Yaxud, 100 fazilik rüsvayçılıq rəqəmləri
Birqayda olaraq seçki ərəfələrində “müstəqil” qurumlar peyda olur və bu qurumlar hökumətin cəmiyyətdəki avtoritetini sorğuya çəkirlər. Nə hikmətdirsə, bütün sorğuların nəticəsində hökumət “5” qiymət alır. Ölkə başçısının retyinqi isə rekordları dağıdır. Bu dəfə də “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi 68 rayonda sorğu keçirib və sorğuda 1580 nəfər iştirak edib.
Verilən məlumata görə respondentlərin 94.3 faizi 2013-cü il prezident seçkilərindən sonra dövlətimizin uğurla inkişaf etdiyini bildirib. Respondentlərin 81.6 faizi sabit təhlükəsizliyin olduğunu, 94,1 faizi İlham Əliyevin xarici siyasətini dəstəklədiyini, 88.5 faizi prezidentin Qarabağ siyasətinə yüksək qiymət verdiyini bildirib. Ölkədə aprelin 11-də keçiriləcək prezident seçkilərində edəcəkləri seçimi açıqlayan respondentlərin 84,1 faizi seçkilərdə birmənalı olaraq İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Əvvəla qeyd edək ki, bu sorğunun nə vaxt, harda, necə keçirilməsiylə bağlı heç bir məlumat yoxdur. Yalnız nəticələr açıqlandıqdan sonra məlum olub ki, ölkədə qızğın sorğu keçirilib.
İkincisi, bu sorğuya kredit bataqlığında çabalayan 2.5 milyon nəfər şəxs, qan pulunu ala bilməyən 13500 şəhid ailəsi, təhsil haqqına görə ali məktəbdən qovulan 17000 tələbə, 130 manata möhtac olan kasıblar, 120 manata məhkum edilən təqaüdçülər, 25 ildir yurd-yuvasından didərgin düşmüş köçkünlər rast gəlməyib.
Amma ən maraqlısı budur ki, sorğu hökumət standarlarına tam uyğun keçirilib. Diqqətlə rəqəmlərə baxdıqda analoqsuz rüsvayçılıq göz deşir.
Əgər 25 ildə 25 qarış torpaq işğaldan azad edilməyibsə, Qarabağ danışıqları nəticə verməyibəs, əksinə Ermənistan hökuməti “bir qarış torpaq da vermərik” mesajını gücləndiribsə, Rusiyanın düşmənə hmayəsi daha qabarıq hal alıbsa, atəşkəs hər gün dəflərlə pozulursa, vətəndaş necə Qarabağ siyasətini dəstkləyə bilər? Qarabağ siyasətindəki uğuru ifadə edəcək hansı görüntü var? Heç olmasa sorğunun bu bəndində 20-30 faizlik nəticə ilə kifayətlənmək lazım idi.
2013-cü ildən sonrakı “uğur”larla bağlı 94.3 faizlik təsdiq də rəzalətin təntənəsidir. Çünki, 2103-cü ildən sonra ölkədə işsizlik faizi artıb, iki öldürücü devalvasiya baş verib, kommunal xərclər 100 faiz, ərzaq məhsullarının qiyməti 60-70 faiz artıb. Ardınca xarici borc yükü yüksəlib, büdcə sürətlə kiçilib, idxaldan asılılıq artıb, ölkədə intihar bolluğu yaranıb, ölkəni tərk edən ali təhsilli vətəndşaalrın sayı 120 min nəfəri ötüb və.s Ən əsası isə həmin dövrdən sonra ən azı 3 nazirin fəaliyyətində böyük korrupsiyanın olduğu, dövlətin əsas strukturlarında cinayət şəbəkəsinin olduğu etiraf edilib ki, bunun da biri sırfv təhlükəsizlik sahəsi ilə bağlı olub.
Ümumilikdə götürdükdə 2103-cü ildən sonra ölkədə repressiya güclənib, beynəlxalq aləmdə ölkənin imici zədələnib, bütün hesabatlarda Azərbaycanın adı “qara siyahı”lara düşüb, azad mətbuatın kökü kəsilib, seçki institutu tamamilə sıradan çıxarılıb.
Və nəhayət, bu ölkədə sorğu iştirakçılarının 80-90 faizi bu hökuməti dəstəkləsəydi, hökumət seçkini bu qədər eybəcər vəziyyətə salmazdı. Yəni, xalqın dəstəyindən əmin olan hökumət “karusel” əməliyyatlarına, topa bülletenlərə, saxta namizədlərə, repressiyalara, iyrənc mübarizə üsullarına ehtiyac duymazdı. Şəffaflıqdan qorxan hökumət heç vaxt obyektiv sorğu keçirə bilməz. Bütün sorğular kimi bu sorğunun nəticəsi də gülüşlə qarşılandı. 70, 80, 90 faizlik “uğur rəqəmləri”, əslində 100 faizlik məğlubiyyətin, 100 fazilik rüsvayçılığın göstəricisidir.
Akif
Oxunub: 434