Yasamal Rayon Məhkəməsində keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun məhkəməsi başlayıb. Sabiq naziri məhkəməyə verən isə vaxtilə MTN-in həbs etdiyi, sonradan generalların işində zərərçəkmiş qismində tanınan Mətləb Mustafayevdir.
Məhkəməyə cavabdeh E.Mahmudov özü gəlməyib. Məhkəmə zalında iştirak edən iki nəfər sabiq nazirin qohumu olduğunu söyləyib. Onlardan biri hakim Sərdar Mehrəliyevə özünü E.Mahmudovun qaynı kimi təqdim edib. Ad-soyadını açıqlamayan həmin şəxs bildirib ki, E.Mahmudovun məhkəməyə verilməsindən aprelin 23-də xəbər tutublar.
«Xahiş edirik, bizə iddia ərizəsi ilə tanış olmaq və nümayəndə ilə məhkəmədə iştirak üçün şərait yaradasınız», – sabiq nazirin qohumu bildirib.
Hakim onu məlumatlandırıb ki, qanunvericiliyə son dəyişiklikdən sonra məhkəmədə nümayəndə qismində iştirak edəcək şəxs mütləq Vəkillər Kollegiyasının üzvü olmalıdır.
İddiaçı M.Mustafayev bu işin Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatət qaldırıb. İstəyini də belə əsaslandırıb ki, ona qarşı qanunsuzluq baş verdiyi dövrdə E.Mahmudov yüksəkvəzifəli məmur olub, dövlət adından addımlar atıb. Bu adama qarşı kompensasiya tələbiylə əlaqədar iddiasında Maliyyə Nazirliyini də ikinci cavabdeh qismində qoyub. Maliyyə Nazirliyi də Nəsimi rayon ərazisində yerləşir.
E.Mahmudovun qohumları vəsatətə etiraz edib. Bildiriblər ki, sabiq nazirin yaşadığı ünvan Yasamal rayonu ərazisindədir.
İddiaçının daha bir vəsatəti isə cavabdehin məhkəmədə şəxsən iştirakı barədə olub. Hakim Sərdar Mehrəliyev E.Mahmudovun prosesdə iştirakı barədə vəsatəti təmin edib. Bununla əlaqədar proses mayın 3-nə qədər təxirə salınıb.
İddiaçı M.Mustayayev şikayətində sabiq nazir E.Mahmudovun sifarişi ilə şərlənib həbs olunduğunu yazıb və cavabdehdən 100 min manat kompensasiya tələb edir.