11 saylı Qaradağ seçki dairəsindən deputat edilmiş Aydın Hüseynov fevralın 13-də Milli Məclisdə bütpərəst düşüncəsi ilə bir təklif verib. Həm də YAP-ın Qaradağ təşkilatının sədri olan deputat deyib ki, Qaradağ rayonuna Heydər Əliyevin adı verilsə yaxşı olar. Milli Məclisdə “Ələt azad iqtisadi zonası” haqqında qanun layihəsinin müzakirəsi gedən vaxtda bu YAP-çı deputatın ağlına belə bir təşəbbüs gəlib. Qaradağın adını dəyişib Heydər Əliyev qoysalar, bunun Ələtdə azad iqtisadi zona yaratmağa necə və hansı formada müsbət təsiri olacaq, bu barədə deputatın nəsə deyib-demədiyi bəlli deyil. Yayılan məlumatlarda yalnız belə qeyd olunur ki, A.Hüseynov təklifini H.Əliyevin 95 illiyi ilə əlaqələndirib. Bir də onu deyib ki, Qaradağın sosial-iqtisadi inkişafında H.Əliyevin xüsusi rolu olub. Vəssalam.
Oxunub: 528