VIII yazı
Dostlar! Yaxın vaxtlarda nəşr olunacaq “Azərbaycanda Sovet Liberalizmi: Hakimiyyət, Ziyalılar və Xalq, 1959-1969” adlı kitabımızın Xəlil Rza Ulutürk, Abbas Zamanov, Sara xanım Sarayeva, maestro Niyazi, 1962-ci ildə Dağlıq Qarabağda rəhbərliyin dəyişdirilməsi haqqında, 1963-cü il aclığı, Sumqayıt hadisələri kimi yeddi epizodu ilə Siz artıq tanışsınız. Səkkizinci yazımız 1964-cü ildə Nikita Xruşşovun hakimiyyətdən uzaqlaşdırılması barədədir. Buyurun, tanış olun…
Nikita Xruşşovun rəhbərlikdən uzaqlaşdırılması
Stalin totalitarizminin zəif forması kimi təzahür edən Xruşşov volyuntarizmi getdikcə təhlükəli xarakter almağa başlayırdı. Rəhbərlikdən uzaqlaşdırılmasına az qalmış, 1963-cü ilin dekabrında Sov.İKP MK-nın Rəyasət Heyətinin iclasında Nikita Xruşşov vaxtilə babasının ona verdiyi öyüd – nəsihəti belə xatırlayırdı: “Babam mənim yüzə qədər saymağı öyrənmiş olduğumu biləndə, bunun mənim üçün yeterli olduğunu və heç vaxt bundan artığına nail olmayacağımı söyləmişdi.” Lakin babasının bu sözlərini Xruşşov çox gec xatırlayırdı. 1964-cü ilin payızında o, artrıq bütün ölkə üçün deyil, 1957-ci ildə antipartiya qrupuna qarşı onu müdafiə etmiş partiya aparatı üçün də arzuolunmaz fiqura çevrilmişdi. 1962-1963-cü illərdə Xruşşovun şəxsiyyətinə süni pərəstişin başlanması onun əhali arasında nüfuzunun düşməsi ilə müşayiət olunurdu. Sov. İKP MK Rəyasət Heyətinin kollektiv portretlərində onun portreti öz ölçüsü ilə fərqlənməyə başlamışdı. Artıq hər yerdə onun haqqında “böyük leninçi”, “sülh uğrunda yorulmaz mübariz” kimi epitetlər deyilməyə başlamışdı. Əlifba kitabından tutmuş bütün məktəbli dərslikləri onun portretləri ilə açılırdı. Bir vaxtlar Stalinin şəxsiyyətə pərəstişini kəskin tənqid etmiş Xruşşov bu şit təriflərin qarşısını almaq üçün heç bir addım atmadı.
1963-cü ildə Azərbaycan KP MK-nın keçmiş ikinci katib Vladimir Semiçastnıy SSRİ DTK-nın sədri kimi Bakıya gələndə Vəli Axundov onu Nasosnı hərbi aerodromda qarşıladı və nəzakətli formada soruşdu ki, Vladimir Yefimoviç “əziz Nikita Sergeyeviçin səhhəti necədir?” SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin sədri cavabında dedi ki, “Nikita Sergeyeviç buğa kimi sağlamdır, donuz kimi piylənir və ölməyə də hazırlaşmır!” Vəli Axundov bu cavabdan çox narahat oldu. Lakin yaxın adamlarının artıq Xruşşov haqqında belə danışması müəyyən mətləblərdən xəbər verirdi. 