Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov İctimai Televiziya və Radio Yayımları Şirkətində prezidentliyə namizədlərin ödənişsiz efir vaxtı çıxışlarına münasibət bildirib.
MSK sədri deyib ki, çıxışlar zamanı hər hansı xoşagəlməz hal baş verməyib. O bildirib ki, müəyyən edilən mövzulardan kənar çıxışların olması da normaldır: “Hər şey çox yaxşıdır” demək istəmirəm. Çünki sonra arxayınlaşarlar. Ümumilikdə isə namizədlərin seçkiqabağı təşviqatı normal şəkildə aparılır”.
Məzahir Pənahovun namizədlərin çıxışları zamanı olan davranışını müsbət qiymətləndirib.MSK sədrinin belə mövqeyi qətiyyən təəccüb doğurmur. Hamıya bəllidir ki, Mərkəzi Seçki Komissiyası Prezident Aparatının bir strukturu kimi fəaliyyət göstərir və qanuna deyil, Aparatın göstərişlərinin icrası ilə məşğul olur. O da bəllidir ki, seçki prosesi tamamilə Aparatın nəzarəti altında gedir. Prezidentliyə namizədlərin kimlər olacağını da Aparat müəyyənləşdirir. Namizədlərin davranışını da yuxarı instansiya modelləşdirir. Müxalifətə, onun liderlərinə qarşı əxlaqsızlıq nümunəsi olan çıxışların konspekti də ordan göndərilir.
Məzahir Pənahov bu açıqlaması ilə əslində demək istəyir ki, namizədlər işinin öhdəsindən gəlir. Onların başlıca öhdəliyinin müxalifətə qarşı əxlaq normalarının ən kobud şəkildə tapdanması üsulu ilə təhqirlər yağdırılması çıxışların başlıca istiqaməti olduğu hər dəfə sübut olunur.
Oxunub: 276