Mingəçevirdə “kabinet adamı” imici qazanmış Azad Qarayev Gəncədə baş çıxara biləcəkmi?
![](https://i1.wp.com/www.azadliq.info/wp-content/uploads/2019/10/received_773734303058392.jpeg)
Ötən həftə Gəncə şəhərinə yeni prokuror təyin olundu. Baş prokuror Zakir Qaralovun əmri ilə Azad Qarayev Gəncə şəhərinin prokuroru postuna gətirildi.
Xatırladaq ki, A.Qarayev bunadək Mingəçevir şəhərinin prokuroru vəzifəsində çalışıb. O, yeni postda bu günlərdə Azərbaycan Respublikası Baş Prokurorluğunda İstintaqa nəzarət idarəsinin rəisi vəzifəsinə təyin olunan Fazil Həsənəliyevi əvəz edir.
Məlumat üçün bildirək ki, Azad Qarayev ötən əsrin 70-80-ci illərində Azərbaycan Kommunist Partiyası MK-nin rəsmi mətbu orqanı “Kommunist” qəzetinin Mingəçevir şəhərində bölgə müxbiri olmuş Sadıq Qarayevin oğludur. Yaşlı mingəçevirlilərin bu gün də yaxşı xatırladığı ağsaqqal jurnalistin övladı olmasına rəğmən A.Qarayev daim mətbuata qapalı məmurlardan olub.
Ümumiyyətlə, uzun illər Mingəçevir şəhərinin prokuroru postunu tutmuş A.Qarayev elə də xoş reputasiyası, demokratik baxışlarıyla seçilməyib. Əksinə, Mingəçevirdə daha çox “kabinet adamı” kimi ad çıxarıb.
Bu baxımdan Azad Qarayevin Baş prokuror Zakir Qaralov tərəfindən vaxtilə özünün çalışdığı Gəncə şəhərinin prokuroru vəzifəsinə təyin olunması (həm də ölkənin 2-ci şəhəri üçün belə bir ziddiyyətli zamanda) təəccüb və maraq doğurmaya bilməz.
Azər