1964-cü ilin əvvəllərində onun dəyişdirilməsinin arzu olunanlığı barədə söhbətlər dolanırdı və hətta, Xruşşovun özünə də çatmışdı bu söhbətlər. Lakin o, bunları ciddi hesab etmirdi. Çünki hakimiyyətin yuxarı eşalonunda təmsil olunanlar hamısı onun öz adamları idi. 1964-cü ildə Xruşşov yüksək rəhbərlikdə bəzi dəyişikliklər etdi. Frol Kozlovla mübahisədən sonra onu insult vurdu və o, MK katibliyi vəzifəsindən azad edildi. Kozlovun yerinə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Leonid Brejnev gətirildi. Brejnevin boşalmış yerini isə Anastas Mikoyan tutdu. Xruşşov yüksək rəhbərlikdə ona qarşı çıxa biləcək adam görmürdü. Hətta, belə bir təhlükə olarsa o, partiya Mərkəzi Komitəsinin üzvlərini 1957-ci olduğu kimi özünün arxasında görürdü. Xruşşov anlamaq istəmirdi ki, ölkədə böhrana gətirib çıxarmış siyasəti partiya və dövlət rəhbərliyini, MK üzvü olan vilayət katiblərini, Xalq Təsərrüfatı Şuraları, nazirlik və komitə başçılarını, ordu, daxili işlər və təhlükəsizlik orqanları rəhbərlərini ondan uzaqlaşdırmışdır. Xruşşovun 70 illiyi ərəfəsində ölkədə vəziyyət ekranlardan düşməyən Vasili Zaxarçenkonun çəkdiyi “Bizim Nikita Sergeyeviç” sənədli filmində olduğu kimi deyildi. Ona görə Semiçastnının Axundovun sorğusuna Nasosnuda verdiyi cavab təsadüfü deyildi.
Bir-birinin ardınca olan çoxsaylı daxili və xarici səfərlərdən sonra 1964-cü ilin oktyabr ayının 2-də Nikita Xruşşov istirahət üçün Pitsundaya yollandı. Lakin onu Sov. İKP MK Rəyasət Heyətinin təcili olaraq oktyabr ayının 13-nə təyin edilmiş “kənd təsərrüfatı ilə bağlı” iclasına çağırdılar və o, Mikoyanla birlikdə Moskvaya gəldi. Oktyabrın 13-də Moskva aeroportunda partiya, hökumət başçısı kimi onu, dövlət başçısı kimi Mikoyanı MK katibləri, Rəyasət Heyətinin üzvləri deyil, DTK-nın sədri Semiçastnıy qarşılayanda bəzi mətləblər ona aydın oldu. 1964-ci ilin 13-14 oktyabrında toplanan MK-nın Rəyasət Heyəti Mixail Suslov və Aleksandr Şelepinin təşəbbüsü ilə Sov.İKP MK-nın fəaliyyətində kollektiv rəhbərliyin bərpası ilə bağlı tədbirlər haqqında məsələni müzakirəyə çıxardı. Rəyasət Heyətinin iclasını açan Xruşşov təcili toplantının səbəbini soruşduqda Brejnev dedi ki, iki il əvvəl Xruşşov partiyanı sənaye və kənd təsərrüfatı qanadlarına bölüb və bu “leninin vəsiyyətləri ilə ziddiyyət təşkil edir”, sənaye və kənd təsərrüfatında intizamsızlıq yaradır. Brejnev əlavə etdi ki, Xruşşov rəhbərlikdə təmsil olunan işçilərlə kobud rəftar edir, qərarları yemək stolu arxasında qəbul edir, başqasının fikrini qəbul etmir, təkbaşına hərəkət edir və Rəyasət Heyətin saymır. O, Rəyasət Heyətinin üzvləri, üzvlüyə namizədlər və MK katibləri adından Nikita Xruşşovun hərəkətlərinin dözül¬məz həddə çatdığını bildirildi və onun tutduğu vəzifələrdən uzaqlaşdırılması məsələsini qoydu. Rəyasət Heyəti adından oktyabr plenumuna hazırlanmış məruzədə Nikita Xruşşovun partiya, rəhbər orqanlar və bütün ölkədə şəxsi diktaturasını