X yazı
Yaxın vaxtlarda nəşr olunacaq “Azərbaycanda Sovet Liberalizmi: Hakimiyyət, Ziyalılar və Xalq, 1959-1969” adlı kitabımızın Xəlil Rza Ulutürk, Abbas Zamanov, Sara xanım Sarayeva, maestro Niyazi, 1962-ci ildə Dağlıq Qarabağda rəhbərliyin dəyişdirilməsi haqqında, 1963-cü il aclığı, Sumqayıt hadisələri, Nikita Xruşşovun hakimiyyətdən uzaqlaşdırılması kimi səkkiz epizodu ilə Siz artıq tanışsınız. Onuncu yazımız Şıxəli Qurbanovun vəfatı ilə bağlıdır. Buyurun özünüz tanış olun…
Lakin 1967-ci ilin Novruz sevinci uzun çəkmədi. Bu bayramın əsas təşkilatçısı və bayram tədbirlərindən sonra əhali arasında nüfuzu xeyli artmış Azərbycan KP MK-nın ideoloji məsələlər üzrə katibi Şıxəli Qurbanov may ayının 24-də diş ağrısına qarşı vurulmuş bir iynədən qəflətən şoka düşdü və 2 dəqiqə ərzində vəfat etdi. O, son beş ildə Nazim Hacıyevdən sonra vəzifə başında vəfat etmiş ikinci ideoloji katib idi. Baş vermiş hadisə Vəli Axundova ağır zərbə oldu. O, respublika səhiyyə naziri Fəxri Vəkilova tapşırıq verdi ki, mütəxəssislərin iştirakı Şıxəli Qurbanovun ölüm faktı ilə bağlı təcili olaraq patoloji anatomiya və məhkəmə tibbi ekspertizası keçirilsin. Həmin gün Şıxəli Qurbanovun “Sənsiz” pyesinin primerası olmalı idi. Partiya və hökumət rəhbərliyinin, mətbuatın primerada iştirakı gözlənilirdi. Tamaşa zamanı o, publikanın qarşısına yüksək əhval-ruhiyyədə çıxmaq istəyirdi. Amma hər şey tərsinə oldu. Tamaşada baş rolun ifaçılarından olan Hökumə Qurbanovanın vida sözündə deyildiyi kimi: “Sənsiz”in müəllifi “Sənsizi” görmədi.” Üzərindən 50 ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu qəfil ölüm hadisəsi haqqında söz-söhbət indiyə qədər səngimək bilmir. Ona görə baş vermiş hadisənin bəzi məqamlarına aydınlıq gətirmək zərurəti yaranır.
Azərbaycan SSR Səhiyyə Nazirliyinin 4-cü Baş İdarəsinin 1-ci Xəstəxanasının ambulator müalicə şöbəsində Tibb İnstitutunun dosenti, diş həkimi Əliağa Əhmədovun ambulator xəstəlik kitabçasında apardığı qeydlərdəm məlum olur ki, Şıxəli Qurbanov diş problemi ilə bağlı hələ 1966-cı ilin aprel ayının 4-də ona müraciət edib. Həmin vaxt ona 200.000 vahid həcmində streptomitsin vurulub. 1967-ci ilin may ayının 15-dən başlayaraq Mərkəzi Komitə katibi ona əziyyət verən dişlərinin müalicəsinə başlayab və vəfat etdiyi mayın 24-nə qədər 6 dəfə 4-cü Baş İdarənin 1-ci Xəstəxanasının diş kabinetində olub. May ayının 15-də onun alt çənəsində 2, 3, 4, 5-ci dişlərinin, üst çənəsində isə 2 və 3-cü dişlərinin rentgen çəkilişləri aparılıb. Bu müayinə zamanı onun dişlərinin kök hissəsində qranulema (iltihab nəticəsində toxumada əmələ gələn düyün və ya qabarlar) xarakterli kölgə müşahidə edilib. Dosent Ə. Əhmədov ambulator kitabçada yazır ki, 19 may 1967-ci ildə, ağrı müşahidə edilən 2 və xüsusilə 3-cü dişlərin sahələri açılır və orada əmələ gəlmiş çirk kanaldan təmizlənir, kanal streptomitsinlə yuyulur və kip (germetik) bağlanır. Mayın 20-də xəstəlik kitabçasında qeyd edilir ki, şikayət