Rauf Babayev: “Əsas zorakılıq göstərənlər üç nəfər idi. Birini tanıdım…”
“Əvvəlcə şikayət etmək istəmirdim, amma Adil Əliyevin statusundan sonra gördüm ki, bunlar humanistliyin, insanlığın nə olduğunu başa düşmür”
Gənc siyasi mühacir Rauf Babayevin deputat Adil Əliyevin Almaniyada təşkil etdiyi tədbirdə çıxışı zamanı Azərbaycan iqtidarını tənqid etməsi və nəticədə çıxışının yarımçıq dayandırılması, özünün zorakılığa məruz qalması gündəmin əsas müzakirə mövzularındandır. Tədbirdə baş vermiş həmin hadisənin video-görüntüləri sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, Adil Əliyevin Bakıdan özü ilə apardığı idmançılar, o cümlədən Kikboksinq Federasiyasında onun müavini vəzifəsini tutan Güloğlan Cabbarov Rauf Babayev zorla zaldan çıxarılandan sonra onu döyüb. Nəticədə gənc fəal xəsarət alıb.
Rauf Babayevin durumu, hadisənin hansı şəraitdə baş verməsi və başqa suallara cavab almaq üçün gənc fəala müraciət etdik. O “Azadliq.info”ya müsahibəsində bildirdi ki, zorakılığa məruz qalması ilə əlaqədar artıq Köln şəhər Polis İdarəsinə müraciət edib. Ərizəsində olayın necə və kimlər tərəfindən törədildiyini ərtaflı yazıb göstərib:
– Tədbir keçirilən zaldan çıxanda kənarda yemək yemək, içki içmək üçün bufet kimi bir yer düzəltmişdilər, məni əsasən orada vurdular. Əsas zorakılıq göstərənlər üç nəfər idi. Birini tanıdım – Güloğlan Cabbarovu. Polisə şikayətimdə onun adını da yazmışam. Göstərmişəm ki, döyülməmişdən əvvəl Adil Əliyev sözümü kəsdi, kürsüyə yaxınlaşdı, çıxışıma imkan vermədi. Güloğlan Cabbarovun onun müavini olduğunu da qeyd eləmişəm.
– Tələbiniz nədir?
– Tələbim budur ki, bu insanlara cinayət işi açılsın, onların Almaniyaya girişinə qadağa qoyulsun. Doğrusu, mən əvvəlcə şikayət eləmək istəmirdim. Ona görə də hadisə günü – martın 31-də yox, aprelin 1-də polisə ərizə verdim. Fikirləşirdim ki, düzdür, mənə qarşı xoşagəlməz hərəkət eləyiblər, amma həmvətənlərimdir. Mən onlardan şikayət etməyim, xarici ölkədir, onları incitməsinlər. Hərçənd, özləri belə şeylərə diqqət eləmirlər. Amma sonra Adil Əliyevin mənim barəmdə statusunu oxudum. Məni “söyüş söyən dəstənin üzvü” adlandırmışdı. Guya, mən gəlib bunların tədbirini pozmaq istəmişəm, alınmayıb. Fikirləşdim ki, mən bunlardan şikayət eləmək istəmirdim, bəlkə mənim humanist addımımdan nəticə çıxaracaqlarını güman edirdim, amma sən bunların hərəkətinə bax. Gördüm ki, bunlar humanistliyin, insanlığın nə olduğunu başa düşmürlər. Ona görə də qərara gəldim ki, bunlardan şikayət eləmək lazımdır.
– Çıxışınız əvvəldən razılaşdırılmışdı, danışanda razılaşmadan kənara çıxdınız, yoxsa nə danışacağınızdan tədbir iştirakçılarının ümumiyyətlə, xəbəri olmamışdı?
– Əslində, məni o tədbirə heç kim dəvət eləməmişdi. Mən o tədbir haqqında Adil Əliyevin “facebook” səhifəsində oxumuşdum. Yazmışdı ki, 31 mart – soyqırım günü və Cümhuriyyətimizin 100 illiyi ilə əlaqədar “İlhamla irəli” şüarı altında tədbir keçirəcəyik. Mən də gedib iştirak etmək qərarına gəldim. Mən 2016-cı ilə qədər Azərbaycanda QHT sədri olmuşam. “Abşeron gənclərinin inkişafı” İctimai Birliyinin sədri idim. Getdim, özümü QHT sədri kimi təqdim elədim. Bildirdim ki, çıxış eləmək istəyirəm. Mənə dedilər ki, bilirsən də, bu, dövlət tədbiridir. Cavab verdim ki, əlbəttə, bilirəm, mən də elə bu haqda çıxış eləmək istəyirəm. Onlara demədim ki, hakimiyyətin, iqtidarın lehinə, yoxsa əleyhinə danışacam. İndiki trollar, lap elə bunlar özləri də dövlətlə hakimiyyət anlayışlarını qarışdırırlar. Elə Adil Əliyev özü də. Adil Əliyev mənim sözümü kəsəndə mənə deyir ki, “sən dövlətini sevmirsənsə…” Halbuki, mənim çıxışımda dövlətlə bağlı bir kəlmə də yox idi. Mən orada Azərbaycandakı hakimiyyətdən, indiki iqtidardan danışırdım. Bildirirdim ki, bu iqtidar bizim Cümhuriyyətimizi, dəyərlərimizi məhv eləyir. Mən orada dövlətimin əleyhinə heç bir ifadə işlətməmişəm, bundan sonra da işlətmərəm.
Beləcə, mənim adımı çıxışçılar siyahısına yazdılar. Adil Əliyev də məni dəvət edəndə QHT sədri kimi təqdim etdi. Bəlkə də düşünürdülər ki, QHT sədri çıxıb bunların xidmət etdiyi hökuməti tərifləyəcək. Bunların psixologiyası belədir. Mən çıxışa başlayandan sonra başa düşdülər ki, yanlış fikirdə olublar.
– Məruz qaldığınız zorakılıqdan sonra səhhətinizdə problem yaranıbmı?
– Xəstəxanadan rəy almışam, qabırğam və böyrəyim zədə alıb. Amma güclü zədə deyil, qorxulu heç nə yoxdur. Həkim mənə bir “maz” yazdı, bir dənə də dərman. Dedi ki, bunları istifadə eləsəm, keçib gedəcək.
Azadliq.info