yaratmağa cəhd göstərdiyi, Stalinin şəxsiyyətə pərəstişini sözdə tənqid etsə də, işdə öz şəxsiyyətə pərəstişini formalaşdırdığı qeyd edilirdi. Sənədin böyük bir hissəsi yeni şəxsiyyətə pərəstiş təhlükəsinin baş qaldırmasına həsr edilmiş, “Pravda” və “İzvestiya” kimi qəzetlərin onun haqqında hər cür cəfəngiyatı dərc etdiyi, “tamamilə yazı yaza bilməyən adamın” saysız hesabsız kitablarının çıxdığı bildirilirdi. Məruzədə onun daxili siyasətdə bir sıra ciddi səhvlər buraxdığı, ölkəni böhran həddinə gətirdiyi bildirilirdi. Orada qeyd edilirdi ki, son illərdə sənayenin inkişaf sürəti və keyfiyyət göstəriciləri kəskin şəkildə aşağı düşüb, kənd təsərrüfatında ciddi səhvlərə yol verilib. Məruzədə göstərilirdi: “Ötən il ölkədə hətta çörəklə bağlı ciddi çətinliklər meydana çıxdı. Bununla bağlı yoldaş Xruşşov hətta kartoçka sisteminə keçməyi təklif etdi. Bu müharibənin başa çatmasından 20 il sonra baş verirdi. Biz 860 min ton qızıl ayırmağa məcbur olduq ki, kapitalistlərdən taxıl alaq.” Məruzədə açıq etiraf edilirdi ki, Xruşşovun göstərişi ilə həyata keçirilən partiya təşkilatlarının istehsalat prinsipləri üzrə qurulması kökündən səhv olub və ölkəyə baha başa gəlib. Xarici siyasət məsələsinə gəldikdə, partiya rəhbərliyi belə hesab edirdi ki, Süveyş böhranı, Berlin məsələsi və Karib böhranı zamanı Xruşşovun səhv siyasəti ölkəni müharibə təhlükəsi ilə üz-üzə qoymuşdu. Sənəddə göstərilirdi: “Xruşşov özündən razı halda öyünürdü ki, Stalinə Latın Amerikasına nüfuz etmək, soxulmaq qismət olmadı, ona isə oldu. Lakin, birincisi, harasa “soxulmaq” bizim siyasətimiz deyildir. İkincisi isə yalnız avantürist təsdiq edə bilər ki, guya müasir şəraitdə bizim dövlətimiz bu qitənin ölkələrinə real hərbi yardım göstərə bilər.” Məruzədə Xruşşovun sosialist ölkələri ilə münasibətlərə ağır zərbə vurduğu göstərilir, onun Bolqarıstan və Monqolustanı “könüllü” şəkildə Sovet İttifaqına birləşdirmək cəhdinin sosialist düşərgəsində Moskvaya inamı sarsıtdığı qeyd edilir, Çin, Yuqoslaviya, Rumıniya və digər ölkələrə münasibətdə buraxılan səhvlərin dünya sosializm sistemini, beynəlxalq kommunist və fəhlə hərəkatını zəiflətdiyi göstərilirdi. Məruzədə deyilirdi ki, onun Mao Tsedunu “köhnə qaloş” adlandırması, Rumıniyaya səfər zamanı Georgi Dejin üstünə qışqırması, Kastronu hər qırmızı əskiyə hücum çəkən öküzə bənzətməsi dost ölkələrin rəhbərlərində böyük narazılıq yaratmışdı. Məruzədə Nikita Sergeyeviç xarici səfərlərə ailəvi çıxması, vaxtının çoxunu səfərlərdə keçirməsi xüsusi şəkildə vurğulanır, 1963-cü ilin 170 gününü, başa çatmamış 1964-cü ilin 150 gününü xarici səfərlərdə və ölkədaxili səyahətlərdə keçirdiyi qeyd edilirdi.
