Böyük Britaniya Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalın zəhərlənməsinə cavab olaraq Rusiya diplomatlarını ölkədən çıxaracaq.
Bu barədə “Sky News” telekanalı məlumat yayıb.
Kanalın məlumatına əsasən, baş nazir Teresa Mey zəhərlənməyə cavab olaraq bir sıra tədbirlərin bir hissəsi kimi Rusiya diplomatlarının çıxarılmasını elan edəcək.
Kəşfiyyata işləyən 23 rusiyalı diplomat Britaniyadan çıxarılacaq.
Hökumətin qərarı ilə, Britaniyanın rəsmi şəxsləri bu il Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına getməyəcək.
Bundan əlavə, Mey Londonun RF-nın Böyük Britaniya ərazisində olan dövlət aktilərini dondurmaq qərarını da elan edib.
Britaniya parlamentinin Xarici İşlər Komitəsinin hakim mühafizəkarlar partiyasından olan sədri baş naziri “imkanında olan bütün alətlərdən istifadə etməklə Rusiya prezidenti Vladimir Putinin və ailəsinin gizli sərvətinin aşkarlanmasına” çağırıb.
“The Independent” yazır ki, parlamentdə baş nazir Theresa May-in Britaniyada “kimyəvi maddə ilə hücum” barəsində verdiyi bəyanatın ardınca çıxış edən Tom Tugendhat Putini ifşa etməyin son dərəcə mühüm olduğunu vurğulayıb.
Bundan əvvəl müxalif liberal-demokratların lideri lord Vince Cable ümumiyyətlə Britaniya yurisdiksiyasında saxlanan “bütün izahsız sərvətlərin” açıqlanmasını təklif etmişdi.
Baş nazir Theresa May bu kimi təklifləri təqdir etdiyini deyib, lakin bildirib ki, belə addımlar qanunun aliliyi çərçivəsində atılmalıdır.
Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya martın 4-də Solsberidə ticarət mərkəzinin yaxınlığındakı skamyada tapılıb. Onlar zəhərlənmə ilə xəstəxanaya çatdırılıb. Bu hadisədə xəsarət alanların sayı, təxminən, 21 nəfərdir. Onların arasında yerinə ilk çatan polis zabiti Nik Beyli də var.
Britaniya hakimiyyəti Skripalın zəhərlənməsini sui-qəsd cəhdi kimi qiymətləndirib.
Rusiya tərəfi hadisə barədə əlavə məlumat olmadığını və istintaqla əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Oxunub: 254