Aprelin 24-dən etibarən Sumqayıt Şəhər İcra Hakimiyyəti Bakı-Saray-Sumqayıt xətti ilə işləyən 501, 503, 520, 522 və 585 saylı marşrutların işləməsinə qadağa qoyub.
Şəhər Nəqliyyat Departamentinə bu göstərişi icra hakimiyyətinin başçısı Zakir Fərəcov verib.
Məlumatı Meydan TV-yə verən şəxs bildirir ki, icra başçısının izah olunmayan və əvvəlcədən ictimailəşdirilməyən göstərişi Bakıda, Sumqayıtda və Saray qəsəbəsində çalışanlara, təhsil alan tələbələrə problem yaşadıb. İnsanlar yollarda marşrut gözləyir, narazılıq etsələr də, yerli strukturlar icra başçısının əmrinin hansı səbəbdən verdiyini izah edə bilmirlər.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Eyvaz Qocayev Meydan TV-yə deyib ki, rəhbərlik həmin marşrutlara fərqli xətt təklif edib:
“Təklif olunub ki, avtobuslar Saraydan 18-ci mikrorayona daxil olub Çerkassı küçəsi ilə birbaşa şəhər Avtovağzalına getsinlər. Bu barədə onlara bir həftə əvvəl xəbərdarlıq da edilib”.
Həmin marşrutlar Bakı Avtovağzalından çıxıb Saray qəsəbəsini keçməklə Sumqayıtın 18, 12, 13, “Şərq Bazarı”, 6 və 5-ci mikrorayonlarında dayanıb sərnişin toplayırdılar. Əgər icra hakimiyyətinin göstərişi gerçəkləşsə, qeyd olunan mikrorayonların sakinləri Saray və Bakıya getmək üçün yerli Avtovağzala üz tutacaqlar. Bakıdan və Saraydan həmin ərazilərə getmək istəyənlər Sumqayıt avtovağzalında düşüb daxili marşrutu dəyişməli olacaqlar. Bu isə əlavə xərc yaratdığından istər-istəməz narazılıq doğurur.