İdrak Abbasov
(Norveç)
Son günlər Xocalı soyqırımının guya dünyaya tanıdılması ilə bağlı nəlbəkidə firtına xarakterli aksiyalar gündəmə gəlib. Amma bu işlərin Xocalı soyqırımı və ümumiyyətlə Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması üçün heç bir faydası yoxdur və bunun yolu başqadır. Kimlərsə Azərbaycan dövlətinin pulu ilə gedib hansısa yığıncaq keçirib özünü reklam edirsə, bunun ümumi işimizə heç bir faydası yoxdur. Mən kimsənin də əməyini kiçiltmək istəmirəm. Bəli, aksiyaların keçirilməsi, sərgilərin təşkili və hətta “dolma günü”nün də keçirilməsi lazımdır. Amma ən ciddi aksiya xaricdə yaşayan soydaşlarımızın yaşadıqları ölkələrin cəmiyyətinə inteqrasiya etməsindən keçir. Biz cəmiyyətə inteqrasıya edib bütün strukturlarda, siyası partiyalarda, mediada, ictimai və biznes sektorlarında təmsil olunmalı və ətrafımızda, həmkarlarımızla iş aparmalı, özümüzü nümünəvi, zəhmətsevər aparmalı və xalqımızın barbar, terrorçu olmadığını əyani şəkildə nümayiş etdirməliyik. Sirr deyil ki, I Dünya Müharibəsindən sonra dünyanın dörd yanına səpələnən ermənilər bu gün yaşadıqları ölkələrin bütün sektorlarında təmsil olunublar, sözlərini də deyirlər, fikirlərini də məhz ətraflarında olanlarla yayırlar. Hətta bir çoxları ad-soyadını da dəyişib, amma kökünü unutmayıb. Belələrinin sözünü eşidirər. Azəbaycanlılar isə İran İslam İnqilabından sonra dünyaya səpələnməyə başlayıblar. Yəni, Cənubi azərbacanlıların da əsas davası müstəqillik və fars rejiminə qarşı mübarizdən ibarət olub. Şimallı azərbaycanlıların isə köçü müstəqilliyin ilk illərinə düşür. Təəssüf ki, 20-25 ildən artıqdır ki, dünyaya səpələnməyə başlanmış azərbaycanlılarımızdan yaşadıqları ölkələrin cəmiyyətinə inteqrasıya edənlərin əksəriyyəti həmin cəmiyyətlərdə əriyibər və əksəriyyəti üçün Azərbacanın maraqları yoxdur. Artıq 3 ildir ki, Noreçdəyəm. Təəssüf ki, Norveçdə belə Azərbaycanı tanıyanlar barmaqla sayılan qədərdir. Bu gün də Azərbaycanı əsasən azadlığın olmadığı, diktatur rejimin mövcud olduğu və müsəlman (müsəlman da deyiləndə buradakıların gözlərinin önünə yaxşı halda İran və ya Türkiyə modeli gəlir. Amma bu da bir faktdir ki, biz dünyəvi ölkəyik. Buna baxmayaraq ermənilər məharətlə həm də bizim müsəlman olduğumuzu, mücahidlərin Qarabağda döyüşdüyünü deyirlər və buna da Azərbaycanı tanımayan və ya azad olmayan ölkə kimi tanıyan adamı rahat inandıra bilirlər.) ölkəsi kimi tanıyırlar. Ən ciddi problemimiz isə birliyimizin olmamasıdır. Bir-birimizə dəstək vermək, arxa durmaq, əl-ələ vemək (kürdlər, ermənilər və digərləri kimi) kitabımızda yoxdur. Bir-birimizin ayağının altını qazmaq, badalaq gəlmək, paxıllığını çəkmək, hətta buralarda da regionçuluq, millətçilik etmək, “bizimlə olmayanlar”ın hamısını satqın, düşmən hesab etmək, hakimiyyətə yaltaqlananlar dəstəsi (belələri ən tərbiyəsiz söyüş söyənlərdən də təhlükəlidir) və s həyat tərzimizdir. Amma barmaqla sayılacaq qədər olsa da yavaş-yavaş yaşadıqları ölkələrin cəmiyyətinə inteqrasiya edənlərimiz var. Azərbaycan hökuməti isə hazırkı imici ilə ölkənin xeyrinə istəsə belə bir iş aparmaq qüdrətində deyil. Çünki xaricdə ölkəmız qanunların işləmədiyi, korrupsiyaya bulaşmış, xalqının azad seçki, azad toplaşmaq, ifadə azadlığı hüququnun olmadığı ölkə kimi tanınır. Belə bir hakimiyyətin idarəçiliyi altında olan ölkənin nümayəndələrini hansı özünə hörmət edən ölkə parlamentə buraxacaq. Buraxsalar, xalqları onları daşqalaq edər. Bəli, buralarda da korrupsiya var, amma bütün siyasətçiləri neft dollarları ilə satın almaq olmur.
Yəni, həm Qarabağın geri alınması, həm Xocalı Soyqırımının tanıdılması, haqq səsimizin hər yerdə eşidilməsi üçün ilk növbədə azad və demokratik bir idarə etmənin qurulmasına ehtiyac var. Vallah, billah, bu olmasa özümüzü yandırsaq da kimsə bizə inanmır. Hakimiyyətin hətta hansısa müsbət bir əməli varsa və bu haqda danışsan belə sənə də şübhə ilə baxarlar. Odur ki, kimsənin də məndən iciməsini istəmirəm. Bu bizim acı gerçəkliyimizdir. Hansısa aksiya keçirmək, şam yandırmaq və xüsusilə Azərbacandan da bəlkə Xocalı soyqırımına daha həssas yanaşan Türkiyədə bunu etmək arabaya qoşulan 5-ci təkər də deyil. Kimi aldatmağa çalışırıq? Belə əməllə yalnız və yalnız özümüzü aldadırıq!
Oxunub: 220