Bəzən deputatların da dilindən doğru söz çıxır, amma onu belə özlərinə sərf edən halda, sərf edən şəkildə deyirlər. Fəzail Ağamalı prezidentin media vasitələri ilə bağlı ittihamına sözardı olaraq bildirib ki, bu vəziyyətin yaranmasının günahı Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundadır (KİVDF). Xatırlayarsınız, İlham Əliyev bəzi hökumət üzvlərinin yeni təyin olunan nazirləri şantaj etdiyini bildirmiş, mətbuat orqanlarının da onların əlində şantaj vasitəsinə çevrildiyini bəyan etmişdi. Ağamalı bu məsələyə fikrini bildirərək deyib: “Şübhəsiz, media sahəsində də ciddi islahatlara ehtiyac var. Düşünürəm ki, bu islahatların həyata keçirilməsi zamanı KİVDF-nin özündə ciddi dəyişikliklər olmalıdır. KİVDF-nin fəaliyyətində şəffaflığı və obyektivliyi təmin etmək olduqca vacibdir. Misal üçün, elə jurnalistlər var ki, onun bir neçə yerdə evi ola-ola KİVDF-dən mənzil alır. Amma evi olmayıb illərdir ki, jurnalistika sahəsində çalışanlar bu imtiyazdan yararlana bilmirlər… Digər tərəfdən hər il dövlət büdcəsindən KİVDF-yə milyonlarla vəsait ayrılır, amma həmin vəsaitlərin xərclənməsi şəffaf şəkildə həyata keçirilmir, bir çox hallarda KİVDF həmin vəsaitləri oxunaqlı KİV-lərə deyil, özlərinə yaxın olan qəzetlərə ayırırlar. Bunlar mənim subyektiv fikirlərim yox, jurnalistlərin söylədikləridir. Bu da faktdır ki, bir sıra adı olan, özü olmayan qəzetlərə KİVDF tərəfindən pullar ayrılır. Bir sözlə, media sahəsində də şəffaflığa və ciddi islahatların aparılmasına ehtiyac var”.
Tənqidin KİVDF tərəfi ilə razıyıq. Bu fondun vəsaitlərinin ölkədə hakimiyyətə trolluq edən ən mənasız mətbuat vasitələrinə ayrıldığını və o vəsaitlərin başında nə oyunlar getdiyini hamı bilir.
Amma Ağamalı elə danışır ki, elə bil nazirləri şantaj edənlərin arasında deputat yoxdur? Axı bu hakimiyyət daxilində gedən didişmələrdə əsas yer alan adamların çoxu həmin deputatlardır elə.
Qruplaşmalarda və cəbhələşmələrdə mütləq tərəf olan deputatların sayı onlarla deyilmi? Parlamentdə hansı deputatın hansı nazirin adamı olduğu, hansı yolla oralara gedib çıxdığını ölkədə bilməyənmi var? Bu deputatlar bircə seçicinin problemi üçün hansısa nazirə telefon açıblarmı? Bircə dəfə onların işini yoluna qoymaq üçün bir nazirə ağız açıblarmı? Açmazlar da, axı mandatın onlara özlərinə lüks həyat qurmaq üçün verildiyini düşünürlər. Deputat statusunu yalnız özlərinə gün ağlamaq üçün daşıdıqlarını hesab edirlər axı. Öz evlərindən, ailələrindən, sülalələrindən başqa kimsə bunların vecinə deyil ki. Xaçmazda şəhid ailəsinin faciəsi ilə özünü reklam edən Eldəniz Səlimovu görmədinizmi? Bu adamlar üçün heç bir müqəddəs dəyər yoxdur. Mediaya da ancaq öz maraqlarını və tərəflərini müdafiə etmək üçün vasitə kimi baxırlar. Fəzail Ağamalı mətbuatla bağlı rüsvayçı faktların olduğunu doğru qeyd edir. Amma illərdir bu rəzalətə niyə susub dururdu? Görəsən deputat nədən bu qədər gec ayılıb və ya belə cəsarətli açıqlamalar etməyə ona kim icazə verib?
Deputatların çayxanasında gəzən söhbətlərə görə, İlham və Mehriban Əliyevlər bu yaxınlarda köhnə qvardiyanı tam məhv edəcəklər. Son dəyişiklər onu göstərdi ki, Parlamentdə gəzən söhbət düz idi-Əliyevlər administrasiyaya nifrət edirlər.