azalıb, şiş enib, kanal bitsilinlə yuyuldu, ora trunda qoyuldu və kip bağlandı. Mayın 22-də xəstəlik kiitabçasında həkimin apardığı qeyddən məlum olur ki, sis yatıb, şikayət yoxdur, kanal sementlə plomblanır, rentgen edilir, 2-ci dişin sahəsində qranulema müşahidə edilir. Mayın 23-dəki qeydlərdə göstərilir ki, 3-cü diş sahəsində şiş var, 2-ci dişin kanalı bitsilin və streptomitsinlə yuyulur, kanala trunda qoyulur, 2-ci diş sahəsində qranulema var. 23 may 1967-ci ildə axşam 2-ci dişin sahəsi yuyulur, sementlə plomblanır. Həmin axşam Şıxəli Qurbanov kəskin diş ağrısından əziyyət çəkir. Səhər saat 8:15-də dosent Əliağa Əhmədov onun evinə çağırılır və müayinədən sonra bəlli olur ki, onun plomblanmış 2, 3, 4-cü dişlərinin sahəsində çox az şiş vardır. İltihab prosesini azaltmaq və ağrını aradan qaldırmaq məqsədilə həkim ona 0,5 faiz novakain qatılmış stretomitsin iynəsi təyin edir. Həmin gün səhər 9:30-da Şıxəli Qurbanov 4-cü Baş İdarənin 1-ci Xəstəxanasın diş kabinetində dosent Əliağa Əhmədovun yanına gəlir. MK katibini qəbul edən zaman Xəstəxananın baş həkimi M. Hacıyev də orada olub və onun iştirakı ilə Əhmədov şprisə 5,0 ml. məhlulda həll olunmuş 200-250 min vahidlik stretomitsin, 0,5 faiz novakain çəkib şprisi yuyur, sonra isti şprisə 100-120 min vahid həll olunmuş streptimitsin 1,0 ml. həcmində xəstəyə vurulur. İynədən sonra gözlənilmədən xəstənin halı pisləşir, Qurbanov deyir ki, o, boğulur, qusmağı gəlir və 1-2 dəqiqə sonra huşunu itirir. Təcili olaraq diş kabinetinə 4-cü Baş İdarənin rəisi dosent A. Mirzəzadə, həkim terapevtlər A. Ağababayev və C. Gözəlov, cərrah Z. Ağabəyli, otolyarinqoloq Ş. Qasımova çağırılırlar. Qeyd edilən həkimlər Şıxəli Qurbanovun dərin şok vəziyyətdə gördülər, artıq onun nəbzi vurmur, nəfəsi gedib-gəlmirdi. Hadisə yerində tərtib edilmiş arayışda qeyd edilirdi ki. xəstənin sifəti, sinəsi və əlləri kəskin göyərmişdir, sifəti şişmiş, ağzından köpük gəlmişdir. Həkimlərin ilkin rəyinə görə baş beyin qabığının həyat əhəmiyyətli hər iki mərkəzinin ani və kəskin paraliçinin bütün əlamətləri müşahidə edilmişdi. Həkimlər təcili olaraq reaminasiya tədbirlərini işə salmış, 2,0 ml. kordiamin, 1,0 ml. kofein, 1,0 ml. lobelin və 1,0 ml. mezaton yeridilməklə xəstənin ürək nahiyəsi bir saat fasiləsiz masaj edilmiş və əzələyə 1,0 ml. adrenolin vurulmuşdur. Lakin qan dövranı dayandığı üçün vurulan dərmanlar sorulmadığından effektsiz olmuşdur. Kislorod vasitəsi ilə süni nəfəs verməyə cəhd göstərilsə də, an dövranını bərpa etmək üçün qrelkadan istifadə edilsə də, sol qol qatlancığından 2-3 sm. açılmış damara iynə vurulsa da qan dövranını bərpa etmək mümkün olmamışdı. Hadisə yerinə çağrılan professor Q. Abdullayev xəstəyə yardımın düzgün göstərildiyini təsdiq etmişdi. Ölüm faktı təsdiq edilən kimi yuxarıda adları çəkilən həkimlərin hamısı, o cümlədən Əliağa Əhmədov Şıxəli Qurbanovun ölüm faktı barədə tərtib edilmiş arayışı imzalayıb, onu Səhiyyə Nazirliyinə vermişdilər.