Məruzə ətrafında çıxış edən Ukrayna KP MK-nın birinci katibi Pyotr Şelest dedi ki, Nikita Xruşşov tərəfindən 1957-ci ildə irəli sürülmüş Amerikaya çatmaq və onu keçmək vəzifəsinin iflasa uğramışdır, yeddiillik plan üzrə fəhlə və qulluqçuların əmək haqlarının artırılması məsələsinın təxirə salınmışdır, respublikalardan məsuliyyət tələb edilib, lakin hüquq verilməməsi adi hala çevrilmişdir. RSFSR Nazirlər Sovetinin sədri Gennadi Voronov qeyd etdi ki, Nikita Xruşşovun hərəkətləri nəticəsində rəhbərlikdə dözülməz vəziyyət yaranmış və onun şəxsiyyətinə pərəstiş təhlükəli xarakter almışdır. SSRİ Nazirlər Soveti sədrinin müavini Aleksandr Şelepinin fikrincə Leninin Stalinə verdiyi xarakteristikanın bütövlükdə Nikita Xruşşova da aiddir və Mikoyanın bir sıra davranışları yanlışdır. Mikoyan öz çıxışında Xruşşovun səbirsizliyin, yaltaqlara həddindən artıq inanmasın tənqid etdi. Lakin o, Xruşşovun Süveyş kanalı, Berlin divarları siyasətini müdafiə etdi və xatırlatdı ki, Kubada Sovet raketlərinin yerləşdirilməsinə Rəyasət Heyətinin bütün üzvləri səs verib. Mikoyan Xruşşovun partiya rəhbəri vəzifəsindən azad edilməsi, lakin onun hökumət başçısı kimi saxlanmasını məqsədəuyğun hesab etdi. Onun fikrincə Xruşşovun hər iki vəzifədən azad edilməsi “çinlilərə, Mao Tseduna böyük hədiyyə olacaqdır.” Belorusiya KP MK-nın birinci katibi Kirill Mazurov bildirdi ki, millətçilik baş alıb gedir, milli məsələnin unudulması təhlükəli bir məsələdir, şəxsiyyətə pərəstiş çox uzağa getmişdir və artıq Nikita Xruşşovu islah etmək çox çətin məsələdir. MK katibi Mixail Suslov əlavə etdi ki, müsbət hər şeyin Xruşşovun, mənfi göstəricilərin isə vilayət partiya komitələrinin adına yazılması adı hala çevrilmişdir. Ümumittifaq həmkarlar təşkilatının sədri Viktor Qrişin hakimiyyətin bir əldə toplanmsının məqsədəuyğun olmamasından danışdı. Aleksey Kosıgin vurğuladı ki, Xruşşovun iş metodunun leninçi prinsiplərlə ziddiyyət təşkil edir. Oktyabrın 13-də Anastas Mikoyanla söhbətdə Nikita Xruşşov Nazirlər Sovetinin sədri vəzifəsini Aleksey Kosıginə verməyə razılaşsa da, lakin Rəyasət Heyətinin iclası onu bütün vəzifələrdən azad etmək haqqında qərar qəbul etdi. Məsələnin hüquqi cəhətdən sənədləşdirilməsi oktyabr ayının 14-də çağırılmış MK plenumuna keçirildi. Nikita Xruşşov bir çox səhvlərini etiraf etdi, onu ittiham edənləri boyamaq üçün rəng axtarmayacağın və müqavimət göstərməyəcəyin bildirdi: “Sevinirəm ki, partiya böyüyüb və istənilən adamı nəzarətdə saxlaya bilər.”
