Əliyev məmurlarını bir-biri ilə vuruşdurmaqdan nə qazanır?
Ölkənin 26 illik Əliyevlər hakimiyyətinin sonunda nədən belə bataqlığa yuvarlanmasının səbəbini bilirsiniz? Bu səbəbin kökündə birmənalı olaraq köhnə düşüncə və məhdud ağıl dayanır. Ata Əliyevi köhnə sovet dövrünün KQB-si yetişdirmişdi və o nə qədər çalışsa da, dünyada gedən yeni trendləri mənimsəmək iqtidarında deyildi. Ona görə də hakimiyyəti xalqın seçim hüququna hörmət etmədən, vərəsəlik yolu ilə oğluna ötürmək yolunu seçdi. Oğul Əliyev isə hakimiyyət başına siyasətin “s”dən anlamayan biri olaraq gəldi. Prezidentlik kreslosuna göydəndüşmə biri kimi gəldiyinə görə, heç bir halda dövlət adamı olmağı da bacarmadı. 16 ildə öz əməlləriylə “kurtka alverçisi” imicindən irəli gedə bilmədi. Ölkənin bütün sərvətlərini “simasız quldurlar partiyası” komandası ilə birlikdə talayıb dağıtdı, neft milyardlarını övladlarının adına keçirib özəlləşdirdi, məmurları harınladıb ölkəni cəngəllik qanunlarının ixtiyarına buraxdı. Xülasə, bunların 26 illik hakimiyyətindən geri qalan bütün insan haqları boğulmuş və yoxsullaşmış bir ölkədir. İndi bu zəngin və gözəl ölkəni diktatura cəhənnəminə çevirən İlham Əliyev durub islahatdan danışır. İqtidar daxilində didişmələr olduğundan gileylənir. Bu ünsürlərin onu işləməyə qoymadığını deyir. Hakimiyyət daxilində klanlarmı var. yoxsa o mifi yaradan sən özünsən, diktator Əliyev?
İlham Əliyev siyasi düşüncəyə yad adam olduğuna görə, onu hər zaman kənar qüvvə təlimatlandırıb. Görünür, primitiv “hakimiyyəti uzun zaman əldə saxlamaq üçün çevrəndəkiləri bir-biri ilə vuruşdurmalısan” texnologiyası onun çox xoşuna gəlib. Adam illərdir bu texnologiyadan bəhrələnib, yüksək çinli məmurları toqquşdura-toquşdura gedir. Bəli, klanlar mifini o özü yaradıb və ya onun üçün yaradıblar. Xatırlayarsınız, indiki komandanın ən normal kadrı hesab olunan Fərhad Əliyevi də o belə intriqaların qurbanı etdi. Kəmaləddin Heydərovla onun arasında münaqişə ocağı yaradıb, sonda F. Əliyevin başını yedi. Bu cütlüklərin davası 16 ildə böyük bir sıralama ilə davam edib. Ən acınacaqlısı isə odur ki, şəxslər arasında olan savaş sonda qurumlar arasında savaşa çevrilib, dövlətçiliyin sütunlarını laxladıb. Hakimiyyət mətbəxində olanlar yaxşı bilir, iki önəmli dövlət strukturunun rəhbərini bir-birinə vuran kim idi? Əliyevin özü.
Ramil Usubov Vs Eldar Mahmudov
Ramil Usubovla Eldar Mahmudovu bir-birinə düşmən edən, sonda birini sıradan çıxarıb kənara atan kim idi? Yenə də diktator Əliyev. Eldar Mahmudovla plan qurub Usubovu tutdurmaq istəyən o özü deyildimi? Ramil Usubov ANS-də o zaman hamsını acdı tökdü… Məlul oldu ki, Haci Məmmədov dəstəsi öz başına deyildi və onların arxasında Heydər Əlieyv dururdu. O, zaman sual verən jurnalistı E. Mahmudov göndərdi ki, R. Usubova problemli sual versin. R. Usubov isə dözmədi və dedi ki, bunu tapşıran Heydər Əliyev idi… Sonra İlham Əliyev Usubovdan əl çəkdi.
Usubovun günahını Mahmudova, Mahmudovun günahını Usubova yükləyərək, aranı qızışdran kim idi bəs? Yenə də Əliyevin özü. Bu oyunların nəticəsidir ki, ölkənin təhlükəsizliyi üçün mühüm önəm daşıyan iki güc strukturun kriminal qruplaşmaların əlində olduğu üzə çıxdı. Bu qruplaşmlara başçılıq edən Hacı Məmmədov və Akif Çovdarovun məhkəməsində üzə çıxan tükürpədici faktları mətbuatdan oxumusunuz.
Bax, ölkə uzun illərdir “tazıya tut, dovşana qaç” prinsipi ilə bu qaydada idarə olunur. Nəticədə uduzan xalq və dövlətdir, çünki bu adamların öz hakimiyyətlərini əldə saxlamaqdan başqa heç bir dərdləri yoxdur. Amma xalq da əvvəlki xalq deyil. Artıq hər kəs hər şeyi gözəl bilir və “məni işləməyə qoymurlar” yalanına kimsə inanmır. Bu diktaturanın davam etməsi ölkə adına həqarət və böyük təhlükədir. O təhlükəni yalnız xalqın iradəsi, yüz minlərin etiraz dalğası önləyə bilər.
Noyabrın əvvəli, axşam vaxtı, DİN binasının qarşısına gəl!