Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni sədr təyin olunub. Xeyirli olsun. Xəbər verilir ki, təqdimat mərasimində çıxış edən yeni sədr Samir Nuriyev işçilərə bundan sonra daha yaxşı işləməyi tövsiyə edib. O, bu təyinata qədər Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb. Normal ölkələr üçün bu vəzifənin necə böyük önəm daşıdığını müzakirə etməyə dəyməz. Belə ölkələrdə şəhərlərin planı, onların qurulması, tikinti və abadlığı, arxitektura işləri dövlətin diqqətində olan ən mühüm məsələlərindən sayılır. Amma bizdə… Tanınmış arxitektor və memarlarımız illərdir haray çəkir ki, qanunsuz tikililərlə yüklənmiş Bakı yaşamaq üçün təhlükəli şəhərə çevrilir. Son 10 ildə tikinti bumu içində gözəl memarlıq ənənələrini itirən, yöndəmsiz binalarla eybəcərləşən paytaxtın ürək ağrıdan mənzərəsi göz önündə.
Paytaxtda arxitektura qaydalarına uyğun gəlməyən nə qədər binalar tikilib son illərdə! Dövlət Şəhərsalma və Arxitektura Komitəsi necə göz yumub bu məsələlərə? Şəhərin sürüşmə zonasına yaxın ərazilərdə başı göylərə dəyən şüşə qüllələrin tikintisinə hansı risklə icazə verilib? “İcazə verilib” deyəndə, o binaları tikdirənlər guya həmin Komitədən icazə istəyirlər ki? Xeyr, Bakı indiki acınacaqlı görkəmini məhz bu özbaşınalıqdan alıb. Kimin könlünə harda, necə düşdü, göydələn tikdirə bilər. Göstəriş yuxarıdan gəlirsə, Komitənin edəcəyi bir şey yox. Son 10 ildə, görün, paytaxtda nə qədər tarixi arxitektura əhəmiyyətli binanı söküb yerində şəxsi adamlara aid binalar tikiblər…
Keçən il Nazirlər Kabinetinin müvafiq qərarı əsasında Komitə belə bir açıqlama yaymışdı ki, Bakı şəhəri ərazisində bundan sonra 10 mərtəbədən yüksək binaların tikintisi qadağan olunacaq. Deyilmişdi ki, sahibkarlar tikinti layihələrini Arxitektura Komitəsi ilə razılaşdırdıqdan sonra həyata keçirəcəklər. Bu günlər mətbuatda yayılan xəbərdə isə deyilir ki, paytaxtın Xətai və Sabunçu rayonlarında qəzalı vəziyyətdə olan yaşayış evlərinin söküntüsünə başlanılıb. Onların yerində hündürmərtəbəli binalar tikiləcək. Artıq metronun Xətai stansiyasının yaxınlığında, Sabit Orucov küçəsində yerləşən qəzalı vəziyyətdə olan 100-ə yaxın ailənin yaşadığı birmərtəbəli evlərin söküntüsünə başlanılması üçün ərazi hasara alınıb. Tikintini aparan şirkətin nümayəndəsi deyib ki, söküləcək bu evlərin yerində bir neçə 18 mərtəbəli yaşayış binası tikiləcək.
Nazirlər Kabinetinin paytaxtda çoxmərtəbəli binaların tikilməsi ilə bağlı verdiyi qərar, onsuz da, daldan atılan daşa bənzəyir. İndiyə qədər dağıdan istədiyini dağıdıb, tikdiyini də tikib. Amma dərd burasıdır ki, verdikləri qərara heç indi də əməl etmək niyyətində deyillər. Əgər bu şəhərdə hər kəs pulunu verib istədiyini tikəcəksə, daha Dövlət Şəhərsalma və Arxitektura Komitəsi kimə lazımdır? Biz onun çoxdan gərəksiz bir quruma çevrildiyini qəbul etmişik. Gərək bu arada onu da ləğv edərdiniz, getsin…