Oktyabrın 14-də Sov.İKP MK plenumu “Nikita Xruşşovun yanlış hərəkətləri ilə bağlı MK-nın Rəyasət Heyətində yaranmış anormal vəziyyət haqqında” məsələni müzakirə etdi. Məsələ barəsində Sov.İKP MK katibi Mixail Suslov məlumat verdi. O dedi: “MK-nın Rəyasət Heyəti iki gündür Nikita Xruşşovun yanlış hərəkətlərini müzakirə edir. Rəyasət Heyətinin üzvləri hamılıqla MK-nın birinci katibi və SSRİ Nazirlər Sovetinin sədri kimi onun hərəkətlərini qınadı. Müzakirələrdə xalq təsərrüfatının idarə olunmasında fasiləsiz dəyişikliklər hamını bezikdirdiyi və işə ziyan gətirdiyi qeyd edildi. Xaricə səfərlərdə Avropada qəbul olunduğu kimi o, yalnız həyat yoldaşını deyil, uşaqlarını, nəvələrini və ailəsinin digər üzvlərini də yanına alır. Xaricə səfərlər zamanı Nikita Xruşşov özbaşına olaraq burjua dövlət xadimlərini sovet ordenləri ilə təltif edir. Onun yanlış fikirləri ilə razılaşmayan kənd təsərrüfatı üzrə ölkənin əsas elmi mərkəzi olan Timiryazev Akademiyasını Nikita Xruşşov paytaxtdan qovmaq istəyirdi. 1958-ci ildən etibarən Sovet İttifaqında demək olar ki, kənd təsərrüfatı məhsullarının istehsalında artım yoxdur. Əhalinin ərzaq məhsulları ilə təminatında məlum çətinliklər yaranıb. Bu da bizim ölkənin nüfuzuna kölgə salır. Heyvandarlığa böyük ziyan vuran Kalinovka haqqında Xruşşovun dedikləri hamını bezikdirib, hamının zəhləsini töküb.
Xarici siyasət məsələlərində Xruşşov ciddi səhvlərə yol verib. Onun Polşa hökumətinə səhv münasibəti Polşa iqtisa¬diy¬yatını çətin vəziyyətə salıb. Rumınlara qarğıdalını necə yetişdirməyi öyrətməsi və Xruşşovun yersiz deyimləri Rumıniya dövlətinin başçıları ilə münasibətləri gərginləşdirib.” Bütün bunları nəzərə alaraq plenum Nikita Xruşşovu tutduğu vəzifələrdən azad etdi. Plenum bundan sonra Sov.İKP MK-nın birinci katibi və SSRİ Nazirlər Sovetinin sədri vəzifələrinin bir adamın əlində cəmlənməsini qadağan edən qərar qəbul etdi. MK-nın birinci katibi vəzifəsinə Leonid Brejnev secildi, Nazirlər Sovetinin sədri vəzifəsinə isə Aleksay Kosıgin təyin edildi. Bununla da SSRİ-də Brejnev erası başladı ki, kiçik istisnalarla bu era SSRİ-nin dağılmasına qədər davam etdi. Lakin müəyyən müddət keçdikdən sonra Brejnev də səlahiyyətlərini genişləndirməyə zərurət duydu. 1953 və 1964-cü illərdə müxtəlif dövlət vəzifələrinin bir əldə toplanmasını qadağan edən MK plenumlarının qərarları olduğu halda, Sov.İKP MK-nın baş katibi kimi Leonid Brejnev 1977-ci ildə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri vəzifəsini də mənimsədi.
