Siyasi məhbus, azel.tv saytının baş redaktoru Əfqan Sadıqovun ətrafında müəmmalı oyunlar başlayıb. Bu barədə Xural.com saytının baş redaktoru Əvəz Zeynallı məhbusun ailəsinə istinadla məlumat yayıb. “Əfqan Sadıqov ailəsinə zəng edərək özünü yaxşı hiss etmədiyini, çox narahat olduğunu deyib. “Mənə Bakı İstintaq Təcridxanasında da, burada – 17 saylı CÇM-də də hər gün müxtəlif bəhanələrlə 2-3 iynə vururlar. Bu, mənə çox pis təsir edir. Düşünə bilmirəm, beynim dumanlıdır, özümə gələ, fikrimi toparlaya bilmirəm” deyib ailəsinə. Bu, onu göstərir ki, Əfqan Sadıqova qarşı müəyyən planlar var və CÇM rəhbərliyi məhbusun iradəinin ziddinə ona mənşəyi məlum olmayan iynələr vurulmasına aydınlıq gətirməlidir. Əfqana ciddi ictimai dəstək göstərməli, onu tək buraxmamalıyıq. Ədliyyə Nazirliyi və Penitensiar Xidmətin rəhbərliyi bilməlidir ki, Əfqanın başına gələcək hər hadisəyə görə, məsuliyyət onların boynuna düşəcək”, – deyə Zeynallı qeyd edib.