Bəyanatda deyilir:
“ADR Hərəkatı 11 aprel 2018-ci il tarixinə təyin edilmiş növbədənkənar prezident seçkilərində iştirakı məqbul hesab etməyərək, seçkilər keçirələcəyi təqdirdə onun nəticələrini tanımayacağını bildirsə də, prosesi diqqətlə izləməkdə və münasibətini ardıcıl şəkildə bəyan etməkdədir. Aydın görünür ki, seçki prosesi ciddi qanun pozuntuları ilə aparılır. Belə ki, prezidentliyə namizədliyi qeydə alınan hazırkı prezident İlham Əliyev növbədənkənar prezident seçkilərini elan edəndən sonra ötən 1 ay ərzində dövlət büdcəsindən əhalinin müxtəlif təbəqələrinə verilən maaşlar, pensiyalar, təqaüdlər və başqa sosial ödənişlərin 10 faiz artırılması (ümumilikdə, cəmi 400 milyon manat) barədə 20-dən çox sərəncam imzalayıb. Bu artım siyasəti, təxminən 2 milyon nəfərə yaxın seçicini əhatə edir ki, bu da səsvermə hüququ olanların 40 faizi deməkdir. ADR Hərəkatı əhalinin sosial müdafiəsinin gücləndirilməsini məqsədəuyğun hesab etsə də, bundan prezidentliyə namizədin xeyrinə təbliğat vasitəsi kimi istifadə olunmasını yolverilməz sayır. Hesab edirik ki, büdcədən maliyyələşənlərin aylıq məvaciblərinin, pensiyaçıların təqaüdlərinin, sosial müavinətlərin aşağı olduğu Azərbaycanda əmək haqqı və pensiyların artımı əhaliyə sosial qayğı paketinin tərkib hissəsi kimi planlı və davamlı aparılmalı, bu yalnız seçkidən seçkiyə şəxsi və poulyar məqsədlər üçün həyata keçirilməməlidir.
ADR Hərəkatı bununla yanaşı dövlət büdcəsi hesabına formalaşan prezidentin 200 milyon manatlıq ehtiyat fondu vəsaitlərinin seçki öncəsi siyasi məqsədlər üçün istifadə olunmasına da diqqət yetirərək xatırladır ki, Azərbaycan Respublikasının “ Büdcə sistemi” haqqında Qanununun 6.7 maddəsi Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunda toplanan vəsaitin ölkədə seçkilərin və referendumların keçirilməsinə, habelə Azərbaycan Respublikası Prezidentinin fəaliyyətinin təbliği məqsədilə xərclənməsini qadağan edir.
Yekun olaraq ADR Hərəkatı hesab edir ki, prezidentliyə namizəd olan İlham Əliyevin maaş artımı ilə bağlı verdiyi sərəncamlar aprelin 11-də keçiriləcək prezident seçkisində təbliğat kampaniyasının tərkib hissəsi olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə və beynəlxalq seçki normalarının, ədalətli və bərabər seçim şərtlərinin kobud şəkildə pozulmasıdır. Odur ki, ADR Hərəkatı seçki kampaniyalarının maliyyəşdirilməsi üzərində şəffaflığın və hesabatlılığın təmin edilməsini, prezident seçkisi ərəfəsində, eləcə də seçki dövründə dövlət büdcəsi vəsaitlərindən və inzibati (maliyyə) resurslarından bir namizədin xeyrinə təbliğat üçün istifadəyə son qoyulmasını tələb edir”.
Oxunub: 76