Gün yaxşı başlamayıb. Baxmayaraq ki, cümədir, əziz gündür, qarşıdan istirahət günləri gəlir. Ancaq ovqatın korlanması üçün həmişə nəsə tapılır. Açığı, AzərTAc-dan, demək olar, ancaq pozitiv xəbərlər alırıq. Bu baxımdan da bir qədər gözlənilməz, xəyal qırıqlığı keçirməyimə həm də o pozitivlik səbəb oldu. Qarşıdan bayramlar ayı gəlir, bayram ovqatını korlamağa heç kimin haqqı yoxdur. Üstəlik, növbədənkənar seçki astanasındayıq. Belə bir çağda mənfiliklərlə dolu informasiyalar yaymaq, paylaşmaq mentalitetimizə də ziddir.
Bu gün AzərTAc Ekologiya və Təbii Sərvətlər Nazirliyinin(ETSN) mətbuat xidmətinə istinadla İmişli rayonunun Əliyetməzli kəndində baş vermiş cinayətlə bağlı xəbər yayıb. Yəqin, AzTV-lər də gün ərzində bu xəbəri xalqımıza çatdıracaq. Ancaq seçki təbliğatına daha çox diqqət ayrıldığından və bəzilərinin bundan xəbərsiz qalacağını güman etdiyimizdən həmin informasiyanın əsas hissəsini burda paylaşaq ki, kimsə duymadıq deməsin.
Deməli, “ETSN-in 7 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi əməkdaşlarının (Tanrı onların məqamın uca eləsin – R.H.) keçirdiyi reyd zamanı İmişli rayonunun Əliyetməzli kəndi ərazisində Kür çayının mühafizə zonasında yaşköküstə(?! – R.H.) 50 ədəd yulğun kolunun kəsildiyi aşkar edilib”.
İlahi, bunu yazanda belə əllərim titrəyir, gözlərim dolur, yazını yarımçıq qoyub ictimaiyyətdən xəlvət yerdə bir siqaret yandırıb ciyərlərimə çəkirəm. Yavaş-yavaş özümə gələndən sonra yenidən monitor arxasına keçirəm. Həm də xəbər çatdırmaq funksiyası daşımaq vəzifə borcum olduğundan informasiyanın qalan hissəsini də yazmağa başlayıram. Həmin cəsur ekoloqlar (həmin anda onların hansı hislər keçirdiyini təsəvvürümə gətirməyə çalışıram – R.H.) anındaca araşdırmaya başlayıb, necə deyərlər, isti izlərlə. Çox sevindiricidir ki, onların tərəfindən aparılan araşdırma uğurla başa çatıb. “Araşdırma zamanı yulğun kollarının İmişli rayonu Əliyetməzli kəndi sakini Soltan Baxşəliyev tərəfindən kəsildiyi və təbiətə 4000 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib olunub”.
Etiraf edək ki, heç asayiş keşikçiləri – polislər belə baş verən cinayətlərin üstünü bu cür operativ şəkildə aça bilmir. Yaxşı təcrübədir, onların işindən, bu əməliyyatından yararlanmaq polisə çox fayda verə bilər; bizdən demək.
Ekoloq əməliyyatçılar(onları bundan sonra belə adlandıracağıq – R.H.) işlərini bununla bitmiş saymayıb, anındaca yuxarılara – ETSN-ə xəbər veriblər, bu nazirlik də eyni operativliklə baş vermiş cinayətl barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna təqdimat göndərib; qanun pozuntusu ilə bağlı məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunauyğun tədbirlərin görülməsi üçün. Afərin!!!
İndi növbə Baş Prokurorluğundur. Ümid edirik ki, eyni operativlik bu qurumdan gələcək, təqsirkar – İmişli rayonunun Əliyetməzli kənd sakini Soltan Baxşəliyev barəsində qanunauyğun tədbirlər görəcək. Yəni həsrətlə Baş Prokurorluqdan rəsmi açıqlama gözləyirik.
Açığı, bütün əhalinin növbədənkənar seçkiyə kökləndiyi ərəfədə belə bir addımın atılması, qışın xoş keçməsinə baxmayaraq, evini isitmək, balalarının soyuqdan donmamasını bəhanə gətirərək 50 ədəd yulğun kolunun “yaşköküstə” kəsilməsi təxribata da bənzəyir…
Başa düşürük, kənddə qaz yoxdur, evləri isitmək problemdir, regionlarda iş yerləri də qəhətdir ki, adamlar pul qazanıb heç olmasa elektrik enerjisi ilə evlərini qızdırsın. Ancaq bu təkcə Əliyetməzlinin problemi deyil ki, başqa rayonların da kəndlərinin çoxunda qaz yoxdur(baxmayaraq ki, son müşavirədə İlham Əliyev ölkənin 93 faizinin qazlaşdırıldığını deyib), elə İmişli rayonunun özündə nə qədər kənd qazsızdır. Qazsızlığı bəhanə gətirib təbiətə qənim kəsilmək heç kimə bu addımı atmağa əsas vermir. Qaz yoxdur, kərmə yandır, malların etiraz edib peyinləmədiyi barədə hələ heç yerdə bircə xəbərlə belə qarşılaşmamışıq. Elə Əliyetyməzlinin özündə nə qədər həyətdə kərmə qalaqları var, evlərin çoxu onunla qızdırılır, ibtidai icma quruluşunda olduğu kimi adamlar heç bir xərc çəkmədən bu yanacaq vasitəsindən yararlanır, sadəcə özünə bir qədər zəhmət verib yayda qışın bu unikal yanacağını toplamaq gərəkdir.
Şiddətlə qınayırıq!
Oxunub: 284