Mitinqə öz problemlərinizi yazdığınız plakatlarla gəlin!
Bilirsinizmi, ölkədəki bütün problemlərin açarı kütləvi aksiyalardadır? Bunu 19 yanvar mitinqi bir daha sübuta yetirdi. Həmin mitinqdən sonra hakimiyyət təmsilçilərinin xalqın arasına çıxıb nə oyunlar oynadığını xatırlayırsınız? Prezidentin şəhid atasına öz əliylə su içirməsi, bölgələrdə şikayət məktublarını öz əliylə toplaması, vitse-prezidentin küçədə insanlarla bol-bol özçəkim etməsi, baş nazirin müavini Əli Əhmədovla, deputat Siyavuş Novruzovun qocalar evindəki rəqsə çıxması. Təsəvvür edin, bir kütləvi mitinq illərlə qapıları xalqın üzünə çırpanları silkələyib kabinetlərdən çıxardı və sadə insanların ayağına gətirdi. Görün, davamlı aksiyalarla hansı köklü problemləri həll etmək olar! Uzun fasilədən sonra 8 oktyabr aksiyası da hökuməti hərəkətə gətirib. Aksiyadan 10 gün keçməmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bəyan edib ki, gələn ildən əmək pensiyaları minimum 293 manat olacaq. Biz illərdir yorulmadan xalqa bunu izah etməyə çalışırdıq. Yalnız özünə güvəndiyin və inadlı olduğun zaman haqqını ala bilərsən. Yalnız birlik olub, dərdini uca və gur səslə dediyin zaman səni eşidəcəklər. Necə ki, 8 oktyabrda bir evdar qadın çıxıb dərdini hamının eşidəcəyi şəkildə dedi, siz də dərdinizi eyni şəkildə hayqıra bilərsiniz. Sosial şəbəkələrdə həmin qadının hökumət tərəfindən evlə təmin edilməsi müqabilində susub kənara çəkilməsini qınayanlar var. Amma illər boyu yoxsulluq və əzab-əziyyət içində yaşayan bir ailənin ev məsələsi o aksiya hesabına həll olundusa, bunu da uğur sayaq! Ölkəyə böyük bir narazılıq dalğası gəlir. Hakimiyyət tək-tək insanın ev problemini həll etməklə dalğanı yatıracaq gücdə deyil. Aksiyaların məqsədi də ölkədə on illərlə yığılıb qalmış problemləri köklü şəkildə həll etməkdir. Gündəlik problemlərinizi elə evdəcə kağıza yazıb, aksiyaya gəlin!
Onsuz da indi ölkədə ən azı 6-7 milyon insanın həyatı bənzərdir. İşsizlik, ehtiyac, yoxsulluq, evsizlik ölkə insanının ümumi bəlasına çevrilib. Ehtiyacdan övladını məktəbə göndərə bilməyən, kredit borcuna görə evini-eşiyini satan, intihar edən, xəstəlik tapan nə qədər insan var ölkədə.
Bu harın rejimin üzündən mal-mülkü əlindən çıxmış, haqqı yeyilmiş, həyatı darmadağın olmuş milyonlar var ətrafınızda. Torpaqları, obyektləri əlindən alınan, övladlarının təhsil haqqını ödəyə bilməyən, doğmaları həbsxanalarda çürüdülən yüz minlər var. O adamlara uca səslə “yox” deməyin zamanı gəldi. O adamlara yerini göstərməyin məqamı yetişib. 19 oktyabrda öz problemlərin üçün, oğurlanan haqqın üçün, talan olan ölkən üçün, gözəl gələcəyin üçün meydana gəl. Azərbaycan xalqı! Bir yumruq olub birlikdən dirilik doğurmağın zamanıdır!