Yağış-qar olanda palçıqlı, yaz-yayda tozlu yollar, kənddə yaşaya-yaşaya içməli suyu pulla almaq, əkinə su tapmamaq – Ağsunun İlxıçı kəndinin problemləri bir deyil, iki deyil.
Sakinlərin özləri “Ağsunun bəlkə də ən kasıb kəndi” kimi tanıdırlar İlxıçını.
Günün günorta çağı küçələrdə adam görməzsən, səni yağış gölməçələrində arxayın-arxayın üzən ördək-qaz qarşılayır. Onların səsi bu bomboz küçələrə bir az kənd nəfəsi qatır.
Sakinlərin ən ağrılı yeri yoldur. Küçələrə daş qırıntıları tökülsə də, yaraya məlhəm olmayıb. BBC Azərbaycancaya danışan sakinlər deyirlər ki, kəndə heç vaxt asfalt yol çəkilməyib.
Qonşu Qaraqoyunlu kəndinə isə Sovet Birliyi dağıldıqdan sonra yol çəkən olmayıb, sakinlər bildirirlər.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti problemi inkar etmir, lakin qurum yaxın zamanda bu kəndlərdə yol çəkilməsinin nəzərdə tutulmadığını deyir.
İşsizlik dərdi
Bakıdan 159 km məsafədə yerləşən Ağsu Şirvan düzündə və Böyük Qafqazın ətəklərində yerləşir.
Ağsu rayon İcra Hakimiyyətinin məlumatına görə, buranın əsas məşğuliyyəti kənd təsərrüfatıdır. Əhali, əsasən, heyvandarlıq, taxılçılıq, pambıqçılıq, meyvə və tərəvəzçiliklə məşğuldur.
Rayonun 16 kəndindən biri olan İlxıçının sakinləri də BBC Azərbaycancaya deyirlər ki, əsas dolanışıq taxılçılq və heyvandarlıqdan çıxır.
Ancaq ayaqları altında olan torpaq heç də hər kəsi dolandırmır. Çoxu işsizlikdən şikayətçidir. Həm İlxıçı, həm də Qaraqoyunlu kəndlərinin gəncləri bekarlıqdan gileylənirlər.
Onlar vaxtlarının çoxunu ya boş-bekar gəzib-dolaşıb tum çırtlamaq, ya da özlərinin dediyi kimi domino oynamaqla keçirirlər.
İlxıçı kəndinin sakinləri “iş” dedikdə yalnız fəhləliyi və ya taksi sürücülüyünü misal gətirə bilirlər. Bəzi ailələrin oğulları hərbçi kimi hərbi hissələrdə işləyirlər. Digərləri isə Bakıya iş dalınca gəlməyi seçir.
Qaraqoyunlu kəndində isə vəziyyət bir az fərqlidir. Sakinlər təsərrüfatla dolana bildiklərini deyirlər. Lakin bu kənddə də gənclər üçün iş imkanları çox deyil.
Amma hər iki kəndin ortaq problemi yoldur.
Palçıqlı yollar
Yollarının heç vaxt asfalt üzü görmədiyi İlxıçı kənd sakini 49 yaşlı Alim Əmirov deyir ki, onlardan yolu düzəltmək üçün 10 manatdan pul yığılıb, ancaq nəticə olmayıb. Nə yol salınıb, nə də pul geri qaytarılıb.
Məsələ ilə bağlı Ağsu Rayon İcra Hakimiyyətindən şərh almaq mümkün olmayıb.
Alimin azyaşlı uşaqları qışın bu çağında hər gün palçıqlı yollarla məktəbə getməli olur.
“Qurunt suları yollarda gölməçələr yaradır, həmin sular həyətimə dolur. Darvazaya ot, təzək tökmüşük ki, həyətə su dolmasın”, başqa bir sakin Mədinə Əhmədova əlavə edir.
Pulla alınan su
İlxıçı sakinləri içməli su və suvarma sarıdan da çətinliklər yaşayırlar.
Ağazər Şıxəliyev deyir ki, xüsusən də yay aylarında qarşılaşdıqları problem çox ciddidir.
