrin 90-cı illərində evinə silah atılıb həbs edilən şəxslərin sırasında ilklərdən idi. Əvvəlcə narkotika ilə tutmaq istəyirdilər. Şəxsiyyətinə sığışdırmadı. Özü silahla tutulmağa üstünlük verdi.
Məşədi Vaqif mübarizə adamı idi. Xalq Cəbhəsinin üzvü kimi, onun rəhbər heyətində təmsil olunan fədakar bir cəbhəçi kimi, Milli Şuranın üzvü kimi xalqın haqqı və hüququ uğrunda mübarizəni həyat qayəsinə çevirmişdi. Harada mübarizə var idi Məşədi Vaqif orada idi. Özü də məhbus oldu, nahaqdan tutulanların, şərlənib tutulanların heç birini unutmadı. Saf bir iman sahibi olaraq dindarından tutmuş atestinə qədər saxta ittihamlarla tutulan hər kəsin məhkəməsində iştirak etməyə, rejimin hədəfinə çevrilmiş insanlara mənəvi dəstək verməyə çalışırdı. Məhəmmədli kəndindən bütün məhkəmə proseslərinə gəlirdi.
Məşədi Vaqif sadə bir cəbhəçi obrazı idi. Bütün varlığını, bütün həyatını vətənin azadlığı uğrunda, demokratik dəyərlərin bərqərar olması uğrunda mübarizəyə həsr etmiş bir cəbhəçi obrazı. Cəbhənin təlatümləri içərisindən vətənçilik, düzlük, doğruçuluq, mərdlik, milli təəssübkeşlik, dürüst bir iman sahibi olmaq onu bütün sapıntılardan qorudu. Əməlləri kimi çöhrəsi də nurlu idi. Elə həmin nurlu çöhrəsi ilə də bu dünyanı tərk etdi. Amma həmişəlik yox. O, gündəlik həyatı ilə milli ruhu diri saxlayan adamlardan idi və keçdiyi həyat yoluna görə Məşədi Vaqif dirilmək üçün ölən sadə bir cəbhəçidir, öz təkrarsız şəxsiyyəti ilə uzun yolun yolçusu olan millətin bir zərrəsidir. O, haqqın dərgahında da öz yolunu davam etdirəcək…
Oxunub: 190