Fevralın 23-də Almaniyada mühacir həyatı yaşayan Tural Sadıqlının qardaşı Elgiz Sadıqlının 30 sutka inzibati cəza aldığı bildirilir.
Bu barədə onun atası Əlövsət Sadıqlı məlumat yayıb. Onun bildirməsinə görə, O, bu barədə Daxili İşlər Nazirliyindən məlumat alıb:
“Daxili İşlər Nazirliyindən bildirdilər ki, Sabunçu Rayon Məhkəməsi ona 30 sutka inzibati həbs cəzası verib. Amma motiv nədir, hansı maddə ilə verilib, heç bir məlumat ala bilmədik. Sabunçu Rayon Polis İdarəsindən bizə dedilər ki, Elgiz Sadıqlını Binəqədidəki təcridxanaya göndəriblər. Biz də getdik həmin təcridxanaya. Amma təcridxanada bizə bildirdilər ki, burada belə bir adam yoxdur”.
Əlövsət Sadıqlı deyib ki, Sabunçu Rayon Polis İdarəsinə təkrar getməzdən öncə məhkəməyə də baş çəkib:
“İstədik ki, inzibati həbsin səbəbini öyrənək. Amma təəssüf ki, növbətçi məhkəmə olmadı. Əlacımız kəsildi, yenidən Sabunçu Rayon Polis İdarəsinə getdik. Orada da bizə dedilər ki, sizə təcridxanada düz deməyiblər. Yenidən Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Amma oradan da əlavə məlumat ala bilmədik. Axırda fikirləşdik ki, ona işgəncə verilə bilər. Ona görə xəstəxanaları gəzirik. Ərazi üzrə Sabunçu rayon xəstəxanasına gəlmişik. Deyirlər ki, burada da qeydiyyatda yoxdur. İndi anlamaq olmur ki, bu insan haradadır? Bu adamı tutanlar bəli, hökm oxuyanlar bəlli bəs haradadırlar?”
Əlövsət Sadıqlının bu açıqlamasına, hələlik, hüquq mühafizə orqanlarından münasibət almaq mümkün olmayıb. (Azadlig.org)
Oxunub: 378