Ölüm faktı təsdiq edildikdən sonra pataloji anatomiya şöbəsinin müdiri, professor Q.Səlimxanov və Məhkəmə Tibbi Ekspert idarəsi müdirinin müavini E.Rudometkinanın iştirakı ilə meyitin yarılması haqqında protokol tərtib edilmişdir. Protokolda digər göstəricilərlə yanaşı Şıxəli Qurbanovun boyunun 165 sm-ə yaxın olduğu, ürəyinin ölçüsünün 9x9x6 sm., çəkisinin isə 300 qram olduğu qeyd edilmişdi. Sənədin sonunda qeyd edilirdi ki, qistoloji və məhkəmə – kimyəvi tədqiqatlar üçün meyitdən kiçik toxuma nümunəsi götürülmüşdür. Şıxəli Qurbanovun ölümü haqqında tərtib edilmiş tibbi rəydə qeyd edilirdi ki, onun ölümü anafilaktik şok nəticəsində baş vermişdir. Rəyi respublika səhiyyə naziri Fəxri Vəkilov, IV Baş İdarənin rəisi dosent A.Mirzəzadə, Azərbaycan KP MK-nın səhiyyə bölməsinin müdiri, tibb elmləri namizədi Arif Sultanov, müalicə həkimi dosent Əliağa Əhmədov, Pataloji anatomiya şöbəsinin müdiri, professor Q. Səlimxanov və Məhkəmə Tibbi Ekspert idarəsi müdirinin müavini E. Rudometkina imzalamışdılar. İlkin müayinələr və nəticələr sənədləşdirildikdən sonra respublika səhiyyə naziri Fəxri Vəkilov Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundova yazırdı: “Sizin göstərişinizə uyğun olaraq Qurbanov Şıxəli Qurbanoviçin ölümü ilə bağlı arayışı, məhkəmə tibbi protokolu və pataloji anatomiya rəyini Azərbaycan KP MK-ya göndəriririk. Toxumaların qistoloji tədqiqinin, streptomitsin, novakain və şprisin saxlanması haqqında bütün növdən olan analizlərin nəticələri cavablar alınan kimi əlavə olaraq təqdim ediləcək.”
Şıxəli Qurbanovun ölümünün səbəblərini araşdırmaq üçün Azərbaycan KP MK Bürosunun yaratdığı komissiya iyun ayının 16-da öz rəyini hazırlayıb MK Bürosuna göndərdi. Mərkəzi Komitə katibi Əli Əmirovun rəhbərlik etdiyi komissiyaya Tahirə Tahirova, Fəxri Vəkilov, Arif Sultanov, Mustafa Topçubaşov, Cəlal Hüseynov, Emin Əfəndiyev, A.Mirzəzadə, P.Məlikzadə daxil idilər. Komissiya ətraflı araşdırmalardan sonra Şıxəli Qurbanovun ölümünün anafilaktik şok nəticəsində baş verdiyi haqqında mayın 24-də verilmiş patoloji-anatomoya və məhkəmə tibbi ekspertiza ekspertlərinin rəylərini təsdiq etdi. Rəydə tibbi müalicə zamanı istifadə edilmiş tibbi avadanlıq və dərman vasitələrinə Moskvaya Dövlət Məhkəmə Tibbi Elmi-Tədqiqat İnstitutu, Ümumittifaq Kimya Farmokoloji Elmi-Tədqiqat İnstitutu, Tibbi Bioloji preparatlara Dövlət Nəzarəti İnstitutu tərəfindən verilmiş ekspertiza sənədlərinə istinad edilirdi. Orada göstərilirdi ki, ümumittifaq elmi-tədqiqat institutlarının keçirdiyi ekspertizalar Şıxəli Qurbanovun müalicəsi zamanı istifadə edilmiş tibbi avadanlığın və dərman preparatlarının istifadəyə yararlı və zərərsiz olmasını təsdiq etmişdir. Rəydə MK katibi Şıxəli Qurbanovun ölümünün anafilaktik şok nəticəsində baş verdiyi, ona göstərilən reaminasiya yardımlarının vaxtında və doğru olduğu, diaqnostika və müalicə metodlarının stomotologiyada ümumi qəbul olunmuş qaydalara uyğun olduğu təsdiq edilirdi. Bununla yanaşı, respublikada patoloji anatomiyanın qurucularından biri, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü professor Cəlal Hüseynovun sənədə əlavə edilən rəyində “anafilaktik şok” dioqnozu əsaslandırılırdı. Akademik Mustafa Topçubaşovun iyunun 24-də yazdığı tibbi rəydə də ölümün səbəbi kimi Şıxəli Qurbanovun “anafilaktik şok” keçirdiyi qeyd edilirdi.
