Avropa Şurasının təhqiqatçıları Azərbaycanla bağlı başlatdığı istintaqda o qənaətə gəlib ki, AŞPA-nın bir neçə indiki və keçmiş üzvü Azərbaycana münasibətdə etika qaydalarını pozub.
Hesabatda o vaxt Azərbaycanın AŞPA-da nümayəndə heyətinin sədri Səməd Seyidovun, üzvlər Elxan Süleymanovun, Mürsəl Məmmədovun adları keçir.
İstintaqın hesabatında AŞPA-da Azərbaycanın xeyrinə çalışan bir qrup şəxsin olduğu deyilir.
İstintaqda ifadə vermis keçmiş səfir Arif Məmmədov deyir, bu lobbiçilikdən Azərbaycan XİN-nin, qurumdakı deputatların çoxunun xəbəri olmayıb.
Hesabatda adı çəkilən Elxan Süleymanov hesabatın konkret sübut ortaya qoymadığını bildirir.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov BBC Azərbaycancaya deyir ki, hesabatda adı hansısa korrupsiya əməlində çəkilməyib.
Millət vəkili Aydın Mirzəzadənin fikrincə, əgər bu hesabat nəticəsində Azərbaycan Avropa Şurasından çıxarılsa, məsuliyyətini AŞPA rəhbərliyi daşıyacaq.
Azərbaycan Xarici İşlər Nazirliyi isə məsələyə şərh vermək istəmir, bunu “parlamentlər arası məsələ” olduğunu vurğulayır.
“XİN bu işdən kənar saxlanmışdı”
Hesabatda şahid kimi dindirilən Azərbaycanın Avropa Şurasında keçmiş səfiri Arif Məmmədov BBC Azərbaycancaya bildirir ki, o, istintaqla yaxından əməkdaşlıq edib.
Arif Məmmədov deyir ki, Azərbaycan Xarici İşlər Nazirliyi, diplomatik korpus və Azərbaycan nümayəndə heyətinin Elxan Süleymanovdan başqa digər üzvləri lobbiçilik prosesindən uzaq saxlanıb:
“Mən istintaqa da bildirdim ki, bu işə yalnız Elxan Süleymanov rəhbərlik edib. Onun kimə, nə veridyi gizli saxlanıb, digər azərbaycanlı deputatlar, hətta nümayəndə heyətinin sədri Səməd Seyidov da proseslərdən kənar saxlanıb”, o deyir.
“Belə lobbiçiliyin əleyhinə gedənlərə qarşı kampaniya aparılırdı”
Arif Məmmədovun sözlərinə görə, “avropalı deputatları bahalı hədiyyələrlə, pulla ələ almaq” cəhdlərinin problem yarada biləcəyini deyənlərə qarşı kampaniya aparılırdı.
“Yadınızdadı, Səməd Seyidov rektor olanda universitetə yoxlamalar gəldi və sonradan o, rektorluqdan getdi. Bu, onun nəticəsiydi ki, Səməd Seyidov bu məsələlərin sonradan başağrısına çevriləcəyini deyirdi”, Arif Məmmədov əlavə edir.
Keçmiş səfir deyir ki, belə bir istintaq Avropa Şurası tarixində ilkdir və belə ittihamlar qurumun imicinə mənfi təsir göstərmişdi. Onun fikrincə, bundan sonra Azərbaycan “bu üsullarla Avropada lobbiçilik fəaliyyəti” aparmaqda çətinlik çəkəcək.
“…şişirdilmiş başlıqlar AŞPA-nın normal fəaliyyətini iflic etmişdi”
“Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı korrupsiya iddiaları iflasa uğrayıb”. Bunu Trend-ə deputat, vaxtilə nümayəndə heyətinin üzvü olan Elxan Süleymanov deyib.
Elxan Süleymanov qeyd edib ki, hesabatda AŞPA deputatlarının, xüsusilə məruzəçilərinin işində neytrallıq tələblərinin pozulmadığı qənaətinə gəlib:
“Son iki ildə Azərbaycana qarşı saxta iddialar yayan və dəstəkləyən müəyyən dairələr, xüsusilə Sorosun maliyyələşdirdiyi QHT-lər və media qrupları tərəfindən Qərbi Avropa mediasında yer alan şişirdilmiş başlıqlar AŞPA-nın normal fəaliyyətini iflic etmişdi”, o deyib.
“Aydın oldu ki, iddialar nəticə etibarilə əsassız, uydurma və qərəzli imiş”
Elxan Süleymanov deyir ki, son illərdə “bu kimi təkrar və qeyri-ciddi açıqlamalar AŞPA-nın onsuz da müsbət olmayan beynəlxalq nüfuzuna ciddi xələl gətirsə də, indi aydın olur ki, iddialar nəticə etibarilə əsassız, uydurma və qərəzli imiş”.
Onun sözlərinə görə, AŞ təhqiqatçıları “qərəzli QHT-lərin əvvəlki iddialarını təkrar-təkrar” yazıb, amma hərtərəfli araşdırmadan sonra “hər hansı tutarlı fakt və sübutu təmin edə bilməyib”.
“Guya mən davranış kodeksini pozmuşam”
Azərbaycan AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov BBC Azərbaycancaya bildirib ki, hesabatda onun hər hansı korrupsiya məsələsində iştirak etdiyinə dair sübutlar öz əksini tapmayıb.
“Hesabatda da yazılıb ki, mən 3 saat onlarla söhbət etmişəm, heç bir sorğu-sualdan çəkinməmişəm. Guya mən davranış kodeksini pozmuşam. Çünki kimsə mənə e-mail atıb, amma mən yox”, o deyir.
Səməd Seyidov hesabatdakı məqamlarla razılaşmır, hesab edir ki, burda Azərbaycanı “ədalətsiz şəkildə təqdim etmək cəhdləri var”.
“Belə olsa, Avropa Şurası tarixində ən böyük səhvini etmiş olar”
Milli Məclisin üzvü, Yeni Azərbaycan Partiyasının sədri Aydın Mirzəzadə deyir ki, hesabatda səslənən ittihamlarla tanış olmadığı üçün bunu şərh etmək istəməz, amma o hesab edir ki, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə hər zaman əməl edib:
“Hər halda Avropa Şurası ilə Azərbaycan arasında normal münasibətlər var, ortaya çıxan məsələləri birlikdə həll etməyə çalışırlar. Azərbaycan beynəlxalq təşkilatın üzvü kimi öhdəsinə götürdüyü öhdəliklərə əməl edir”.
Aydən Mirzəzadə deyir ki, Azərbaycan dövlətçiliyində inkişafının elə bir mərhələsini yaşayır ki, onun Avropa Şurasının üzvlüyündən xaric edilməsini gözləmək olmaz: “Ancaq belə olarsa, o zaman Avropa Şurası tarixində ən böyük səhvini etmiş olar”.
Millət vəkili hesab edir ki, Azərbaycan nümayəndə heyəti Avropa Şurasının hesabatında səslənən ittihamları araşdırıb öz münasibətini bildirəcək.