Sahib Nəbiyev
O vaxt orta məktəbdə tarix fənnini yaxşı oxuyurdum və tarixçilərin həvəslə qeydə aldığı narıncı inqilabların, təkcə insan əməyinin məhsulu olduğunu bilirdim. Yanlış bilirəmmiş, sən demə evdə, çöldə istifadə etdiyimiz cansız, dilsiz əşyaların da ruhları, düşüncələri, heysiyyətləri var və onlar da inqilab edə bilirlərmiş. Bunu o vaxt nənəm demişkən irayonnan Bakıya gələndə öyrəndim. Əslində bir neçə dəfə rayon mərkəzində, parkda bu mənzərəni müşahidə etmişdim, amma incəliyinə varmamışdım. Elə ki, rayondan Bakıya gəlib burada yaşamağa qərar verdim və ilk dəfə avtovağzalda maşından düşəndə qarşıma çıxan birinci zibil qutusunun üzərində yazılan “zibili bura atın” şüarı çaşdırdı məni. Beynimdə ani olaraq belə suallar yarandı: “Görəsən zibil qutusu niyə öz sinəsinə belə bir şüar yazmışdı? Onun bu şəhərdə kimi-kimsəsi yox idimi? O kimin diqqətini cəlb etmək istəyirdi? Məgər onun zibil qutusu olduğunu bilmirlərmi ki, o õz sinəsini naməhrəmlərdən qorumaq üçün üzərinə bu sözlər yazılan kağîz parçasıyla örtmüşdü?”
Sonralara şəhər həyatına öyrəşdikcə, küçələrdə parklarda gördüyüm zibil qutularînın da üzərində bu şüarları görüb, anladîm ki, bu bir zibil qutusunun işi deyil, bútün zibil qutuları bununla inqilab edirlər və bu şəhərdə zibil qutuları kütləvi şəkildə diqqətsizlikdən əziyyət çəkirlər. Başladım bu hadisənin səbəblərini araşdırmağa. Kitablardan əxlaq prinsiplərini oxudum, şəhərdə müşahidələr apardım…Uşaq vaxtı məni, “sənin dilinə yara çıxsın” deyə kim qarğayıb bilmirəm, onu bilirəm ki, “əxlaqın iki növü var: fərdi əxlaq, ictimai əxlaq” cümləsini işlətməkdən və müzakirə etməkdən dilim qəbər bağlayıb. Nə isə qarğışı, alqışı qoyub bir kənara, keçirəm əsas mətləbə. Məncə biz, ictimai davranış qaydalarını pozan adamları ayrı-ayrılıqda yox, termin olaraq “ictimai əxlaqsız” məfhumunu meydana gətirib ümumiləşdirib tənqid etməliyik. Çünki nəzərə alsaq ki, bizim bu böyük qəbiləmizdə əxlaq deyəndə təkcə insan vücudunun göbəkdən aşağı hissəsində yerləşən nahiyələr nəzərdə tutulur və bu təkcə etiket xarakteri daşıyır, o zaman ictimai davranış pozğunluğuna da “ictimai əxlaqsız” statusu vermək, fərdi əxlaqsızlığın etdiyi təsiri bağışlayar. Deməyim odur ki, biz, orta məktəbdə partanın üstünə “R+M=S” yazan “məcnun”umuzu ayrı, marşrutun oturacağının arxasına gözlərinə çəkdiyi qələmlə “Akif səni çox sevirəm” yazan “leyli”mizi ayrı, tualetin qapısına, divarlarına siqaret kötüyüylə “yaxçı oğlan yaxçı başa düşər” yazan “vorzakon”umuzu ayrı, yaşadığı evin pəncərəsindən küçəyə pampersə bükülmüş nar qabıqları atan “bajı”mızı ayrı, çəkdiyi siqaretin kötüyünü evin qapısından çıxıb binanın pilləkəninə, şəhərdə gəzərkən küçəyə atan “qaqaş”ımîzı ayrı yox, elə onların hamısını ümumiləşdirib “ictimai əxlaqsız” statusuyla birlikdə tənqid etməliyik. Çünki ictimai