Mayın 24-də Azərbaycan KP MK, Ali Sovetin Rəyasət Heyətinin və respublika Nazirlər Sovetinin məlumatı elan edildi. Partiya, hökumət və dövlət başçılarının, elm və mədəniyyət xadimlərinin, ictimaiyyətin nümayəndələrinin nekroloqu qəzetlərdə dərc edildi. İctimaiyyət üçün verilən rəsmi tibbi rəydə bildirilirdi: “Şıxəli Qurban oğlu Qurbanov unqranulematoz periodontit xəstəliyi vardı, buna görə də o, Azərbaycan SSR Səhiyyə Nazirliyi IV idarəsinin xəstəxanasında müalicə olunurdu. Növbəti əməliyyat zamanı novokain məhluluna həll olunmuş streptomisin yeridildikdə Ş. Q. Qurbanovda boğulma əlamətləri baş vermiş və anafilaktik şok klinik halı əmələ gəlmişdir. Görülən reanimasiya tədbirləri bir nəticə verməmişdir. Ş. Q. Qurbanov anafilaktik şok nəticəsində vəfat etmişdir.” Tibbi rəyi Səhiyyə naziri F. Vəkilov, IV idarənin rəisi A. Mirzəzadə, Azərbaycan KP MK-nın səhiyyə böməsinin müdiri A. Sultanov, müalicə həkimi Ə. Əhmədov, patoloji anatomiya şöbəsinin müdiri Q. Səlimxanov və baş məhkəmə-tibb ekspertinin vəzifəsini ifa edən Y. Rudometkina imzalamışdılar.
1967-ci ilin iyun ayının 24-də komissiya Şıxəli Qurbanovun ölüm hadisəsi ilə bağlı Azərbaycan KP MK-da Səhiyyə Nazirliyinin IV İdarəsinin xəstəxanasında işləyən həkimlərlə müzakirə keçirildi. Müzakirəyə MK-nın idman və səhiyyə şöbəsinin müdiri tibb elmləri namizədi Arif Sultanov sədrlik edirdi. Əvvəlcə müalicə həkimi Əliağa Əhmədov Şıxəli Qurbanovun ölüm hadisəsi ilə bağlı ətraflı məlumat verdi. O, dedi ki, “xəstə bizim 4-cü idarənin xəstəxanasında ötən ildən müalicə olunurdu. Xəstənin çoxlu karioz (çürümüş) dişləri var idi. Müalicə prosesində onda soyuqlama təzahürləri oldu. Biz ona streptomitsin vurduq. Soyuqlama prosesi keçdi. Moskvaya gedişi ilə bağlı o, öz müalicəsini dayandırdı. Biz dəfələrlə ona zəng edib xəbərdarlıq etdik ki, müalicəsini bilavasitə qışda qurtarmaq lazımdır. O, həmişə gələcəyini vəd edirdi”. Hadisə baş verən günlə bağlı doktor Əhmədov bir sıra məsələlərə aydınlıq gətirdi və dedi: “Ölüm hadisəsi olan gün səhər tezdən, saat 7-də Şıxəli Qurbanovun həyat yoldaşı mənə evə zəng edib dedi ki, onun dişi ağrıyır və o, səhərə qədər yatmayıb, mən sizdən xahiş edirəm ona kömək edin. Mən dedim gəlirəm. Mən öz assistentimlə gəlib baxdım. Onun plomblanmış diş sahəsində kiçik şiş var idi. Yoldaş Qurbanov dedi: “Mən çox xahiş edirəm elə edin ki, bu şiş məni bu gün narahat etməsin”. Mən dedim antibiotik qəbul etmək lazımdır. O, razılaşdı. Bununla bağlı mən xəstəxananın baş həkiminə zəng etdim, telefon cavab vermədi. Doktor İsmayılova zəng etdim, cavab vermədi. Bu doqquza iyirmi dəqiqə işləmiş idi. Onda mən xəstəxanaya yenidən zəng etdim. Telefonu doktor Hacıyev qaldırdı. Mən dedim ki, Şəxəli Qurbanovuçdə soyuqlama prosesi güclənib, ona streptomitsin vurmaq lazımdır. Streptomitsin biz ona ötən il vurmuşduq. Ağırlaşma halında streptomitsin daha az təhlükəlidir və soyuqdəymə prosesində daha effektlidir. Doktor Hacıyev dedi: yaxşı. Mən dedim ki, xəstəxanaya gəlirəm, sən də gəl. Mən xəstəxanaya gəldim. Doktor Hacıyev soruşdu: dərman hazırdırmı? Tibb bacısı iki flakon gətirdi – streptomitsin və penisillin. 10-nun yarısına qədər mən gözlədim. 10-nun yarısında mənim imtahanım var idi, mən doktora dedim, o, dedi bir az gözlə. Bu vaxt tibb bacısı gəldi və dedi ki, Şəxəli Quranoviç zəng edib soruşur doktor Əhmədov oradadırmı? Sən demə o, səhv salırmış. Ona demişdilər ki, mən poliklinkanın baş həkiminə zəng etmişəm və onu orada gözləyirəm. Tibb bacısı hələ isti olan şprits gətirdi. Mən doktor Hacıyevin işnirakı ilə streptomitsin çəkdim və şptits isti olduğu üçün onu silkələdim. Mən 100-120- min streptomitsin çəkdim, ağrı verdiyi üçün az çəkdim və ona vurdum. Bunu artıq bir neçə ildir ki, bütün Sovet