Vəli Axundov oktyabr plenumundan qayıdan kimi dərhal, oktyabr ayının 16-da respublika fəallarının müşavirəsini çağırıb plenumun gedişi və Nikita Xruşşovun vəzifədən azad edilməsi prosesi haqqında ətraflı məlumat verdi. Onun işdə yol verdiyi ciddi nöqsanlar, volyuntarizmə yuvarlanması, şəxsiyyətə pərəstiş meylinin baş qaldırması, Xruşşovun özbaşınalığının ölkənin siyasi və iqtisadi həyatında ağır böhrana gətirib çıxarması, Sovet İttifaqının xarici siyasətinə ciddi zərbə vurması haqqında plenumda deyilənləri Axundov müşavirə iştirakçılarına çatdırdı. O, qeyd etdi ki, Nikita Xruşşovun səhhəti ilə bağlı partiya və hökumət başçısı vəzifəsindən azad edilməsi haqqında mətbuatda getmiş rəsmi məlumat xaric üçün, beynəlxalq aləm üçündür, əsl səbəb isə onun işdə ciddi nöqsanlara yol verməsi barədə mənim sizə dediklərimdir. Axundov çox məsələlər barədə dedi ki, Xruşşova münasibətlə bağlı yəqin ki, yaxın günlərdə Mərkəzi Komitədən göstəriş gələcəkdir. Bu gözlənilməz hadisə barədə müşavirədə çoxlu suallar verildi. İlk olaraq Mətbuatda Dövlət Sirlərini Qoruyan (Qlavlit) idarənin rəisi soruşdu ki, indi biz Xruşşovun adı keçən kitablarla bağlı nə edək? Axundov dedi ki, Xruşşovla bağlı məsələlərə münasibət yəqin ki, bütün ölkədə və bütün partiyada eyni cür olacaqdır, amma bir şey aydındır ki, Xruşşovla bağlı məsələlər artıq əvvəlki qaydada davam edə bilməz. Amma əlavə etdi ki, partiya XX-XXII qurultayın qərarlarına sadiqdir və bunu nəzərə almaq lazımdır. Müşavirə iştirakçıları Xruşşovun öz səhvlərini etiraf etməsi barədə soruşduqda, Axundov dedi ki, birinci gün Rəyasət Heyəti onsuz keçdi, ikinci gün isə onu Soçidən çağırıb hər şeyi ona dedilər. Əvvəlcə o, etiraz edir, replikalar verirdi, lakin sonra Rəyasət Heyətinin yekdil mövqeyini gördükdə susdu və özünə bəraət qazandırmaq üçün heç nə deyə bilmədi. Müşavirdə danışılan məsələlər haqqında hansı səviyyədə məlumat verilə bilər sualına Axundov dedi ki, hələlik rayon partiya komitələrinin plenumu və ilk partiya təşkilatlarının katibləri səviyyəsində məlumat vermək olar, sonra necə hərəkət etmək barədə göstəriş olacaq. Xruşşovun portretləri ilə bağlı Axundov tapşırıq verdi ki, “bundan hay-küy yaratmaq lazım deyil, sakitcə, səssiz səmirsiz yığışdırmaq lazımdır.” Sonda müşavirə Sov.İKP MK-nın oktyabr plenumunun qərərlarını bəyənən və müdafiə edən qətnamə qəbul etdi. Orada göstərilirdi ki, Azərbaycan kommunistləri Leonid Brejnevin Sov.İKP MK-nın birinci katibi seçilməsin və Aleksey Kosıginin SSRİ Nazirlər Sovetinin sədri təyin edilməsin yekdilliklə bəyənir.
