Martın 10-da Bakıda, Məhsul stadionunda Milli Şuranın təşəbbüsü ilə 11 aprel növbədənkənar prezident seçkisinə etriaz məqsədilə mitinq keçirilib. Mitinqdən tam çəkilişi təqdim edirik:
Mitinqin sonunda Milli Şura sədri Cəmil Həsənli çıxış edib. Mitinq artıq başa çatıb.
“Bu meydana gələn, toplaşan insanların hər biri qəhrəmandır”. Bu sözləri çıxışının əvvəlində Milli Şuranın sədri Cəmil Həsənli deyib. O, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularını xatırlayıb, aksiyanın həm də onların anım mərasimi oldugunu ifadə edib.
“Gülüstan ola biləcək bu vətənin bü gün bu duruma düşməsinin səbəbkarı kimdir? Dövlət düşüncəsi, qaygısı olmayanların hakimiyyətdə olması böyük faciədir. Ölkəmizin bu duruma döşməsinin əsas səbəbkarı İlham Əliyev və onun ogru hökumətidir”, C.Həsənli deyib.
O, həbsdəki jurnalistləri, siyasətçiləri, REAL Hərəkatının sədri İlqar Məmmədovu, dindarları yada salıb, hakimiyyəti onları azad etməyə səsləyib.
C.Həsənli aksiyaların davamlı olacağını da vurğulayıb.
“İlham Əliyev növbədənkənar deyil, qəfil seçki, alternativsiz seçki, beynəlxalq nəzarətdən kənar seçki keçirir. Bizim hədəflərimiz azad seçkidir, bu millətin seçim haqqının özünə qaytarılmalıdır”, o deyib.
MŞ Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli çıxışında hər bir vətəndaşın ləyaqətli yaşamaq haqqının olduğunu vurğulayıb. O, deyib ki, Azərbaycan xalqının əlindən ləyaqətli yaşamaq haqqını alıblar.
“Biz bu haqqın geri alınması üçün mübarizə aparırıq. Biz bu məqsədimizə çatacağıq. Hakimiyyət bu xalqın vicdanlı insanlarını, ləyaqətli qızlarını, oğlanlarını, ziyalılarını, müxalifətçiləri təhqirlərə məruz qoydu, şərlədi, aşağıladı, həbs etdi. Bu gün onların etdiklərinin bircə faizini Avropada mühacir həyatı yaşayanlar özlərinə qaytarıb və hakimiyyət həşir qoparıb ki, bizi təhqir edirlər, müxalifət bunun qarşısını almalıdır, xalq buna etiraz etməlidir”.
Milli Şuranın Koordinasiya Mərkəzinin təmsilçisi Vidadi Mirkamal öz çıxışında hakimiyyəti dürüst olmamaqda ittiham edib.
“Bu hakimiyyət 25 ildir ki, bütün seçkiləri saxtalaşdırır. Hazırkı prezident seçkilərinin özəlliyi var. Bunlar xalqın səsini oğrulayırdılar, ancaq indi bütövlükdə seçkinin özünü oğurlayıblar. Sizlərdən, hətta 5-10 insanın bir yerdə toplaşmasından qorxan bu hakimiyyət seçkiləri 6 ay önə çəkir, seçkini özü bildiyi formada aparmağa çalışır. 15 il ərzində ölkə başçısı Azərbaycana gün ağlaya bilməyibsə, Qarabağı qaytara bilməyibsə, rüşvətxurluğu daha geniş yayıbsa, indən sonra onun yenidən prezident olmasınıən xalqa nə faydası ola bilər?”, o, sual edib.
AXCP sədrindən sonra Müsavat partiyasının başqan müavini Səxavət Soltanlı, AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri Vidadi Mirkamal və Gültəkin Hacıbəyli, Müsavat başqanı Arif Hacılı çıxış edib.
“lham Əliyev deyir ki, Azərbaycan cəmiyyəti demokratiyaya hazır deyil, biz demokratiyaya şərait yaratsaq, radikal dindarlar hakimiyyətə gələ bilər, Azərbaycan Suriyaya, Əfqanıstana çevrilə bilər. Bu belə deyil, Azərbaycan demokratiyaya hazırdır, layiqdir. Müsavat Partiyası hələ 100 il əvvəl xalqla birgə burda Xalq Cümhuriyyət qurub. Bu xalq 100 il əvvəl öz rəhbərlərini özü seçib, dünyaya nümunə göstərib”, – Arif Hacılı çıxışında bildirib.
A.Hacılı AXC-Müsavat hakimiyyəti dövrünə ekskurs edib, 1993-cü ildə Azərbaycan hakimiyyətinin Qarabağda qələbənin bir addımlığında olduğunu vurğulayıb.
“Ancaq 1993-cü ildə, Yeni Azərbaycan Partiyasının qurtuluş kimi qeyd etdiyi iyunundan sonra Azərbaycanın 6 rayonu işgal olundu. “, deyən A.Hacılı demokratik, azad cəmiyyət qurmaq istədiklərini vurğulayıb.
“Məqsədimiz “onlar getsin, biz gələk” deyil, bizim məqsədimiz azad, demokratik cəmiyyətin qurulmasıdır”, o,deyib.
Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı çıxışında Azərbaycan prezidentinin növbədənkənar seçkilər təyin etməsinə toxunub.
“Müxalifətin birgə mitinqinin əsas səbəblərindən biri də ölkə rəhbəri tərəfindən ogurluq, xalqdan xəbərsiz seçki qərarı verilməsidir. Bu sekilərin xalqdan xəbərsiz olduğunu dünyaya çatdırmaq üçün burdayıq. Biz bu seçkinin durdurulmasını tələb edirik. Niyə? 100 il bundan əvvəl müsavatçı babalarımız Azərbaycan Cumhuriyyəti quranda Ermənistan Azərbaycanın arxasınca sürünürdü. İndi isə Ermənistanda parlementli respublika qurulması ərəfəsində Azərbaycan hakimiyyəti məsuliyyətsiz qərarlar verməklə öz ömrünü növbəti dəfə uzatmaq istəyir”.
***
Mitinqdə çıxışlar başlayıb. İlk çıxış edən AXCP sədri Əli Kərimli olub. Onun çıxışından yükləyə bildiyimiz kiçik parçaları təqdim edirik:
Mitinq keçirilən ərazidə internet demək olar ki, tamamilə kəsilib. Bu səbəbdən mitinqdən canlı yayım etmək, foto və videoları operativ yaymaq mümkün olmur.
***
Bu gün Bakıda Milli Şuranın təşəbbüsü ilə ümumxalq mitinqi keçiriləcək. Məhsul stadionunda keçiriləcək mitinq saat 15:00-da başlamalıdır. Mitinqdə məqsəd 11 aprelə təyin edilən növbədənkənar prezident seçkisinə etiraz etməkdir. Aksiyada siyasi-iqtisadi islahatlara dair aktual olan başqa tələblər də səsləndiriləcək.
Oxunub: 8630