İttifaqında, bütün dünyada edirlər. Soyuq dövrdə, soyuqlama dövründə bu müalicəni edirlər. Bundan sonra mən dedim: görürüsünüz, tamamilə ağrısızdır. Həmin anda onun qusmağı gəldi. Mən dedim ki, bu onun streptomitsinə immuniteti ilə bağlıdır. Və həmin vaxt qışqırdı: dimedrol! Mən dedim – Şıxəli Qurbanoviç, durun, narahat olmayın, nəfəs alın. Bu vaxt baş həkimin təsərrüfat hissəsi üzrə müavini gəldi. Mən dedim tez bura gəl. Biz Qurbanovu üçümüz əlimizdə saxladıq. O dedi boğuluram. Onda biz onu gətirib divana uzatdıq. Onun pencəyini çıxarıb ürəyini masaj etməyə başladıq. Həmin an tibb bacısı özünü yetirdi və kofein vurdu. Adrenalin gətirdilər. Mən ürəyə adrenalin etməli idim, onun bu halı mənə çox pis təsir edirdi. Hamı gəldi, bütün həkimlər yığışdı, cərrah gəldi, motor gətirdilər, ağız suyunu, seliyi sorduq. O, iki dəqiqə ərzində qaraldı. Ona venoseksiya etdik, nəticə olmadı. Təxminən 20 kislarod balıncı gətirdilər, ürəyə masaj edildi, lakin təəssüf ki, bir şey etmək mümkün olmadı. Fəxri Məmmədoviç gəldi və təklif etdi ki, professor Abdullayevi çağırın”. Stenoqramdan aydın olur ki, professor Abdullayev ekstrimal şəraitdə Şıxəli Qurbanova göstərilən tibbi yardımların düzgün aparıldığı təsdiq edib. Bir qayda olaraq şok əlamətləri müşahidə edildikdə ürəyin və ayaqların masajı, çənənin açılması, ağız seliyinin sorulması, zəruri dərman preparatlarından təcili istifadə və sair addımlar atılır. IV İdarənin xəstəxanasının baş həkimi Hacıyev bildirdi ki, son bir neçə gün ərzində Şıxəli Qurbanov müalicəyə gələndə, yalnız mayın 24-də deyil bütün müalicə prosesində şəxsən iştirak edib. O, qeyd etdi ki, MK katibi bəzən səhərlər, bəzən də işdən sonra müalicəyə gəlirdi və hamısında da mən iştirak etmişəm. Müzakirəni aparan Arif Sultanov xahiş etdi ki, bu anda görülmüş tədbirlər barədə dəqiqəsinə, əgər mümkünsə saniyəsinə qədər hər şey dəqiqliklə danışılsın. Müalicə həkimi Əliağa Əhmədov əlavə etdi ki, həmin anda Şıxəli Qurbanova 10 nəfərlik həkim və tibb personalı bütün zəruri yardımları göstərib, əgər 2-3 nəfər olsaydı demək olardı ki, nə isə diqqətdən kənarda qalıb. O, dedi: “Mən hesab edirəm ki, nə isə bir şeylər danışırlar, bunlar digər məqsədlərlə bağlı olan təxribatçı şayiələrdir”. Baş həkim Hacıyev yaranmış şübhələrlə bağlı dedi: “ Belə bir fikir yaranır ki, Şıxəli Qurbanov gələndə mən xüsusi olaraq orada olmuşam. Bizdə belə qəbul olunub: MK katibləri Nazirlər Sovetinin sədri və onun müavinləri gələndə, mən və ya IV idarənin rəisi orada iştirak edir, onları qarşılayırıq”. IV Baş İdarənin rəisi dosent A.Mirzəzadə baş həkim Hacıyevin sözlərini təsdiq etdi O, bildirdi ki, “10-a 10 dəqiqə qalmış şöbələri dolanmaq üçün mən otaqdan çıxdım. Beşinci mərtəbəyə qalxdım, liftdən çıxdım, mənə dedilər ki, sizi təcili olaraq aşağı çağırırlar. Mən həmin dəqiqə endim. Gördüm Şıxəli Qurbanoviçi uzadıblar, doktor Hacıyev və Ağababayev süni nəfəs verirlər. Mən nəbzini yoxladım, nəbzi vurmurdu, ürəyi döyünmürdü, onun çöhrəsi göyərmişdi, gözləri qanla dolmuşdu. Soruşdum, nə etmişiniz? Dedilər adrenalin etmişik, süni nəfəs və kislarod veririk. Mən dedim ürəyə adrenalin verin. Mənim yanımda Ağababayev ürəyə adrenalin verdi, kislarod və süni nəfəs verilməsi davam etdirildi…Lobelin edildi, heç bir effekti olmadı, buna baxmayaraq ürək masajı və süni nəfəs verilməsi davam etdirildi”. Təxminən bir saat ərzində süni nəfəs verilməsi və ürək masajı fasiləsiz edilsə də elə bir nəticəsi olmadı, onda meyit əlamətləri görsəndi. İki saatdan artıq vaxt keçəndən sonra Şıxəli Qurbanovun cəsədini yardılar. Həmin gün Şıxəli Qurbanovun “Sənsiz” tamaşasının dram teatrında primerası olmalı idi. Mədəniyyət nazirinin müavini Ziyadov xəstəxanaya gəlmişdi və oradan teatra zəng edib tamaşanı dayandırdı.
