AXCP sədrindən məhbəsdəki Qarabağ qazisinə ad günü təbriki
Fevralın 23-ü siyasi məhbus, Qarabağ qazisi Asif Yusiflinin doğum günüdür. Bu münasibətlə AXCP sədri Əli Kərimli feysbuk səhifəsində onu təbrik edib. Təbrikdə deyilir:
“AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ qazisi, siyasi məhbus Asif Yusiflinin doğum günüdür. Hörmətli Asif bəyi ürəkdən təbrik edirəm. Ona uzun ömür, cansağlığı, azadlıq arzulayıram.
Asif bəy hüquq fakultəsində təhsilini yarımçıq qoyaraq könüllü orduya gedib, qazi olmuş bir vətənpərvərdir. Vəkillik fəaliyyəti dövründә dә, AXCP-dəki siyasi fəaliyyəti zamanı da həmişә haqq, ədalət arayışında olub. Qarabağ qazisi, 5 uşaq atası Zaur Həsənov (işlətdiyi çayxana əlindən alındığına görə) özünü yandıran zaman da tərəddüd etmədən onun müdafiəsinə qalxdı. Şəhərin mərkəzinə mitinq təyin etdi. Hökumət onun bu cəsarətini, bu üsyankarlığını bağışlamadı. Şər maşını işə düşdü, Asif bəyi həbs etdilər. Və budur, Asif bəy 4-cü ad gününü məhbəsdə keçirir.
Təkcə Asif bəyə olan münasibət hakimiyyətin nə qədər anti-milli olduğunu çılpaqlığı ilə ortaya qoyur. Qarabağ separatçılarını müdafiə edən Lapşinə göstərilən humanizmdən bu qəhrəman Qarabağ qazisinә azacıq da olsa, pay düşmədi. Təəssüf ki, hazırda vətənpərvərlik, Qarabağ üçün vuruşmaq hakimiyyətin nəzərində cəzanı ağırlaşdıran әmәllәrdir.
Bilirəm ki, Asif bəy hər zaman olduğu kimi möhkəmdir, yenilməzdir, optimistdir. Nə Qarabağ üçün can qoymağına, nə də ömrünün gözəl illərini xalqı üçün ədalət arayışına həsr etmәyinә peşman deyil. Millət belə oğullarının fədakarlığı sayəsində tarix yazır.
Ad günün mübarək, əziz dost! Sənə də, bütün siyasi məhbus dostlarımıza da, Vətənimizə də azadlıq yaraşır. Haqqını alacaqsan. Allah qapını açsın!”
Oxunub: 608