Xanım Əliyeva öz yolunumu təmizləyir?
Hakimiyyətin “islahat” dediyi məsələ, əslində, ailənin yeni bir üzvünə yol açmaq planına hesablanıb. Göründüyü kimi, ortada real islahat -filan yoxdur. Eləcə, Əlinin papağını Vəlinin başına, Vəlinin papağını Əlinin başına qoyub məsələni yola verirlər. Düzdür, vəzifələrə gələn texnokratlar savadlı kadrlardır, lakin sistem hələ dəyişməyib.
Bununla belə, komanda daxilindəki gizli didişmədə tərəflər arasındakı mövqelər də dəyişir. Prezident kürsüsünə çoxdan göz dikən Mehriban Əliyeva yolundakı kol-kosu təmizləmək üçün qollarını çırmayıb ciddi iş aparır. Əslində, onun illərdir düzüb-qoşduğu plan baş tutur. Köhnə qvardiyanın üzvləri yavaş-yavaş ya istefaya göndərilir, ya da onların siyasi proseslərə təsir imkanlarını azaltmaq üçün müəyyən tədbirlər görülür. Xanım Əliyevanın Prezident Administrasiyasındakı komandanı görməyə gözü olmadığını hər kəs bilirdi. O, nəhayət ki, öz arzusuna çatdı. Qocalmış boz kardinalı administrasiyanın başından qaldırıb AMEA-ya göndərməklə yolundakı əsas kötüyü qaldırmış oldu. Vitse-prezident Əliyeva Ramil Usubovu önəmli nazirliyin başından Təhlükəsizlik Şurasına, iki qocaman nazir müavinini də istefaya göndərməklə böyük bir mərhələni arxada qoydu. Amma bununla ölkədə yaxşılığa doğru nə dəyişdi ki? Heç nə. Əliyevanın köhnə qvardiyanı önəmli postlardan təmizləməkdə məqsədi xalqa canıyananlıqdan deyildi axı. Onun əsas niyyəti prezidentlik zirvəsinə gedən yolda öz yolunu açmaq və Paşayevlər klanının əlini möhkəmləndirməkdir. Xanımın köhnə komanda üzvlərindən zəndeyi-zəhləsi gedir və İlham Əliyev də onları bir-bir dənləyib kənara atmağa başlayıb artıq.
Böyük milyardları və lüks həyatı itirmək qorxusu
Köhnə qvardiya gedir, amma yaxşılığa doğru dəyişən heç nə yox, polis rejiminə əsaslanan diktatura maşını olduğu kimi qalır. Təki Samir Nuriyev kimi proqressiv kadrlar bunu dəyişə bilsin. Lakin kimsə xanım Əliyevanın yeni bir sistem quracağını və ya islahlara başlayacağını da xəyal etməsin. O da yaxşı bilir ki, xalq bunların əlindən zara gəlib, kiçik bir mitinq rejimi ayaqda saxlayan hər şeyi dağılıb tökülə bilər. O üzdən prezident kreslosu İlham Əliyevdən Mehriban Əliyevaya çox tez keçməlidir. Əks halda hər şeyi itirə bilərlər. Məsələn, yadınıza gəlirsə avqust ayında diktatorun infarkrt olmasını media yazmışdır. Yayda İlham Əliyevin ürəyində problem var idi və məlum oldu ki, o, bu il ərzində böyük streslərdən keçdi. Qızı Arzunun kürəkəni Səmədlə boşanması, iqtisadi krizis, daxili didişmələr və diqər streslər öz rolunu oynadılar.
Köhnələr yola salınır
Müxalifətin son mitinqlərindəki polis qəddarlığını və müxalif liderlərə orta əsrlər üsul-idarəsi ilə verilən işgəncələri də gördünüz. Kimin kimi əvəzləməsi önəmli deyil. Bu hakimiyyətdə, bu rejimdə, bu düşüncə tərzində hüquqa, qanuna yer yoxdur. Xalqın qanı ilə qidalanan vampir rejimin ən önəmli nümayəndələrindən olan Mehriban Əliyeva bunu heç etməz. Əksinə, onların islahat imitasiyası adına etdiyi hər şey əsas ipləri Paşayevlər klanının əlində cəmləşdirmək, bundan sonra 26 il də yola davam etmək iddiasına hesablanıb. Zarafatınıza gəlməsin, söhbət həm də böyük milyardları və lüks həyatı itirmək qorxusundan gedir. Xanımın iştahası da çox böyükdür, könlündən ciddi xəstəliyi olduğu söylənən ərini əvəzləməsi, sonra da yerinə oğlu Heydəri gətirmək keçir. Bu məqsədləri yolunda onun böyük planları var və yavaş-yavaş köhnə qvardiyanın üzvlərini sıradan çıxarıb siyasi ölülər qəbristanlığına göndərməyi düşünür. Bu yaxınlarda Bəylər Eyyubov, Kəmaləddin Heydərov, Viləyyət Eyvazov və onların köhnəlmiş komandaları yola salınacaq. Elə yerə ki, adamların bir daha hər hansı məsələyə təsir imkanı olmasın.
Qüvvələr nisbətinin dəyişməsi Paşayevlərin qələbəsidirmi?
Ölkədə narazılıq gündən-günə artır, yaxın gələcəkdə xalq etirazları bölgələri də bürüyəcək. Hakimiyyət bu dalğaya necə hazırlaşır? Yalnız polis gücünə o narazılığı yatırmaq mümkün olacaqmı? “İslahata” mane olanların, mətbuata bir-birindən kompromat ötürənlərin savaşı nə qədər davam edəcək? Prezidentin yetmiş yaşlıları yola salmaq istəyinə dirəniş göstərənlərin müqaviməti nə qədər sürəcək? Köhnə qvardiyanın əsas postlardan kənarlaşdırılmasını Paşayevlərin tam qələbəsi hesab etmək olarmı? Xeyr, məsələ heç də göründüyü qədər sadə deyil. Ölkədə də, hakimiyyət daxilində də elə bir gərginlik var ki, heç bir klanın tam qələbəsindən söhbət gedə bilməz. Məsələ yalnız rejimin müxtəlif qanadlarını təmsil edənlərin qüvvələr nisbətinin dəyişməsindən gedə bilər. Amma bu nisbətin dəyişməsi də hələlik heç nə demək deyil. Azərbaycanın yaxın gələcəkdə böyük tarixi hadisələrə səhnə olacağı gözlənilir. Hakimiyyət daxilindəki didişmələrin əsl təfərrüatları da, bax, o zaman üzə çıxacaq. Ölkə önəmli dəyişikliklərə doğru gedir. Bu hadisələrdə hakimiyyətin özünün dəyişməsi məsələsi belə gündəmə gələ bilər.