əxlaqı olan insan hər yerdə eyni tərbiyəni, olmayan da eyni tərbiyəsizliyi nümayiş etdirir. Əgər ölkəmizdə yaxın zamanlarda bu işlə məşğul olan xüsusi bir təşkilat yaransa və həmin təşkilat insanları həvəsləndirmək üçün müsabiqə təşkil etsə, o zaman marşruta minən kimi qızına zəng edib, beş toy kalonkasının çıxardığı səslə “kürəkənin nə qədər maaş aldığını, sürdúyü maşını neçəyə aldığını, evdə gəlininin axşam bişirdiyi bozbaşı bir az duzlu elədiyini” qızı ilə müzakirə edən xalalarla, içib, ağzından leş iyi gələ-gələ avtobusa minib, arvadına zəng edib “aaz, mənim yerimi aç, gəlib yatacam” deyən day-daylar sensasiya doğuran nəticəylə qalib olarlar…Və burdan sonra başlayır bəzi adamların pafoslu çıxışları, birinci cümlə belə olur: “Avropalılar əl-üz yumağı, hamam, tualet mədəniyyətini bizdən öyrəniblər”. Və bu əsnada, vətəndaş mənim tərəfimdən cavab atəşilə susdurulur: “Avropalıların bizdən əl-üz yumağı öyrənməklərindən nə az nə çox düüüz 10 əsr ötüb, nəzərə alsaq ki, bir əsr 100 il edir və orta məktəbdə riyaziyyat müəlliminiz və yaxud evdə valideynləriniz sizə döyə-döyə vurma cədvəlini öyrədiblərsə, 10×100=1000 il etdiyini rahat şəkildə biləcəksiniz. Həə, bunu deməkdə məqsədim nədir? Bizdən 1000 il əvvəl əl-üz yumağı öyrənən avropalıların şəhərlərində çirkin tualet görə bilməzsiniz, amma bizim pataxt şəhərimiz, mədəniyyət mərkəzimiz olan, mərkəzində “Avropa oyunları” keçirilən Bakımızın parklarında, restoranlarında sifonu çəkilməmiş tualet unitazları adamı məsti-xumar edir. Bir də, evinizdə əl-üz yumaq üçün istifadə etdiyiniz rakovinanın etiketini cırmamısınızsa, zəhmət olmasa onun künc tərəfinə baxın, orada “Made In Italia” yazılıb.
Həə, hə, bir də onu deyim ki, Avropada- İsveçdə iki tərəfi də meşə örtüyü ilə əhatə olunmuş yollarda, o meşələrdə yaşayan ağac qurbağaları üçün yeraltı keçidlər salınıb və onlar yolu keçəndə bu keçidlərdən istifadə edirlər, bizim paytaxt şəhərimizdə isə insanlar bunun fərqinə varmadığı üçün hər gün minlərlə manat piyada keçidi cəriməsi qeydə alınır”…Buradan qayıdîram yenidən zibil qutularînın haqqlarının müdafiəsi məsələsinə.
Bütün bunlardan sonra mən indi anladım ki, zibil qutuları niyə sinələrinin üstünə, üzərinə “zibili bura atın” şüarı yazılan ağ kağızlar yapışdırıblar?! Çünki bu cəmiyyətdə onlara diqqətsiz yanaşılır, insanlar onları saymırlar, onların mahiyyətini bilmirlər və bununla onların “şəxsiyyəti”ni təhqir edirlər. Onlar da məcburdur ki, öz sinələrini-övrət yerlərini bu cür kağızlarla örtsünlər. Burada bir gülləylə neçə dovşan vurdum, onu deyə bilmərəm. Zibil qutularının haqqını tələb etməyimlə sizi incitdimsə, əsəblərinizi pozdumsa, vaxtınızı aldımsa, zibil qutularının adından sizlərdən üzr istəyirəm. Sonda isə adətim üzrə – gecəniz xeyrə qalsın, ey mənim zülmətlər içində çırpınan soydaşlarım…
Oxunub: 606