Bayıldakı sürüşmə zonasında vəziyyət acınacaqlı durum alıb. Dünən ərazidəki evlərin necə uçulduğunu nümayiş etdirən videoları gördünüz yəqin. Artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri əraziyə yaxın getməyin belə təhlükəli olduğunu bildirir. İndi bu ərazidəki sürüşmə hadisəsinin qısaca tarixçəsinə nəzər salaq və sonra əlaqədar orqanlara bir sualımız olacaq.
“Bayıl sürüşmələrinin tutduğu ərazilər əsasən Funikulyordan Neftçilər prospekti, Xəzər dənizi istiqamətinədək, şimalda Dağüstü Parka tərəf, şimal–qərbdə Bayıl dairəsinin “ağzınadək” olan əraziləri əhatə edərək, aktiv sürüşmə vaxtı olmuş sürüşmələr öz areallarını genişləndirir.
Burada 1903, 1914, 1927, 1929, 1930, 1943, 1946, 1952, 1953, 1968, 1969, 1970, 1974, 1978, 1991, 2000–ci illərdə olmuş sürüşmələr nəticəsində Uşaq xəstəxanası, Ayaqqabı fabriki, şəhər zooparkı, Saraykin, Park küçələrində çoxsaylı yaşayış binaları, Paris Komunası, Gəmi Təmiri zavodlarının müxtəlif tikililəri, yanacaqdoldurma stansiyası, Texniki peşə məktəbi, avtomobil yolu, müxtəlif kommunikasiya qurğuları və s. obyektlər dağılaraq öz fəaliyyətlərini dayandırmağa məcbur olublar. Göstərilən ərazidə son 100 ildə ən dağıdıcı sürüşmə 6–7 mart 2000–ci ildə olub və bunun nəticəsində 200 fərdi ev zədələnmiş, 43 ev isə dağılaraq istifadə üçün tam yararsız hala düşmüşdür. Mütəxəssislərin ola biləcək sürüşmələr haqda vaxtında etdikləri xəbərdarlıq çoxsaylı insan ölümünün qarşısını almışdır.
2000–ci il Bayıl sürüşmələrinin qarşısının alınması üçün Rusiyadan 3 nəfər sürüşmələr üzrə mütəxəssis Azərbaycana dəvət olunub. Onlar Bayıl sürüşmələri haqda Azərbaycan mütəxəssislərinin göstərilən sahəyə dair məlum materiallardan istifadə edərək Bayıl sürüşmələrinin qarşısının alınması üçün təklif və tövsiyələr verir və onlara gördükləri işin müqabilində kifayət qədər böyük qonorar verilib. Ancaq rus mütəxəssislərin göstərilən sahədə gördükləri işlər səmərə vermədi.
Dekabr ayında 20–ci yaşayış sahəsindən Badamdara gedən avtomobil yolunun sol yamacında sürüşmələrin baş verməsinə səbəb əsasən bu ərazidə məskunlaşan insanların biganəliyi, məsuliyyətsizliyidir.
Bu sürüşmənin baş verdiyi ərazidə dövlət əhəmiyyətli təsərrüfat obyektləri, çoxsaylı yaşayış binalarının olmamasına baxmayaraq dünyanın iki ölkəsindən, o cümlədən Yaponiyadan göstərilən sürüşmənin qarşısını almaq üçün yerli mütəxəssislərə praktik köməklik göstərmək üçün dəvət olunublar. Arzu edərdik ki, onlar 2000–ci ildə Bayıl sürüşmələrinin qarşısının alınması üçün dəvət olunan rus mütəxəssisləri kimi olmasınlar.” Bu tarixçə BDU–nun professoru N. Babaxanovun 2013-cü ildə yazdığı yazıdan götürülüb. Sual da elə burada yaranır. Bu ərazinin belə fəlakətli bir zona olduğunu bilə-bilə orada yeni evlərin tikintisinə kimlər və hansı haqla icazə verib? Bəzi sakinlər bildirir ki, onlar 22 ildən artıqdır burada sənədsiz evlərdə yaşayırlar, tikintiyə icazəni isə icra orqanları verib. Səbail bələdiyyəsinin sədr müavini Qurban Abbasov isə bildirib ki, “o ərazilər sürüşmə zonası olduğu üçün heç kimə sənəd verilmir”. Hazırda ərazidən 390 nəfərdən ibarət 80 ailənin köçürüldüyü, 90 evin qəzalı vəziyyətdə olduğu deyilir.
ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov da etiraf edir ki, sürüşməni fəallaşdıran səbəblərdən biri də fərdi evlər tikmək məqsədilə yamacın aşağı hissəsinin kəsilməsidir. Mütəxəssis N.Babaxanovun qeyd etdiyi 16 sürüşmə hadisəsinə 2010-cu ildəki və indiki fəlakətli sürüşməni də əlavə etsək, ortaya acı bir təcrübə çıxır. Amma görünür ki, 100 ildən artıq bir tarixi əhatə edən bu acı təcrübə tamahı vicdanına güc gələn səlahiyyət sahiblərinə dərs olmur. Dərs olsaydı, bəlkə, indiki fəlakətin qarşısı da müəyyən qədər önlənmiş olardı…
Səadət
Oxunub: 348