Polis 43 illik staji olan müəllimi vəhşicəsinə döydülər
Müharibə filmlərini xatırladan 19 oktyabr mitinqində təsirli bir epizod var. 43 ilin riyaziyyat müəllimi Ənvər Ağamalızadənin həbs olunma səhnəsi. İki polisin qəddarlıqla avtobusa sürüdükləri yaşlı adam ətrafdakılara “susma” deyib bağırır. Həmin o Ənvər müəllim sonra avtobusda başına gələnləri belə danışıb: “Avtobusda döşəməyə yıxıb təpiyin altına saldılar. Pencəyimi çəkib başıma keçirmişdilər, başıma, sinəmə, böyrəyimə necə gəldi vururdular. Böyrəyim zədələnib, bədənimdəki qəlpənin üstündən elə vurmuşdular ki, qəlpə qarnıma batmışdı. Avtobus tam dolana qədər mənim kimi adamları gətirib yığıb içəri çırpırdılar. Mən hər dəfə “niyə döyürsünüz” qışqıranda, başıma qapazla vurub oturdurdular yerə. Əlimi cibimə saldım, gördüm cibimdəki 23 manatı çıxarıb götürüblər. Bizi gətirdilər Qobuya, orda düzəngah bir yerdə tökdülər. Tanımadığımız bir yer idi. Məni lağa qoyurdular. Dedim “ay oğul, mən sənin kimi yüzlərlə şagirdi göyərçin kimi göyə uçurdub, arxasınca baxmışam, eyibdir, belə hərəkətlər lazım deyil. Tutmusunuz, yaxşı eləmisiniz, döymək, təhqir etmək nədi, daha elə bil ki, əsirlikdəyəm də.”
Əvvəllər YAP-ın üzvü olub sonra ədalətsizliyə, rüşvətxorluğa etiraz olaraq bəyanatla partiyadan çıxan Ənvər müəllimi onda da incidiblər. Qəzetdə bəyanatı çıxan müəllimi çağırıb deyiblər ki, səni Nəsimi kimi soyarıq, Nargin adasında itirərik. O da YAP-ın vəsiqəsini çıxarıb, öz şəklini kəsib, bileti də həmin adamın üzünə çırpıb çıxıb. “Biz əsl müstəqillik istəyirik, söz azadlığı istəyirik” deyir Ənvər müəllim. Bizim parlamentin müftəxor deputatları onun polis tərəfindən sürüklənmə səhnəsinə baxıbmı görəsən? Baxıb utansınlar bir az! Əgər zərrəcə utanc hissləri qalıbsa, ölkənin qocaman müəlliminə edilən qəddarlığı görüb, başlarını yuxarı qaldırmasınlar heç. Onsuz da o hünərin sahibi deyillər ki, dillərini tərpədib “insanlara qarşı bu qədər vəhşilik qanunsuzluqdur” deyə bilsinlər. O cəsarətləri yox ki, “dinc etirazda yaşlı, gənc, qadın, qız demədən hamını sürüyüb avtobuslara yığmaq hökumətə qarşı yalnız nifrəti artırır” söyləsinlər. Ümumiyyətlə, bu adamların millətin xeyrinə bircə söz dediyini eşidən olubmu? Onların mandatı ancaq xalqın qanı-canı bahasına cah-calal qurub, içində kef çəkməyə xidmət edir. Ölkədəki bu mənzərəni Ənvər müəllim öz sözləri ilə daha təsirli ifadə edib-“xan deputatlar kef edir, müəllimlər döyülür.” Amma onların tifağının da dağılmasına çox qalmayıb. Bu ölkədə Ənvər müəllim kimi dəyərli insanların zamanı gələcək, mütləq gələcək.
Noyabrın əvvəli bizimlə Meydanlarda ol! DİN binasının qarşısında! Axşam vaxtı! Tarix bu gün elan olunacaq!