Müzakirələr zamanı xəstəxananın şöbə müdiri Ağababayev dedi ki, “məni çağıranda mən dəhlizdə idim, palatalara baş çəkmək istəyirdim. Mən qaça-qaça gəlib xəstəyə yetişdim, gördüm ona yardım edirlər, divanda uzanmışdı, kislarod verirdilər, masaj edirdilər, tibb bacısı iynə vururdu. Mən gördüm xəstənin nəbzi vurmur, nəfəsi gedib-gəlmir, bədəni soyuyub. Mən orada diafraqmanın reaminasiyasına başladım və soruşdum ki, hansı iynəni vurmamısınızsa, vurmaqda davam edin. Qırx dəqiqə ərzində mən reaminasiya etdim. Həkim otolarinqoloq və doktor Əhmədov reaminasiya etməyə yardım göstərdilər”. Bu hadisə ilə bağlı yayılan şayiələrdə göstərilirdi ki, iynədən sonra Şıxəli Qurbanovun halı pisləşən kimi guya müalicə həkimi Əliağa Əhmədov özünü pəncərədən atıb qaçıb və müalicə zamanı istifadə olunan şprisi də guya həyətdən tapıblar. Şıxəli Qurbanovun ölüm hadisəsi ilə bağlı əldə olan sənədlər belə şayiələri təsdiq etmir. Doktor Əhmədov axıra qədər hadisə yerində olub və ölüm faktı təsdiq edilənə qədər xəstəyə yardım göstərilməsində iştirak edib. Bu hadisədə bir “pəncərə” məsələsi var, lakin kimsə özünü otaqdan bayıra atmayıb, həmin vaxt xəstəxananın həyətini dolanan baş həkimin təsərrüfat işləri üzrə müavini Ağasiyev doktor Əhmədovun “kömək edin” səsini eşidəndə özünü həyətdən pəncərə vasitəsi ilə otağa atıb. İyun ayının 24-də keçirilən müzakirələrdə o, deyirdi: “Səhərlər biz yoxlama edirik. Mən səhər yoxlaması zamanı otağın qabağından keçəndə gördüm deyir “kömək edin”. Mən həmin dəqiqə pəncərə vasitəsi ilə kabinetə atıldım, Şıxəli Qurbanoviç kabinetdə idi. Biz onu tez divana uzatdıq”. Arif Sultanov sual verirdi ki, “sən deyirsən pəncərədən kabinetə atılmısan, həmin vaxt kabinetdə kim var idi?” Ağasiyev cavab verir ki, “kabinetdə doktor Əhmədov, doktor Hacıyev və tibb bacısı var idi. Mən bir neçə kislarod balıncı gördüm və heç nəyə baxmayaraq qaçdım və bir neçəsini də gətirdim”. Sultanov dəqiqləşmə üçün bir daha soruşdu: Bunun nə dərəcədə doğru olduğunu təsdiq edin. Deyirlər ki, kabinetdə yalnız doktor Əhmədov olub, siz isə doktorun qışqırığına pəncərədən daxil olmusunuz. Bir az ətraflı danışın. Bizi orada kimin olması maraqlandırır. Bu zaman doktor Əhmədov nə edirdi?” Ağasiyev əlavə etdi ki, “mən bizim aqranomla bağda pəncərənin yanından keçirdim, bu vaxt doktor Əhmədov mənə kömək edin deyəndə dönüb baxdım. Mən girəndə Şıxəli Qurbanoviç ayaq üstə idi, onu oturtmaq istəyirdilər. Mən də kömək etdim. Bu vaxt doktor tibb bacısını çağırdı. Bütün bunlar bir neçə saniyə ərzində eyni vaxtda baş verdi. Həmin dəqiqə onu götürdülər və divana uzatdılar. Mən gözləmədim, kislarod üçün qaçdım”. Bu zaman söhbətə qoşulan Əliağa Əhmədov Arif Sultanova dedi ki, əgər siz tibb bacısına iki sual versəniz hər şey aydın olacaq. Penisilin və streptomitsini o, kimin xahişi ilə gətirib? Doktor Hacıyevin xahişi ilə. O, şprisi kimə verib? O, şprisi gətirib və onu doktor Hacıyevə verib…Mənim tibb bacısı ilə bütün əlaqəm doktor Hacıyev vasitəsi ilə olub, tibb bacısı ilə mənim birbaşa əlaqəm olmayıb. Mənə nə lazım olubsa, doktor Hacıyevə demişəm. Ona görə məsələyə tibb bacısı aydınlıq gətirə bilər”. Arif