“Yayda mal-qara, qoyun-quzu susuzluqdan batır. Su dərdindən taxıl sususuzluqdan yanır, həyətdə tərəvəz əkə bilmirik.”
O deyir ki, yay vaxtı sahələrin sulanması çox az kəndliyə nəsib olur. Bu səbəbdən bir çoxları heç həyətyanı sahələrində belə tərəvəz əkməyə cəhd etmir.
Ağazər Şıxəliyev kəndin müxtəlif yerlərində yerləşdirilmiş 11 bulağı xatırladır. Deyir ki, bulaqlar azdır və hər ailə ondan yararlana bilmir. Çünki bulaqlar susuz qalıb, kranlar xarab olub, sakinlər deyirlər.
Su ehtiyacını qarşılamaq üçün sakinlər məcburdurlar ki, içdikləri suyu pulla alsınlar. Ayda bir-iki dəfə 10 tonluq çənini doldurmaq onlara 10-25 manata başa gəlir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti isə deyir ki, bu kənddə suvarma ilə problem yaşanmamalıdır.
ASC-nin şöbə müdiri Əjdər Cavadov BBC Azərbaycancaya deyib ki, kənddə 2 artezian quyusu qazılıb və bu səbəbdən sakinlər “suvarmada çətinliklə üzləşməməlidirlər”.
Kəndə su krantları isə Ekologiya Nazirliyi tərəfindən yerləşdirilib. Nazirlik bildirir ki, bu kranlar yeni qoyulub və sınaq aparılır.
“Yaxın günlərdə tam istifadəyə veriləcək”, nazirlik sözçüsü BBC Azərbaycancaya deyib.
Köhnə məktəbin soyuq otaqları
Kənd məktəbi köhnəldiyindən sinif otaqları ancaq odun sobası ilə isidilir.
Yeni, yaraşıqlı, normal isidilən məktəb ilxıçılıların arzusudur.
Məktəb direktoru BBC Azərbaycancaya danışmaq istəmir, bircə onu deyir ki, Təhsil Nazirliyi məsələdən xəbərdardır.
Ağsu rayon təhsil şöbəsi BBC Azərbaycancaya deyir ki, həmin kənddə modul tipli məktəbin tikilməsi artıq plana salınıb.
Qonşu kəndin yol dərdi
Qonşu Qaraqoyunlu kəndinin yolları isə Sovet Birliyinin dağılmasından sonra asfalt görməyib.
Kənd sakini İsmət Həsənov deyir ki, Sovet dövründə rayonun ən baxımlı kəndi Qaraqoyunlu olub.
İkram Məmmədov da deyir ki, rayonda kəndlər arasında ilk dəfə onların kəndinə asfalt yol çəkilib, elektrik enerjisi verilib.
“Amma sonradan kəndin yolları baxımsız qalıb”, kənd sakini Məmmədov təəssüflə köksünü ötürür.
Palçıqdan yaxa qurtarmaq üçün tökülən daş qırıntılar və çınqıllar isə yolları çox narahat hala salıb.
“Hər gün bu yolu gedib-gəlirəm. Ayda bir dəfə də maşın ustasına getməliyəm”, sakin Zamit Bəşirov deyir.
Taksi ilə rayon mərkəzinə getməli olan sakinlər narahat yola görə artıq pul ödəməlidirlər.
“Əvvəl taksi 1 manata gəlirdi, indi yola görə 3 manata gəlir”, sakinlər deyir.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti həm İlxıçı kəndinin, həm də Qaraqoyunlu kəndlərində yol çəkilməsinə ehtiyac olduğunu inkar etmir.
Qurum sözçüsü Anar Nəcəfli deyir ki, Ağsunun başqa kəndlərinə yollar çəkilir, lakin yaxın zamanda sözügedən kəndlərdə yol çəkilməsi nəzərdə tutulmur.
Lakin qurum sözçüsü onu da deyir ki, gələcəkdə bu kəndlərə yol çəkiləcək.
Qaraqoyunlu bələdiyyəsinin sədri Sirac Məmmədov isə kənd yollarının müasir tələblərə uyğun olmadığını etraf edir. O deyir ki, yolların bərpası ilə bağlı layihə artıq hazırlanıb və təsdiqlənmə gözləyir.
Oxunub: 72