Azərbaycanda sərbəst toplaşma azadlığının pozulması, polis zorakılığı və işgəncələrlə bağlı Milli Şuranın bəyanatı
Milli Şuranın 19 oktyabr mitinqində kütləvi polis zorkılığı və müxalifət liderlərinə qarşı işgəncələrdən sonra həm Azərbaycan cəmiyyətinin ən müxtəlif təbəqələrindən, həm də beynəlxalq ictimaiyyətdən İlham Əliyev hakimiyyətinə güclü çağırışlar oldu ki, işgəncə faktalrı araşdırılsın, polis zorakılığına son qoyulsun və sərbəst toplaşma azadlığı təmin edilsin. Lakin ötən dövr ərzində aydın göründü ki, Azərbaycan hakimiyyəti nə ölkə ictimaiyyətinin, nə də dünya birliyinin çağırışlarını ciddiyə alıb.
Bu dövrdə nəinki 19 oktyabr aksiyasında baş vermiş polis zorakılığı və işgəncə faktlarının heç biri rəsmən araşdırılmayıb, əksinə, Milli Şura Koordinasiya Mərkəzinin həmin aksiya zamanı fiziki zorakılığa və işgəncəyə məruz qalan, sonra da 30 gün müddətinə inzibati həbs cəzası alan üzvü Tofiq Yaqublu saxlanıldığı təcridxanada DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“bandotdel”) zabiti tərəfindən hədələnib. Tofiq Yaqubludan tələb edilib ki, Milli Şuradan istefa versin və ümumiyyətlə, siyasi fəaliyyətini dayandırsın, yoxsa onu “bandotdel”ə aparıb, yenidən ağır işgəncələr verəcəklər. Tofiq Yaqubludan başqa inzibati həbs cəzası alan bir çox AXCP funksioneri də saxlanıldıqları təcridxanada DİN-dən və ya Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən gəlmiş zabitlər tərəfindən hədələnib və onlardan partiyadan istefa vermək tələb olunub.
19 oktyabr aksiyasına görə saxlanılaraq inzibati həbs cəzası alanların apellyasiya məhkəmələrində şikayətlərinə baxılarkən ilkin instansiya məhkəmələrinin sifarişli qərarları qüvvədə saxlanılıb və hətta 2 nəfərin – AXCP sədrinin müavini Seymur Həzi və AXCP GK İdarə Heyətinin üzvü Nicat Nizamovun həbs müddətləri polisin istəyi ilə iki dəfə artırılaraq, 15 gündən 30 günə qaldırılıb. 19 oktyabrdan ötən dövrdə Milli Şura rəhbərliyinə qarşı sistemli təzyiqlər davam edib. MŞ Koordinasiya Mərkəzinin üzvü, tanınmış hüquqşünas Vidadi Mirkamal mənəvi terrora məruz qalıb, əvvəllər çağırılaraq hədələndiyi “bandotdel” tərəfindən hazırlanan saxta video ilə şantaj edilib. MŞ Kordinasiya Mərkəzinin başqa bir üzvü Gültəkin Hacıbəylinin feysbuk səhifəsi ikinci dəfə rəsmi orqanların təşkil etdiyi kibercinayətkarlıqla ələ keçirilib və onun bütün məlumat bazası silinib,on minlərlə izləyicisi bloklanıb.
Bu dövrdə hakimiyyət sərbəst toplaşma azadlığına münasibətdə də mövqeyinə korrektə etməyib. Yenə də Konstitusiyanın və Sərbəst toplaşma azadlığı haqqında Qanunun müddəalarını pozaraq, Bakının mərkəzində etiraz aksiyalarına imkan verməyib. Konkret olaraq, Müsavat Partiyasının 10 noyabrda şəhərin mərkəzində mitinq keçirmək üçün müraciətinə Bakıdan xeyli uzaq olan Lökbatan qəsəbəsini təklif etməklə, faktiki “yox” deyilib, partiyanın buna etiraz olaraq Bakı Şəhər İcra Hakimiyyəti qarşısında etiraz piketi keçirməsinə də rəsmi razılıq verilməyib və noyabrın 12-də BŞİH qarşısında razılıqsız keçirilən aksiya polisin sərt müdaxiləsi və həbslərlə dağıdılıb.
Bütün bunlar onu göstərir ki, 19 oktyabr mitinqindən sonra Avropa Birliyi, ABŞ-ın Azərbaycandakı səfirliyi, Avropa Şurası, Freedom House, Human Right Wathc və bir sıra başqa təşkilatlatların rəsmi Bakıya ünvanladığı “Sərbəst toplaşma azadlığını təmin edin”, “Polis zorakılığı durdurulsun”, “İşgəncə faktları araşdırılsın” kimi çağırışlar nəzərə alınmayıb. Belə görünür ki, bu çağırışlar Azərbaycan hakimiyyəti üçün yetərli olmayıb.
Ölkə başçısı İlham Əliyevin 12 noyabrda səsləndirdiyi bir fikir isə yerli ictimaiyyətə və beynəlxalq birliyə bu saymazyana münasibətin birbaşa onun özündən qaynaqlandığını göstərir. Belə ki, İlham Əliyev faktiki polis zorakılıqlarına və işgəncələrə haqq qazandıraraq deyib ki: “Son illərdə demokratiyanın inkişafı istiqamətində, insan haqlarının qorunması işində böyük nailiyyətlər əldə edilib”. Bu çıxış bir daha təsdiq edir ki, ölkədə hökm sürən siyasi repressiya, insan haqlarının kütləvi pozulması birbaşa İlham Əliyevin sifarişidir. Bunu həm Azərbaycan xalqı, həm də dünya birliyi nəzərə almalıdır.
Milli Şura ilk növbədə Azərbaycan xalqını kütləvi polis zorakılığı və işgəncə hallarına qarşı hamılıqla etiraz etməyə, eləcə də rəsmi Bakını polis zorakılığı və işgəncə faktlarını araşdırmağa vadar etmək üçün dünya birliyini daha qətiyyətli mövqe ortaya qoymağa çağırır. Milli Şura hesab edir ki, beynəlxalq birlik, xüsusilə ABŞ və Avropa Birliyi Azərbaycanda insan haqlarını pozan, işgəncələrə göstəriş verən və onları həyata keçirən vəzifəli şəxslərə ünvanlı sanksiyalar tətbiq etməlidir. Milli Şura dünya birliyini Azərbaycandakı polis zorakılığını daimi diqqətdə saxlamağa və Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməsini mütəmadi monitorinq etməyə çağırır.