Sultanov həmin prosesin iştirakçısı olmuş tibb bacısı Haxverdiyevadan soruşdu: “Ətraflı danışın: siz şprisi necə hazırladınız, dərmanı haradan götürdünüz, bu dərmanı necə həll etdin, bu zaman kim iştirak edirdi orada?” Haxverdiyeva dedi: “24-ü tarixində mən səhər konfransında idim. Məni doktor Hacıyev çağırdı, novokaində həll olunmuş streptomitsin istədi. Mən əsəb şöbəsinə keçdim, streptomitsinin yararlılıq tarixini yoxladım, yararlıq vaxtı 1969-cu ilə qədər idi və 0,5 faizli novokain götürdüm, özüm qarışdırdım, şpris qaynanmış idi, kabinetə gətirib şkafın üzərinə qoydum. Doktor Hacıyev gəldi, o, soruşdu ki, şpris hanı, mən göstərdim. Sonra doktor Əhmədov soruşdu: sizdə 3 qramlıq şpris var? Mən dedim 3 qramlıq şpris olmur, 5 qramlıq var. O, xahiş etdi gətirim, gətirdim, qaynatdım və doktor Hacıyevin iştirakı ilə doktor Əhmədovun stoluna qoydum və mən koridora çıxdım. Hər şey səssiz, sakit idi, heç nə eşidilmirdi. Birdən mən gördüm kimsə çıxır, onu çıxarırlar. O, boyun nahiyəsinə qədər qaralmışdı, onu kabinetdən kuşetkada çıxardılar. Mən qızlara dedim təcili kislarod balıncları gətirin. Doktor Əhmədov adrenalin istədi. Mən adrenalin gətirdim”. Sonra A.Sultanov 4-cü İdarənin cərrahı doktor Ağabəyliyə, otolarinqoloq Qasımova, terapevt Gözəlova, stomotoloq Vəlibəyova bəzi suallar verdi. Bir təcrübəli həkimi kimi Vəlibəyov dedi ki, anafilaktik şoku biz ancaq ədəbiyyatdan bilirik, şəxsən mən rastlaşmamışam. Müharibə vaxtı biz çox şok vəziyyətləri görmüşük, çoxlarını qurtarmışıq. Lakin anafilaktik şok ildırım sürətli olur. Elə ildırımsürətli olur ki, xəstəni şokdan çıxarmaq mümkün olmur”. A.Sultanov Vəlibəyovdan soruşdu: Necə bilirsiniz xəstəyə yardım vaxtında göstərilibmi?” Vəlibəyov birmənalı şəkildə təsdiq etdi ki, “belə hal baş verən vaxt heç kim bundan daha yaxşı yardım göstərə bilməzdi”. Sonda Əliağa Əhmədov “Vraçebnıy jurnal”ın 9-cu nömrəsini göstərib dedi ki, burada aspirin qəbul edəndən sonra anafilaktik şok keçirmiş xəstə haqqında yazılıb. O, mətni oxumağa başladı:”Anafilaktik şok xəstədə istənilən dərmandan ola bilər və onu öncədən görmək mümkün deyil. Son vaxtlar çox hallar olur ki, xəstəyə streptomitsin antibiotiki vurulur, sonra həmin şprislə digər xəstəyə iynə vurulur və həmin xəstə ildırım sürəti ilə ölür. Hansı dərmanın kimdə anafilaktik şok yarada biləcəyini öncədən bilmək mümkün deyil. Bu orqanizmin ümumi vəziyyətindən, indiyə qədər elmə bəlli olmayan əsəb statusundan asılıdır”. O, əlavə etdi ki, “nə üçün bizdə xəstə həmin dəqiqə göyərdi? İnsan havasız iki dəqiqə yaşaya bilər, tənəffüs mərkəzinin paraliçi baş verdi, ürək-damar sistemi dayandı. Anafikatik şok aspirin də daxil olmaqla istənilən dərmandan ola bilər. Deməli orqanizmdə hansısa bioloji hərəkətlər baş verir ki, onu da heç kim öncədən bilə bilməz”. Bununla da müzakirələr sona çatdı və söhbətdə həkimlərlə yanaşı Azərbaycan SSR Səhiyyə naziri Fəxri Vəkilov də iştirak edirdi. 11 səhifədən ibarət olan stenoqramda diqqəti çəkən bir məqam var: çıxış edən və sual verən bütün şəxslər sual və çıxışının qarşısında imza atıblar. Hər kiçik qeyd belə, stenoqramda imza ilə təsdiq edilib.