Oktyabr plenumundan bir ay sonra keçirilən noyabr plenumunda Xruşşov tərəfindən ayrılmış vilayət və diyar partiya və sovet orqanlarının birləşdirilməsi məsələsinə baxıldı, bu məsələ ilə bağlı Sov. İKP MK katibi məruzə etdi. Məruzə ətrafında müzakirələrdə Vəli Axundov da çıxış etdi. O, Oktyabr plenumunun nəticələrinin Azərbaycan kommunistləri və respublika zəhmətkeşləri tərəfindən bəyənildiyi barədə məlumat verdi və bir sıra maraqlı təkliflər səsləndirdi. Vəli Axundov öz çıxışında vaxtilə Xruşşovun tərəfindən yaradılmış, Zaqafqaziya respublikaları, o cümlədən Azərbaycan üçün əlavə asılılıq yaradan Zaqafqaziya Bürosunun ləğv edilməsi məsələsini qaldırdı. O, qeyd etdi ki, bu büronun heç bir praktiki əhəmiyyəti yoxdur və Mərkəzlə respublikalar arasında əlavə bir vasitəçi orqanın mövcud olmasına heç bir gərək yoxdur. Axundov eyni zamanda rayon partiya və sovet orqanlarının istehsalat prinsipi üzrə qurulmasının işə böyük ziyan vurduğunu, ciddi çətinliklər yaratdığını qeyd etdi və təcili olaraq bu vəziyyətin aradan qaldırılmasının zəruriliyini irəli sürdü. O, öz çıxışında fasiləsiz yoxlamaların iş prosesinə böyük ziyan vurduğuna toxunaraq dedi ki, “indi zavod və fabriklərdə fasiləsiz yoxlamalar aparılır, çoxlu yoxlayan təşkilatlar var. Elə təşkilatlar var ki, necə deyərlər permanent vəziyyətdədir. Sonsuz yoxlamalar davam edir. Qayda yaratmaq və adamlara işləmək imkanı vermək lazımdır. Yoxlama yoxlamadır, lakin adamların işləmək imkanı olmalıdır.” Vəli Axundov adamların müxtəlif müşavirələrə, tədbirlərə çağrılmasının da iş prosesinə böyük ziyan vurduğunu göstərdi. O, qeyd etdi ki, adamları, yerlərdə və Moskvada müxtəlif müşavirələrə, iclaslara həddindən çox çağırırlar. Bu gün rəhbər işçilərin yerində olması çox çətin bir məsələyə çevrilib. Adam təzə gəlir, sabah onu yenidən çağırırlar, o, vaxtının çoxunu təyyarlərdə, qatarlarda keçirir, işləməyə vaxtı qalmır. Buna diqqət yetirməyin vaxtıdır.”
Nikita Xruşşov rəhbərlikdən uzaqlaşdırıldıqdan iki həftə sonra, oktyabr ayının 27-də Sov. İKP MK Rəyasət Heyəti Zaqfqaziya Bürosunun ləğv edilməsi haqqında qərar qəbul etdi. MK katibləri Nikolay Podqornının və Vitali Titovun hazırladığı qərar layihəsində göstərilirdi: “Gürcüstan (yoldaş Mjavanadze), Azərbaycan (yoldaş Axundov), Ermənistan (yoldaş Zarobyan) kommunist partiyaları Sov. İKP MK ilə Zaqafqaziya partiya orqanları arasında partiya və təsərrüfat həyatına rəhbərlik edən Zaqafqaziya bürosunun artıq strukturu kimi ləğvi ilə bağlı təklif vermişlər. Bizə verilən tapşırığa əsasən Gürcüstan, Azərbaycan, Ermənistan kommunist partiyalarının təklifinə baxıldı. Bu təklifi doğru hesab edirik.” Elə həmin gün Sov. İKP MK-nın Rəyasət Heyətinin iclasında layihə təsdiq edildi və MK-nın partiya orqanları ilə iş şöbəsinə tapşırıldı ki, Zaqafqaziya kommunist partiyaları mərkəzi komitələri ilə birlikdə Zaqafqaziya Bürosunun işçilərinin Sov. İKP MK-da istifadə edilməsi üçün təkliflər versinlər.
1964-cü ilin oktyabrında Nikita Xruşşovun devrilməsi ilə Sovet İttifaqında on ilə yaxın davam edən Xruşşov erası başa çatdı. 50-ci illərdə islahatçı kimi işə başlayan, Stalinin şəxsiyyətə pərəstiş mifini dağıdan Nikita Xruşşov özünün şəxsiyyətə pərəstişinin ən yüksək məqamında vəzifədən uzaqlaşdırıldı. Onun siyasi və iqtisadi baxımdan əsaslandırılmamış ekspermentləri sovet cəmiyyətini böhran həddinə gətirdi. Onu əvəz edən və əsasən onun kadrlarından ibarət olan yeni komanda vintləri bərkitməyə qərar verdi.
Oxunub: 266