AXCP sədri Əli Kərimli Milli Şuranın sədri Cəmil Həsənlinin ABŞ-da nəşr olunmuş növbəti kitabı ilə bağlı fikirlərini feysbuk səhifəsində bölüşüb:
“Milli Şuranın sədri, professor Cəmil Həsənli təkcə hazırkı rejimlə mübarizə aparmır, həm də Azərbaycan tarix elmini dünya müstəvisinə çıxarır. Ən vacibi isə bütün dünya boyunca elmi dairələrdə erməni yalanlarına qarşı yorulmaz, başarılı, intellektual mübarizə aparır. Tam mübaliğəsiz deyirəm ki, professor Cəmil Həsənli bu sahədə bütövlükdə Tarix İnstitutundan çox iş görür. Nəinki Tarix İnstitutundan, təəssüf ki, hazırda bütövlükdə dövlətimizdən təkbaşına daha çox iş görür. Professordan yenə də bir xoş xəbər var.
ABŞ-ın Utah Dövlət Universiteti Cəmil müəllimin yeni kitabını çap edib. Bu kitab Cəmil müəllimin ABŞ və Böyük Britaniya universitetləri tərəfindən çap olunan 5-ci kitabıdır (kitabların elektron variantlarını şərh bölümünə əlavə edirəm). Kitabların üçü nüfuzlu Harvard Universiteti tərəfindən çap olunub. “Azərbaycanın Sovetləşdirilməsi, Cənubi Qafqaz Rusiya, Türkiyə, İran üçbucağı arasında 1920-1922-ci illər” kitabı tariximizin ən əlamətdar dövrlərindən birinə həsr olunub. Bilirsiniz, ermənilərin bizimlə apardığı Qarabağ savaşında dünya boyu istifadə etdiyi mifik, uydurma arqumentlərdən biri bundan ibarətdir ki, guya Azərbaycan və Ermənistan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Stalinin təşəbbüsü ilə Qarabağ Azərbaycana verilib. Cəmil müəllim bu kitabında arxiv sənədləri ilə sübut edir ki, əvvəla, Azərbaycan Sovetləşdirilənə qədər, yəni Xalq Cümhuriyyətinin vaxtında da, Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra da Qarabağ Azərbaycanın tərkib hissəsi olub. İkincisi, sonralar (1922-1923-cü illərdə) məhz Moskvanın, Rusiya Kommunist Partiyasının tələbi ilə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ süni şəkildə aran və dağlıq hissələrinə parçalanmış və Azərbaycan rəhbərliyi Qarabağın dağlıq hissəsində sonradan məskunlaşmış ermənilərə muxtariyyət statusu verməyə məcbur edilmişdi. Etiraf edək ki, bütün bu həqiqətlərin ABŞ-ın məşhur universitetlərindən biri tərəfindən çap olunan kitab vasitəsilə dünya elmi dairələrinə təqdim edilməsi olduqca mühüm və şərəfli milli vəzifədir.
Hörmətli Cəmil müəllimi bu böyük uğuru münasibətilə ürəkdən təbrik edirəm. Dostlarıma, həmvətənlərimə isə deyirəm, nə yaxşı ki, xalqımızın Cəmil Həsənli kimi nəhəng alimi, işıqlı ziyalısı var. Nə yaxşı ki, hörmətli Cəmil müəllim həm də ölkəmizdəki ağır siyasi mübarizənin içindədir, Azərbaycanın ən böyük müxalifət hərəkatı olan Milli Şuranın sədridir. Yorulmadan ölkəmizdə ədalət, azadlıq mübarizəsi aparır, haqqı pozulanların yanında, zülm edən zalımların qarşısındadır. Dostlar, hazırkı dövrümüzün bu böyük şəxsiyyətinin dəyərini, qiymətini dəqiq bilməliyik, qədrini bilib, onunla fəxr etməliyik! Allah Cəmil müəllimə sağlıqlı, uzun və xoşbəxt ömür, elmdə də, siyasətdə dә daha böyük uğurlar nəsib etsin!”
Oxunub: 1032