“İnsanı başqa varlıqlardan fərqləndirən əsas xüsusiyyətlərdən biri vicdandır. Çalışın, vicdanlı olun. Prezident Administrasiyasından gələn sifarişlə yox, vicdanla qərar verin ki, sabah bu iş Avropa Məhkəməsinə gedəndə pis vəziyyətə qalmayasız. Vicdanın səsini xalqın səsi kimi Məzahir Pənahov (MSK sədrini nəzərdə tutur. Tənqidçilər ölkədə keçirilən seçkilərdə nəticələrin saxtalaşdırıldığını desə də, rəsmilər bunu qətiyyətlə təkzib edir – red.) vasitəsilə oğurlamaq mümkünsüzdür”, – həbsdə olan jurnalist Əfqan Muxtarlı aprelin 24-də Şəki Apellyasiya Məhkəməsində onun işinə baxan hakimlərə müraciət edərək belə deyib.
Jurnalistin 6 il azadlıqdan məhrum edilməsi barədə Balakən Rayon Məhkəməsinin hökmündən verilən apellyasiya şikayətinə Rəfael Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.
Jurnalistin işində zərərçəkmiş qismində tanınan gizir var – Qafur Məmmədov. İddia olunur ki, Muxtarlı Gürcüstandan Azərbaycana qanunsuz keçərkən onu saxlamağa çalışan Məmmədovu vurub, ona xəsarət yetirib.
Aprelin 24-də məhkəmədə Qafur Məmmədov dindirilərkən onunla Əfqan Muxtarlı arasında mübahisə yaranıb. Zərərçəkmiş deyib ki, Əfqan Muxtarlı onu vurandan sonra ertəsi gün həkimə gedib müayinədən keçib. Muxtarlı bildirib ki, bu adam ertəsi gün Bakıda onunla üzləşmədə olubsa, Balakəndə necə həkim müayinəsindən keçib?
“Vicdanın olsun, utanmırsan gəlib burada üzə durursan?”, – deyən Əfqan Muxtarlıya hakim xəbərdarlıq edib ki, onu zaldan çıxarıb, məhkəməni onun iştirakı olmadan davam etdirəcək.
Təqsirləndirilən jurnalist xəbərdarlığa belə cavab verib: “Çıxarmaq nəyi dəyişəcək ki? Onsuz da sizə nə sifariş verilibsə, onu da icra eləyəcəksiz”.
“VƏKİLLƏRİ BİR-BİR UZAQLAŞDIRIRLAR”
Məhkəmədə jurnalistin vəkili Elçin Sadıqov 14 vəsatət qaldırıb. Onların arasında Əfqan Muxtarlının həbsindən sonra Gürcüstanda bir neçə təhlükəsizlik əməkdaşının işdən çıxarılmasıyla əlaqədar qonşu ölkəyə sorğu göndərilməsi, həkim rəyinin alınması və başqa məsələlər vardı.
Vəsatətlərin heç biri təmin olunmayıb.
Əfqan Muxtarlı özü də çıxış edib. İttihamların saxta olduğunu, Gürcüstandan oğurlanıb gətirildiyini deyən jurnalist vurğulayıb ki, Əliyevlər ailəsinin biznesilə bağlı araşdırmalarına görə cəzalandırılıb.
Əfqan Muxtarlı vəkili Nemət Kərimlinin onunla bağlı açıqlamasına görə cəzalandırılması – bir illik vəkillikdən uzaqlaşdırılmasından da danışıb.
Bildirib ki, bu hadisənin özü həm onun həbsinin, həm də Nemət Kərimlinin vəkillikdən uzaqlaşdırılmasının siyasi sifariş olduğunu təsdiqləyir.
Jurnalist vəkillərin cəzalandırılması ilə əlaqədar beynəlxalq təşkilatlara da müraciət edərək, onları kampaniyaya başlamağa çağırıb:
“Siyasi məhbusları, haqsız yerə həbs olunanları müdafiə edən vəkilləri bir-bir uzaqlaşdırırlar. Xalid Bağırov, Yalçın İmanov, Fəxrəddin Mehdiyev, Əsabəli Mustafayev, Nemət Kərimli… Bu məsələni diqqətdən kənarda qoymaq olmaz”.
Prokuror apellyasiya şikayətinin təmin olunmamasını, Balakən Rayon Məhkəməsinin hökmünün dəyişdirilməməsini istəyib.
Qısa müşavirədən sonra hakimlər də hökmün dəyişdirilmədən qüvvədə saxlandığını elan edib.