Şıxəli Qurbanovun qəfil vəfatı respublika rəhbərliyi, xüsusilə Vəli Axundovla yanaşı, xalq üçün, milli ruhlu ziyalılar üçün də ağır itki idi. O, 1961-ci ildə rəhbər partiya işindən uzaqlaşdırıldqdan sonra 5 il akademiya sistemində işləmiş və humanitar sahədə çalışan alimlər, ədəbiyyat və incəsənət xadimləri, mədəniyyət işçiləri ilə çox sıx əlaqələr quraraq maraqlı bir mühit yarada bilmişdi. O, tükənməz bir enerji ilə yorulmaq bilmədən çalışırdı. Amma, təəssüf ki, bütün işlər yarımçıq qaldı. Şıxəli Qurbanovun uzun müddət xalqın yaddaşında qalması, adının və əməllərinin xatırlanması, onun içində olduğu sistem daxilində mənsub olduğu millətin varlığını ifadə etmək əzmi və cəsarəti ilə bağlı idi. May ayının 24-də Azərbaycan KP MK Bürosu Şıxəli Qurbanovun dəfni ilə bağlı qərar qəbul etdi. Qərarda onun vəfatı ilə bağlı Azərbaycan KP, Azərbaycan SSR Ali Soveti və respublika Nazirlər Sovetinin mətbuatda dərc olunmaq üçün məlumatının mətni təsdiq edildi. Respublika Nazirlər Sovetinə tapşırıldı ki, Ş.Qurbanovun ailəsinin maddi təminatı məsələsini həll etsin. Qərarın 4-cü bəndinə əsasən Sov.İKP MK-dan xahiş edilirdi ki, Şıxəli Qurbanovun rəhbər partiya işində uzun müddət və səmərəli fəaliyyətini nəzərə alaraq onun ailə üzvlərinə (həyat yoldaşı – Qurbanova Xavər Qulam qızı, qızları – Qurbanova Gülnara Şıxəli qızı, Qurbanova Nigar Şıxəli qızı, oğlu – Qurbanov İlqar Şıxəli oğlu, anası – Qurbanova Zəhra Məmmədəli qızı, bacısı – Axundova Tamilla Qurban qızı) ittifaq əhəmiyyətli fərdi pensiya təyin edilsin. İyun ayının 2-də Azərbaycan KP və respublika Nazirlər Soveti Şıxəli Qurbanovun xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə birgə qərar qəbul etdi. Orada Azərbaycan Dövlət Musiqili Komediya Teatrının və Zaqatala şəhərində yeni orta məktəbin, Bakı şəhərində küçələrdən birinin Şıxəli Qurbanovun adına verilməsi qərara alınırdı. Azərbaycan Elmlər Akademiyasının Nizami adına ədəbiyyat və dil institutuna, Nəşriyyat Komitəsinə tapşırılırdı ki, 1968-ci ildə Şıxəli Qurbanovun 50 çap vərəqi həcmində iki cildliyini nəşrə hazırlasınlar. Qərarın 4-cü bəndində Bakı şəhər icraiyyə komitəsi və Rəssamlar İttifaqının bədii fonduna tapşırılırdı ki, 1967-ci ilin sonuna qədər Şıxəli Qurbanovun qəbirüstü abidəsini hazırlasınlar. Vəli Axundovun təklifi və Azərbaycan KP MK katibliyinin qərarı Bakı şəhər icraiyyə komitəsinə tapşırıldı ki, bir ay ərzində tanınmış ictimai xadim, alim və dramaturq Şıxəli Qurbanovun yaşadığı evə xatirə lövhəsinin vurulmasın təmin etsin.
Oxunub: 974